SON XƏBƏRLƏR

Kanadada təxminən 1000 Sepah üzvünün olduğu iddia edilir

2026.03.29, 16:15
Kanadada təxminən 1000 Sepah üzvünün olduğu iddia edilir

“New York Post” qəzetinin məlumatına görə, ekspertlər və siyasi rəsmilər Kanadada İran Sepahı ilə əlaqədə şübhəli bilinən təxminən min nəfərin mövcudluğu ilə bağlı xəbərdarlıq edir və bu şəxslərin ABŞ və onun müttəfiqləri üçün təcili təhlükə yarada biləcəyini bildirirlər.

Gunaz.tv

Kanada parlamentində müxalifət nümayəndəsi və kölgə hökumətinin immiqrasiya naziri Mişel Rempel Qarner bildirib ki, liberal hökumət bu məsələyə yetərincə diqqət ayırmır. O deyib: “Bu böyük bir problemdir və təkcə Kanadanı deyil, bizim müttəfiqlərimizi və təhlükəsizlik tərəfdaşlarımızı da əhatə edir.”

Qarner qeyd edib ki, İran rejimi ilə əlaqəli şəxslər Kanadanın “yumşaq” immiqrasiya siyasətindən istifadə edərək ölkəyə daxil olur və daha sonra sığınacaq müraciəti edərək deportasiya prosesini çətinləşdirirlər. Onun sözlərinə görə, bu sistem ciddi şəkildə islah olunmalıdır.

Eyni zamanda, Filadelfiyada yerləşən Yaxın Şərq Forumu tədqiqat mərkəzinin araşdırmaçısı Co Adam Corc bildirib ki, İranın əsas strateji hədəfi Kanada deyil, ABŞ olaraq qalır. O əlavə edib ki, Tehran Vaşinqtonu “böyük şeytan”, İsraili isə “kiçik şeytan” kimi görür.

O, ABŞ qurumları tərəfindən ələ keçirilmiş şifrəli mesajlara əsaslanaraq qeyd edib ki, İran dünyada “yatmış hüceyrələr” şəbəkəsinə malikdir və ABŞ və İsraillə müharibə başladıqdan sonra bu hüceyrələrin aktivləşdirilməsi üçün siqnal verilmiş ola bilər.

Bu xəbərdarlıqlar 10 mart tarixində Torontoda ABŞ konsulluğuna edilən silahlı hücumdan sonra səsləndirilib. Həmin hadisədə iki silahlı şəxs mühafizə olunan obyektə atəş açıb, lakin itki qeydə alınmayıb. Hələlik hücum edənlərin İran rejimi ilə əlaqəsi olub-olmadığı məlum deyil.

Bundan əlavə, Kral Hərbi Kolleci və Kvins Universitetinin siyasi elmlər professoru Kristian Leuprext bildirib ki, əgər Kanadada yaşayan miqrantlardan biri ABŞ-da terror hücumu həyata keçirsə, Kanada da məsuliyyət daşıya bilər. O vurğulayıb ki, ölkə özünü insan haqlarının müdafiəçisi kimi təqdim etsə də, zorakılıq keçmişi olan şəxslərin ölkəyə daxil olmasına imkan verir.

Kanadanın Sərhəd Xidmətləri Agentliyinin açıqlamasına görə, ölkədə yaşayan 32 iranlı yüksək vəzifəli şəxs müəyyən edilib və potensial deportasiya siyahısına daxil edilib. Onların arasında İranın Sənaye, Mədən və Ticarət Nazirliyində baş direktor müavini olmuş Abbas Omidi də var və hazırda deportasiya prosesi ilə üzləşir.

Həmçinin, İranın Yol və Şəhərsalma Nazirliyində keçmiş baş direktor olmuş Əfşin Pirnun 2025-ci ildə deportasiya qərarı rədd edildikdən sonra ölkədə qalmağa icazə alıb.

Daxili İşlər Nazirliyinin keçmiş sözçüsü Salman Samani barədə deportasiya qərarı çıxarılsa da, hələ icra olunmayıb. Prezident Administrasiyasında elm və texnologiya sahəsində çalışmış Məcid İranmənəş barədə də deportasiya qərarı verilsə də, o hələ də Kanadadadır.

Sina Ərdəşir Laricani, Əli Laricaninin qohumu olduğu bildirilən şəxs barədə də məlumatlar yayılıb, lakin onunla bağlı detallar hələ tam açıqlanmayıb.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar