SON XƏBƏRLƏR

İranda insanlar su almaq üçün milyonlar ödəyir

2026.07.23, 21:20
İranda insanlar su almaq üçün milyonlar ödəyir

Su da Zahidan sakinləri üçün lüksə çevrildi.

Gunaz.tv

Zahidan sakinləri su üçün milyonlarla tümən ödəyir; insanlar ən əsas hüquqlarından məhrum qalırlar. Zahidan, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan ostanının mərkəzidir və Pakistan sərhədinin yaxınlığında yerləşir.

Gunaz TV-nin məlumatına görə, Zahidanda su qıtlığı davam etdiyi bir vaxtda şəhərin bəzi məhəllələrinin sakinləri içməli su təmin etmək üçün evlərindəki su çənini doldurmağa görə 1,5 milyon tümənə qədər vəsait ödəməyə məcbur qalırlar. Maddi imkanı olmayan bəzi ailələr isə günlərlə yalnız bir neçə qab su ilə dolanmağa çalışır.

İLNA xəbər agentliyinin yaydığı məlumata əsasən, Zahidanın bəzi məhəllələrində su təchizatı üç-dörd gün ardıcıl kəsilir. Nəticədə çoxsaylı ailələr gündəlik ehtiyaclarını ödəmək üçün yalnız özəl su tankerlərindən su almağa məcbur olur.

Məlumata görə, evlərin su çəninin hər dəfə doldurulmasının qiyməti 1 milyondan 1,5 milyon tümənədək dəyişir. Bu məbləğ bir çox ailənin ödəyə bilməyəcəyi qədər yüksək olduğundan, insanlar ən əsas yaşayış ehtiyaclarından biri olan suya çıxış imkanını itirirlər.

Zahidan Şəhər İslam Şurasının üzvü Məhəmmədrza Kuçəkzayi də su böhranını təsdiqləyərək bildirib ki, şəhərdə saniyədə təxminən 1000 litr su çatışmazlığı var ki, bu da ümumi tələbatın təxminən üçdəbirinə bərabərdir.

O, Təhlabdan su ötürülməsi layihəsinin və Zaboldan ikinci su xəttinin başa çatdırılmasının gecikməsini, eləcə də paylayıcı infrastrukturun zəifliyini böhranın əsas səbəblərindən biri kimi göstərib. Onun sözlərinə görə, bəzi məhəllələrdə, hətta yanaşı küçələrdə belə su təminatı fərqlənir və bəzi ailələr 72 saata qədər tam susuz qalır.

İçməli suya çıxışın insanların ən fundamental hüquqlarından biri olmasına baxmayaraq, bu vəziyyət İran hakimiyyətinin əsas ictimai xidmətlərin təmin edilməsi və Sistan və Bəlucistan əhalisinin problemlərinin həlli sahəsindəki idarəçiliyinə yönələn tənqidləri daha da artırıb.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar