SON XƏBƏRLƏR

Güney Azərbaycanlı idmançı edam edilə bilər | Hüquq müdafiəçilərindən təcili xəbərdarlıq

2026.05.21, 18:55
Güney Azərbaycanlı idmançı edam edilə bilər | Hüquq müdafiəçilərindən təcili xəbərdarlıq

Güney Azərbaycanlı Qulamrza Xani Şəkərab edam təhlükəsi ilə üz-üzədir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, insan haqları mənbələri bildirir ki, Ərdəbildən olan Güney Azərbaycanlı siyasi məhbus və keçmiş idmançı Qulamrza Xani Şəkərab edam hökmünün icrası təhlükəsi ilə qarşı-qarşıyadır.

34 yaşlı Qulamrza Xani Şəkərab, döyüş (MMA) üzrə keçmiş çempion, beynəlxalq dərəcəli məşqçi və hakimdir. Məlumata görə, o, son günlərdə qəfil şəkildə Tehrandakı Evin həbsxanasının təhlükəsizlik bölməsindən Kərəcdə yerləşən Qızılhisar həbsxanasının təkadamlıq kamerasına köçürülüb. Hüquq müdafiəçiləri bunu edam hökmünün icrasına hazırlıq kimi qiymətləndirirlər.

Məlumata əsasən, Qulamrza Xani Şəkərab Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Əbülqasım Sələvatinin qərarı ilə “casusluq və düşmən dövlətlə (İsrail) əməkdaşlıq” ittihamı ilə edama məhkum edilib. Bildirilir ki, hökm daha sonra İran Ali Məhkəməsinin 39-cu şöbəsi tərəfindən dəyişdirilmədən təsdiqlənib.

İnsan haqları mənbələrinin məlumatına görə, ona istintaq və məhkəmə prosesi boyunca seçdiyi vəkilə çıxış imkanı verilməyib və iş üzrə hökm məcburi etiraflar əsasında çıxarılıb.

Bu azərbaycanlı vətəndaş həbs olunmazdan əvvəl Türkiyədə yaşayırdı. Bildirilir ki, ötən il İraqa etdiyi səfər zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və daha sonra İrana aparılıb.

Bu işlə əlaqədar onun 43 yaşlı qardaşı İsmayıl Xani də siyasi ittihamlarla həbs olunub və hazırda Ərdəbil Mərkəzi Həbsxanasında cəzasını çəkir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar