SON XƏBƏRLƏR

Hörmüzda Hindistan gəmisini vurdu

2026.05.14, 18:32
Hörmüzda Hindistan gəmisini vurdu

Hörmüz boğazında dəniz hücumundan sonra Hindistan gəmisi batdı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Oman sahilləri yaxınlığında Hindistan bayrağı altında üzən bir gəminin partlayaraq batması bölgədə təhlükəsizlik gərginliyini yenidən beynəlxalq gündəmin mərkəzinə gətirib. Dehli bu hadisəni “qəbulolunmaz” adlandırıb.

Hindistan Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, çərşənbə günü, 13 mayda Oman sahilləri yaxınlığında bu gəmiyə edilən hücum qəbuledilməzdir və mülki ticarət gəmilərinin, eləcə də dənizçilərin hədəfə alınması dərhal dayandırılmalıdır.

Dehli həmçinin gəminin heyətinin xilas edilməsinə görə Oman rəsmilərinə təşəkkür edib.

“Vanguard” dəniz təhlükəsizlik şirkəti açıqlayıb ki, “MSV Haji Ali” adlı bu gəmi 54 metrlik taxta yük gəmisi olub və Omanın Lima sahilləri yaxınlığında, Hörmüz boğazının cənubunda baş verən güclü partlayışdan sonra batıb.

Məlumata görə, gəmi Somalilandın Berbera limanından Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərinə heyvan daşıyırmış və ehtimal olunur ki, pilotsuz uçuş aparatı və ya raket hücumuna məruz qalıb.

Hadisə Ərəb körfəzi və Hörmüz boğazında hərbi gərginliyin davam etdiyi bir vaxtda baş verib.

Bu Hindistan gəmisinin partladılması dünyanın ən strateji enerji keçidlərindən birində təhlükəsizliyin daha da zəiflədiyinə dair yeni siqnal kimi qiymətləndirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar