SON XƏBƏRLƏR

İstəyirik ki, İranda azərbaycanlılar üçün hər cür şərait yaradılsın- Vahid Əhmədov

2026.10.10, 14:00
İstəyirik ki, İranda azərbaycanlılar üçün hər cür şərait yaradılsın- Vahid Əhmədov

Rusiya və İranın məğlubiyyəti Azərbaycana sərf edər. Çünki İran və Rusiya uzun illərdir Azərbaycan üçün təhlükə mənbəyi olub.

Gunaz.tv

Bunu sabiq millət vəkili Vahid Əhmədov mediaya geniş müsahibəsində deyib.

“İranla bağlı əsas məsələlərdən biri bu ölkədə 30 milyondan çox azərbaycanlının yaşamasıdır. Onlar bizim soydaşlarımızdır. İstəyirik ki, İranda azərbaycanlılar üçün hər cür şərait yaradılsın. Təəssüf ki, hazırda onların ana dilində təhsil ala biləcəyi məktəblər, mədəniyyət müəssisələri və digər imkanlar yoxdur. İran bu istiqamətdə addımlar atmalıdır, amma hələlik bunu etmir. Düzdür, hazırda İran Prezidenti Məsud Pezeşkian müəyyən addımlar atır. Diqqət yetirsəniz, o, Azərbaycan dilində şeirlər söyləyir, mahnılar oxuyur. Ancaq bizim gözləntilərimizə uyğun olan bir sıra məsələlər hələ də həyata keçirilmir.

Digər tərəfdən, Rusiya tarixən Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb. Bu gün də Azərbaycanı öz təsir dairəsində saxlamağa çalışır. Ona görə də bu dövlətlərin zəifləməsi, müəyyən mənada, Azərbaycanın maraqlarına uyğundur. Lakin məsələnin başqa tərəfi də var. Azərbaycanla həm İranın, həm də Rusiyanın geniş iqtisadi əlaqələri mövcuddur. Bu ölkələrlə böyük ticarət dövriyyəmiz, idxal və ixrac əlaqələrimiz var. Bu baxımdan, onların həddindən artıq zəifləməsi iqtisadi münasibətlərimizə də mənfi təsir göstərə bilər. Rusiyanın ən böyük problemi isə onun işğalçılıq siyasətidir. Orada kimin prezident olmasından asılı olmayaraq, Rusiya keçmiş SSRİ dövründə olduğu kimi, 14 respublikanı öz təsiri və nəzarəti altında saxlamağa çalışır. Halbuki bu ölkələr suveren dövlətlərdir, öz konstitusiyaları və rəhbərləri var, müstəqil siyasət yürüdürlər. Ona görə də hesab edirəm ki, bu dövlətlərin müəyyən qədər zəifləməsi Azərbaycanın inkişafına və çiçəklənməsinə xidmət edə bilər”, - V.Əhmədov deyib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar