SON XƏBƏRLƏR

İranda benzin tükənir; hökumət: İdxal edə bilmirik

2026.08.27, 17:30
İranda benzin tükənir; hökumət: İdxal edə bilmirik

Gunaz.tv

İran Prezidentinin icra məsələləri üzrə müavini ölkədə benzin istehsalının tələbatı ödəmədiyini və ABŞ-ın yaratdığı «dəniz blokadası» səbəbindən benzin idxalının mümkün olmadığını təsdiqləyib.

GunAzTV xəbər verir ki, İran Prezidentinin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaimpənah çərşənbə günü bildirib ki, ölkənin daxili benzin istehsalı tələbatı qarşılamaq üçün kifayət etmir və «ABŞ-ın dəniz blokadası səbəbindən benzin idxal edə bilmirik».

Qaimpənah benzin və dizelin qiymətində dəyişikliklərin mümkün olduğunu da bildirib. Lakin bu dəyişikliklərin nə vaxt və hansı həcmdə həyata keçiriləcəyi hələ məlum deyil.

Son günlər İranda, xüsusilə Tehranda bəzi yanacaqdoldurma məntəqələrinin bağlanması və uzun növbələrin yaranması barədə məlumatlar yayılıb.

Son açıqlanan rəqəmlərə görə, İranda sutkada təxminən 115 milyon litr benzin istehsal olunur, istehlak isə 129 milyon litr təşkil edir. Beləliklə, ölkədə gündəlik benzin çatışmazlığı təxminən 14 milyon litrdir.

Bundan əvvəl də İranın enerji rəsmiləri benzin idxalında məhdudiyyətlərin yarandığını və ölkənin yanacaq ehtiyatlarından əhəmiyyətli həcmdə istifadə edildiyini bildiriblər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar