SON XƏBƏRLƏR

İsrail: Uran ölkədən çıxarılmadan heç bir razılaşma olmayacaq

2026.05.24, 19:27
İsrail: Uran ölkədən çıxarılmadan heç bir razılaşma olmayacaq

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, o və ABŞ prezidenti Donald Tramp şənbə gecəsi baş tutan telefon danışığında İranla mümkün yekun razılaşmanın əsas şərtləri ilə bağlı ortaq mövqedədirlər. Bu şərtlərə İranın nüvə infrastrukturunun sökülməsi və zənginləşdirilmiş uranın ölkə ərazisindən tam çıxarılması daxildir.

Netanyahu X sosial şəbəkəsində yazıb: “Bu, İranın nüvə zənginləşdirmə obyektlərinin sökülməsi və zənginləşdirilmiş nüvə materiallarının bu ölkənin ərazisindən çıxarılması deməkdir.”

Bu açıqlama Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın 60 faiz zənginləşdirilmiş 400 kiloqramdan çox urana sahib olduğunu bildirməsindən sonra gündəmə gəlib. Bildirilir ki, bu materialların bir hissəsi 12 günlük müharibə zamanı hədəfə alınan yeraltı obyektlərdə qalmış ola bilər.

İsrailin baş naziri həmçinin qeyd edib ki, Donald Tramp İsrailin bütün cəbhələrdə, o cümlədən Livanda özünü müdafiə haqqını bir daha dəstəkləyib.

Eyni zamanda, yüksək rütbəli israilli rəsmi AFP-yə bildirib ki, Tramp Netanyahuya açıq şəkildə çatdırıb: İranın nüvə proqramı sökülmədən və bütün zənginləşdirilmiş uran ehtiyatı ölkədən çıxarılmadan Tehranla heç bir yekun razılaşma imzalanmayacaq.

Bu arada Donald Tramp bir neçə saat əvvəl nümayəndələrinə İranla mümkün razılaşma üçün tələsməmək göstərişi verdiyini açıqlayıb. Bu da Vaşinqtonun danışıqlarda sərt şərtlərdən geri çəkilmədiyini göstərir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar