SON XƏBƏRLƏR

Güney Azərbaycanlı gənc edamdan qurtuldu

2026.05.21, 18:15
Güney Azərbaycanlı gənc edamdan qurtuldu

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Xiyavdan (Meşginşəhr) olan Güney Azərbaycanlı vətəndaş Milad Armunun daha əvvəl İran məhkəməsi tərəfindən çıxarılan edam hökmü 5 il həbs cəzası ilə əvəz olunub. Lakin onun vəkili müvəkkilinin tamamilə günahsız olduğunu və bu hökmün də ədalətsiz olduğunu bildirib.

İran məhkəmə sistemi Milad Armunu daha əvvəl daha beş nəfərlə birlikdə 2022-ci il etirazları zamanı Tehranın Əkbatan bölgəsində Arman Əlivərdinin öldürülməsində iştirak ittihamı ilə edama məhkum etmişdi. Lakin İran Ali Məhkəməsi ötən ilin sentyabrında bu iş üzrə altı nəfər haqqında çıxarılmış edam hökmlərini ləğv etmişdi.

İranda fəaliyyət göstərən Emtedad mediası bildirib ki, Tehranın 13 saylı Ağır Cinayətlər Məhkəməsi işə yenidən baxaraq üç təqsirləndirilən şəxsi bəraətə layiq görüb, digər üç nəfəri isə diyə ödəməyə və 5 il həbs cəzasına məhkum edib.

Tehran əyalətinin məhkəmə qərarına əsasən, Milad Armun, Əlirza Kəfayi və Əmirməhəmməd Xoşiqbal “qəsdən adam öldürmədə iştirak” ittihamı ilə tam insan diyəsinin bərabər hissəsini ödəməyə və 5 il həbs cəzası çəkməyə məhkum ediliblər.

Milad Armunun vəkili Məhəmmədhüseyn Ağasi Emtedada deyib ki, müvəkkili “qətldə heç bir iştirak etməyib” və onun haqqında çıxarılan 5 illik həbs hökmü də “yanlışdır”.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar