Məlumatlı mənbələrin bildirdiyinə görə, son günlər bəzi siyasi məhbuslara telefon istifadəsinin qadağan edilməsi də daxil olmaqla bir sıra məhdudiyyətlərin tətbiqindən sonra Təbriz həbsxanasında etiraz mühiti yaranıb. Bu etirazlar sözügedən bölmədəki vəziyyətə və siyasi məhbuslara tətbiq olunan məhdudiyyətlərə qarşı həyata keçirilib.
Məlumatlarda qeyd olunur ki, Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Yürüş Mehrəlibəyli bu etirazlarla əlaqədar Təbriz həbsxanasının xüsusi bölməsinə köçürülüb və hazırda da həmin bölmədə saxlanılır.
Daha əvvəl siyasi məhbuslara yaxın mənbələr xəbərdarlıq etmişdilər ki, əgər Yürüş Mehrəlibəyli ümumi bölməyə qaytarılmasa, onlarla siyasi məhbus aclıq aksiyasına başlayacaq. Hazırda təxminən 60 siyasi məhbus bu aksiyada iştirak edir.
Aclıq aksiyasına qoşulanlar Yürüş Mehrəlibəylinin ümumi bölməyə qaytarılmasını və Təbriz həbsxanasında siyasi məhbuslara qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.
Ş.A