SON XƏBƏRLƏR

Kreml Ukraynaya qarşı nüvə silahından istifadəni nəzərdən keçirir

2026.08.26, 21:34
Kreml Ukraynaya qarşı nüvə silahından istifadəni nəzərdən keçirir

Rusiya rəsmiləri Ukraynada taktiki nüvə silahından istifadəni son variant kimi müzakirə edirlər.

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, “Bloomberg” çərşənbə günü Kremlə yaxın üç mənbəyə istinadən xəbər verib ki, sülh danışıqlarında irəliləyiş əldə olunmadığı təqdirdə Rusiya Kiyev və Ukraynanın digər şəhərlərinə ballistik raket hücumlarını gücləndirməyi nəzərdən keçirir.

Mənbələrin bildirdiyinə görə, bəzi Rusiya rəsmiləri Vladimir Putinin Ukraynada taktiki nüvə silahından istifadəsini son variant kimi müzakirə ediblər.

“Bloomberg”in məlumatına görə, Kreml sülh danışıqlarının dalana dirəndiyini və diplomatik irəliləyiş olmadığı halda müharibədə məqsədlərinə çatmaq üçün hərbi təzyiqi artırmaqdan başqa seçimlərinin məhdud olduğunu düşünür.

Son aylarda Ukrayna Rusiyanın neft emalı zavodlarına və nəqliyyat infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücumlarını artırıb. Moskva isə Kiyevin bu hücumlarda NATO ölkələrindən silah və kəşfiyyat məlumatları aldığını iddia edir.

“Bloomberg”in bu məlumatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliffin Moskvaya elan edilməmiş səfəri fonunda yayılıb. Onun Rusiya rəsmiləri ilə görüşlərinə baxmayaraq, müharibənin başa çatdırılması istiqamətində hələlik irəliləyiş əlaməti yoxdur.

 

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar