SON XƏBƏRLƏR

Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir

2026.09.28, 18:30
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir

Dəməşq İranla bağlı mövqeyinin 14 illik müharibə və dağıntıların nəticəsi olduğunu bildirir.

Gunaz.tv

Suriya Xarici İşlər Nazirliyinin Afrika-Asiya məsələləri üzrə müşaviri Məhəmməd Əl-Cəffal bildirib ki, Dəməşqin İran siyasətinə münasibəti müvəqqəti siyasi mövqe deyil, 14 il davam edən müharibə, qətllər, məcburi köçkünlük və dağıntılar, eləcə də İranın Bəşər Əsəd rejiminə verdiyi dəstəklə bağlıdır.

Əl-Cəffalın sözlərinə görə, İranın Suriya xalqının deyil, devrilmiş Əsəd rejiminin yanında dayanması böhranı daha da mürəkkəbləşdirib və suriyalıların yaşadığı əzabları artırıb.

Suriya rəsmisi qeyd edib ki, yeni Suriya bütün ölkələrlə açıq münasibət siyasəti yürüdür, lakin keçmişdə baş verənləri və Suriya xalqının hüquqlarını nəzərdən qaçıra bilməz.

Onun sözlərinə görə, İran Suriya ilə yeni münasibətlər qurmaq istəyirsə, Suriyanın suverenliyinə və xalqın iradəsinə hörmət etməli, əvvəlki siyasətinə yenidən baxmalı və qarşılıqlı etimad yaratmalıdır.

Əl-Cəffalın açıqlamasında bəhs edilən “14 il” 2011-ci ildə başlayan və 2024-cü ilin sonunda Bəşər Əsəd hakimiyyətinin devrilməsi ilə yeni mərhələyə keçən Suriya müharibəsi dövrünə aiddir. Münaqişə zamanı yüz minlərlə insan öldürülüb və milyonlarla suriyalı ölkə daxilində və xaricdə didərgin düşüb.

Dəməşq bildirir ki, İranın həmin dövrdə Əsəd hökumətinə verdiyi siyasi və hərbi dəstək iki ölkə arasındakı münasibətlərə bu gün də təsir edən əsas məsələlərdən biridir.

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar