SON XƏBƏRLƏR

İsrail və Livan arasında yeni danışıqlar bu gün Romada keçiriləcək

2026.07.14, 21:38
İsrail və Livan arasında yeni danışıqlar bu gün Romada keçiriləcək

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranla ABŞ arasında gərginliyin yenidən artdığı bir vaxtda, İsrail və Livan nümayəndə heyətləri çərşənbə axşamı İtaliyanın paytaxtı Romada növbəti danışıqlara başlayacaqlar. İclasın dəqiq başlama saatı ictimaiyyətə açıqlanmayıb.

Livan Prezident Administrasiyası bildirib ki, ölkənin nümayəndə heyətinə danışıqlarda ilk növbədə İsrail qüvvələrinin Livan ərazisindəki iki bölgədən dərhal geri çəkilməsini tələb etmək tapşırılıb.

Bu görüş Livan, İsrail və ABŞ arasında imzalanmış çərçivə sazişindən sonra keçirilir. Həmin saziş iki ölkə arasında sülh razılaşmasına zəmin yaratmağı hədəfləyir.

Bundan əvvəl Reuters agentliyi xəbər vermişdi ki, ABŞ-ın dəstəyi ilə tərəflər İsrail ordusunun müharibə zamanı nəzarətə götürdüyü bəzi ərazilərdən geri çəkilməsi və həmin bölgələrin Livan ordusuna təhvil verilməsi planını müzakirə edirlər.

İsrail Livanın yeni tələbinə hələlik rəsmi münasibət bildirməyib. Bununla belə, AFP Tel-Əvivdəki mənbələrə istinadən yazıb ki, İsrail “mərhələli geri çəkilməyə qarşı deyil.”

İsrailin Baş naziri Benyamin Netanyahu isə ABŞ-ın vasitəçiliyi ilə Livanla əldə olunan prinsipial razılaşmanı İsrail üçün “tarixi nailiyyət”, İran və Hizbullah üçün isə “zərbə” adlandırıb.

 


Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar