SON XƏBƏRLƏR

İranın yeni geri addımı: Qadınların motosiklet sürməsinə maneə yoxdur

2026.08.11, 20:38
İranın yeni geri addımı: Qadınların motosiklet sürməsinə maneə yoxdur

İran qadınların motosiklet sürücülük vəsiqəsi almasına yaşıl işıq yandırıb.

Gunaz.tv

İran Daxili İşlər Nazirliyi qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi qarşısındakı hüquqi və dini maneələrin aradan qaldırıldığını açıqlayıb.

İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeyni Vənd çərşənbə axşamı bildirib ki, nazirlik qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsini dəstəkləyir və bunun qarşısındakı hüquqi və fiqh maneələri aradan qaldırılıb.

Zeyni Vənd deyib: “Daxili İşlər Nazirliyinin bu məsələdə mövqeyi müsbətdir, çünki hüquqi maneələr aradan qaldırılıb və bununla bağlı fiqhi rəylər də alınıb.”

O əlavə edib ki, əvvəllər qadınların motosiklet sürməsi ilə bağlı “həssaslıqlar” mövcud idi, lakin hazırda sürücülük vəsiqəsinin verilməsi qarşısında “nə dini, nə də hüquqi maneə” var.

İran Daxili İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib ki, daxili işlər naziri İsgəndər Mömini qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi məsələsini izləyib.

İran son onilliklər ərzində qadınlara motosiklet sürücülük vəsiqəsi verməkdən imtina edib. Lakin motosiklet sürən qadınların sayının artması və onların bu məhdudiyyətə praktiki etirazları ilə əlaqədar qanunların dəyişdirilməsi məsələsi parlamentə çıxarılıb.

Son aylarda isə Tehranın küçələrində bir qrup gənc qadının motosiklet sürməsini əks etdirən videolar sosial şəbəkələrdə geniş diqqət çəkib.

Maneələrin aradan qaldırıldığı açıqlansa da, hazırda sürücülük vəsiqəsi olmadan motosiklet sürən qadınlar sığorta və qanuni müdafiə imkanlarından məhrum qalırlar.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar