SON XƏBƏRLƏR

İran’da 40 milyon Türk ana dilində təhsildən məhrumkən, hökumət ölkə boyu “Şahnamə evləri” açır

2026.05.16, 21:31
İran’da 40 milyon Türk ana dilində təhsildən məhrumkən, hökumət ölkə boyu “Şahnamə evləri” açır

Gunaz.tv

İran’da milyonlarla qeyri-fars vətəndaşın, o cümlədən 40 milyon Türkün ana dilində təhsil almaq hüququndan məhrum olduğu bir vaxtda, Pezeşkian hökumətinin Plan və Büdcə Təşkilatının sədri Həmid Purməhəmmədi ölkə üzrə “Şahnamə evləri”nin yaradılacağını açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, Plan və Büdcə Təşkilatının sədri bildirib ki, Mədəniyyət və İslami İrşad Nazirliyi, eləcə də Mədəni İrs Nazirliyi ilə əməkdaşlıq çərçivəsində və bu qurumun dəstəyi ilə müəyyən bir qrup üçün geniş təlim proqramı başladılıb ki, onlar şahnaməxanlığı öyrənsin və daha sonra bunu ölkənin bütün vilayətlərində tədris etsinlər.

O bildirib: “Şahnaməxanlıq yalnız müəyyən bir bölgə ilə məhdudlaşmamalıdır.” Həmçinin onun sözlərinə görə, Plan və Büdcə Təşkilatının dəstəyi ilə İranın müxtəlif bölgələrində “Şahnamə evləri” inşa ediləcək.

Bu addımlar Məsud Pezeşkianın Konstitusiyanın 15-ci maddəsinin icrası və ana dilində təhsil vədi ilə hakimiyyətə gəldiyi bir dövrdə atılır. Pezeşkian seçki kampaniyasında bu vədlərlə xüsusilə Azərbaycan toplumunun geniş dəstəyini qazanmışdı.

İran hakimiyyəti illərdir fars dili və ədəbiyyatını təşviq edən qurumlara böyük büdcələr ayırır. İndi isə şahnamə ilə bağlı layihələrin genişləndirilməsi üçün yeni maliyyə resursları ayrılır. Buna baxmayaraq, Konstitusiyanın 15-ci maddəsinin qəbulundan onilliklər keçməsinə rəğmən, qeyri-fars xalqların ana dilində təhsil hüququnun icrasına imkan verilmir və bu istiqamətdəki tələblər təhlükəsizlik məsələsi kimi təqdim edilərək təzyiqlə qarşılanır.

Bundan əlavə, İran hakimiyyəti “Türk Dili və Ədəbiyyatı Akademiyası”nın yaradılmasına da mane olub. Bu təşəbbüs əvvəlcə “Azərbaycan Dili və Ədəbiyyatı Fondu” səviyyəsinə endirilib, daha sonra isə səssiz şəkildə ləğv edilib.

 

GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar