SON XƏBƏRLƏR

50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi

2026.10.02, 19:30
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, 46 ölkə BMT-nin İnsan Hüquqları Şurasında yayımlanan birgə bəyanatla İranda edamların və ölüm hökmlərinin artmasını, xüsusilə etirazçılara qarşı edamların həyata keçirilməsini pisləyib.

Ölkələr yanvar etirazlarından sonra ən azı 31 etirazçının edam edilməsinə diqqət çəkərək, daha onlarla etirazçı barəsində ölüm hökmünün çıxarılmasından dərin narahatlıq ifadə ediblər.

Bəyanatda BMT ekspertlərinin məlumatlarına istinad edilərək, edam cəzasından cəmiyyətdə qorxu yaratmaq, müxalifləri susdurmaq və dinc ifadə və toplaşmaq azadlığının qarşısını almaq üçün istifadə edildiyi bildirilib.

Bəyanatı imzalayan ölkələr həmçinin ədalətli məhkəmə araşdırmalarının aparılmaması, işgəncə, məcburi etiraflar, məcburi yoxaçıxmalar və edamla nəticələnən işlər üzrə təqsirləndirilən şəxslərin hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıq ifadə edərək, edamların dərhal dayandırılmasını tələb ediblər.

BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato da birgə bəyanatı alqışlayaraq, edamların icrasına moratorium tətbiq edilməsinə ehtiyacın heç vaxt indiki qədər təcili olmadığını bildirib.

 

Günaz TV 
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar