SON XƏBƏRLƏR

Neftin qiyməti yenidən yüksəldi

2026.05.26, 20:48
Neftin qiyməti yenidən yüksəldi

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ-ın İrandakı mövqelərə son hücumlarından sonra çərşənbə axşamı dünya bazarlarında neftin qiyməti yenidən artıb və Hörmüz boğazının açılması ilə bağlı sürətli razılaşma ümidləri zəifləyib.

Fransa Xəbər Agentliyinin məlumatına görə, qlobal neft göstəricisi olan Brent markalı neftin qiyməti 3 faizdən çox artaraq yenidən bir barel üçün 100 dollara yaxınlaşıb.

Bundan bir gün əvvəl İran və ABŞ arasında münaqişənin dayandırılması və Hörmüz boğazının yenidən açılması ilə bağlı mümkün razılaşma xəbərləri neftin qiymətinin 100 dolların altına enməsinə və fond bazarlarında yüksəlişə səbəb olmuşdu.

ABŞ ordusu İranın cənubundakı raket bazalarını və Vaşinqtonun iddiasına görə mina yerləşdirməyə çalışan qayıqları hədəfə aldığını açıqlayıb. ABŞ bu hücumları “müdafiə xarakterli” adlandırsa da, İran bunu atəşkəsin pozulması kimi qiymətləndirib.

Maliyyə bazarlarında Wall Street çərşənbə axşamı məhdud yüksəlişlə açılsa da, Avropa bazarlarında fərqli mənzərə müşahidə olunub və Frankfurtla Paris indeksləri geriləyib. Eyni zamanda dolların dəyəri də artıb.

Analitiklər hesab edir ki, neft qiymətlərində artımın hələlik məhdud qalması bazarların Hörmüz boğazının açılacağına ümidini qoruduğunu göstərir. Lakin gərginliyin davam etməsi və danışıqların nəticəsi ilə bağlı qeyri-müəyyənlik qlobal iqtisadiyyatda ehtiyatlılığı artırır.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar