SON XƏBƏRLƏR

Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”

2026.10.03, 22:10
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”

Gunaz.tv

“Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari bu dəfə İranın üç hakimiyyət qolunun rəhbərlərini hədəfə alaraq, hicab haqqında yazdığı məqaləni müşavirlərinə deyil, özlərinin oxumasını istəyib.

Şəriətmədari yazısında üç hakimiyyət qolunun rəhbərlərini hicab məsələsində “fəaliyyətsizlik” və hətta “düşmənin rəsmi elan etdiyi məqsədləri qarşısında təslimçilik”də ittiham edib və ölkədə hicabın vəziyyətinə görə cavab vermələrini tələb edib.

O, hakimiyyətin üç qolunun rəhbərlərinə üç sual ünvanlayaraq yazıb: “Təkcə səhlənkarlığa görə deyil, ‘fəaliyyətsizlik’ və düşmənin rəsmi elan etdiyi məqsədləri qarşısında təslimçilik etdiklərinə görə onların hansı cavabı var?! İffət və hicabla bağlı islam və qanuni qırmızı xətləri aşmalarına hansı izah verirlər?! Şəhid imamın dəfələrlə etdiyi tövsiyələrə məhəl qoymamalarını necə izah edirlər?!”

Şəriətmədari həmçinin iddia edib ki, məsul şəxslərin hicab məsələsinə laqeyd yanaşması düşmənlə bir növ “əməkdaşlıq” deməkdir. O, hətta müharibə şəraitinin belə onun dini və hüquqi tələblər kimi təqdim etdiyi qaydaların icrasını dayandırmağa əsas vermədiyini vurğulayıb.

“Keyhan”ın baş redaktoru görünür, ölkədəki çoxsaylı problemlərlə yanaşı, vətəndaşların geyiminə görə də üç hakimiyyət qolunun rəhbərlərinin “Keyhan” qarşısında cavab verməsini gözləyir. Üstəlik, bu dəfə müşavirlərin “tapşırığı” gözdən qaçırmaması üçün məqaləni rəhbərlərin özlərinin oxumasını xüsusi olaraq xatırladıb.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar