SON XƏBƏRLƏR

SEPAH-ın körfəzdə neft tankerinə ölümcül hücumu; bir dənizçi öldü (video)

2026.03.12, 18:46
SEPAH-ın körfəzdə neft tankerinə ölümcül hücumu; bir dənizçi öldü (video)

Gunaz.tv

Məlumatlara görə, ABŞ-la əlaqəli bir neft tankeri körfəzin şimalında hücuma məruz qalıb və hadisə nəticəsində hindistanlı ekipaj üzvlərindən biri həyatını itirib. Bildirilir ki, hücumu həyata keçirənlər hadisədən sonra İran sahilləri istiqamətində qaçıblar.

Neft tankerinin hərəkətini izləyən mənbələrin məlumatına görə, “Safesea Vishnu” adlı tanker körfəzin şimalında hədəfə alınıb. Hadisə zamanı gəmi hərəkətdə olub və onun sol tərəfi zərbə alıb.

Bir tanker izləmə mərkəzinin yaydığı məlumata görə, hücumu həyata keçirən şəxslər fars dilində danışan SEPAH üzvləri olub. Mənbənin bildirdiyinə görə, onlar gəmini vurduqdan sonra şərq istiqamətində – İran sahillərinə doğru uzaqlaşıblar.

Digər məlumatlara görə, hücumdan əvvəl tankerə SEPAH-ın dəniz qüvvələri tərəfindən xəbərdarlıq edildiyi bildirilib, lakin gəminin bu xəbərdarlıqlara məhəl qoymadığı iddia olunur.

Hadisə nəticəsində ekipajın hindistanlı üzvlərindən biri həyatını itirib. Tankerə dəyən zərərin miqyası barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Bu hadisə regionda enerji daşımalarının əsas marşrutlarında gərginliyin artdığı bir vaxtda baş verib. Son günlər Hörmüz boğazı və körfəzin şimalında bir neçə ticarət gəmisinin hücuma məruz qaldığı bildirilir.

Ekspertlər xəbərdarlıq edirlər ki, belə hücumların davam etməsi dünyanın ən mühüm neft nəqli marşrutlarından birində gəmiçiliyin təhlükəsizliyini ciddi şəkildə təhdid edə və qlobal enerji böhranını daha da dərinləşdirə bilər. 

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar