SON XƏBƏRLƏR

Gərginlik fonunda neft 6% bahalaşdı; bazar həyəcan içindədir

2026.02.19, 22:21
Gərginlik fonunda neft 6% bahalaşdı; bazar həyəcan içindədir

Gunaz.tv

ABŞ və İran arasında gərginliyin artması fonunda son iki gündə neftin qiyməti təxminən 6 faiz yüksəlib və qlobal enerji bazarlarında narahatlıq güclənib.

“Reuters”in məlumatına görə, İrana mümkün hərbi müdaxilə ehtimalı fonunda Brent markalı neft çərşənbə günü 4,3 faiz bahalaşıb. Bu artım Cenevrədə keçirilən ABŞ–İran danışıqlarının ciddi irəliləyiş olmadan başa çatmasından sonra qeydə alınıb.

Tehranın son günlər Hörmüz boğazında hərəkəti məhdudlaşdırması qlobal neft təchizatı ilə bağlı narahatlığı artırıb. Dünyada dəniz yolu ilə daşınan neftin təxminən üçdə biri bu boğazdan keçir.

Hörmüzün mümkün bağlanması riskinin qiymətləndirilməsi treyderlər üçün çətin olaraq qalır və bazar hər bir siyasi başlığa həssas reaksiya verir.

Hazırda Brent nefti 65–71 dollar aralığında dalğalanır. Hətta nüvə razılaşması əldə olunsa belə, ziddiyyətli xəbərlər səbəbindən bazarda yüksək volatilliyin davam edəcəyi gözlənilir.

Sanksiyaların yumşaldılması halında İranın 2–3 ay ərzində gündəlik hasilatı 200–300 min barel artırmaq imkanı var. Razılaşma olarsa, ixracın bir hissəsinin Çindən Hindistan və Avropa bazarlarına yönələ biləcəyi ehtimal edilir.

Qiymət artımı və geosiyasi risklər OPEK+ ölkələrini ilin ikinci rübündən etibarən hasilat artımını bərpa etməyə sövq edə bilər.

Hazırda neft bazarı İranla bağlı gərginlik, Ukrayna müharibəsi və OPEK+ qərarlarının birgə təsiri altındadır.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar