SON XƏBƏRLƏR

Deputat: Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi...

2026.10.13, 17:10
Deputat: Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi...

Məktəblərdə vahid geyim forması ətrafında təhsil ocaqlarının mübarizə meydanına çevrilməsi, 44 günlük savaş atributu ilə narazılıq elementlərinin qarşılaşdırılması, onlayn platformalarda çarxların, şortların yaradılması, dinimizin meydana gəldiyi dövrün simvolları ilə İmam Hüseyn şəhidliyi elementlərinin birləşdirilməsi, dövlətə, hakimiyyətə, məktəbə və rəhbərliklərə qarşı kampaniyalar təşkil edildi. Burada uşaqların müxtəlif simvollar, geyimlər üzərindən bir ideologiya içərisində olduğu bəlli məsələdir.

Gunaz.tv

GünazTV xəbər verir ki, Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi, onlara yad və zərərli ideyaların aşılanması barədə danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, şübhəsiz ki, öz-özlüyündə milli və bəşəri dəyərlər, humanizm və əxlaqi prinsiplər əsasında övladlarımızın böyüməsi üçün dövlətimizin qayğısı, müəllimlər ordusunun bu prosesə səfərbərliyi bir fakt olaraq ortadadır:

“Ancaq paralel şəkildə, uşaqların psixi və mənəvi inkişafına zərbə vuran, zorakılığı və qəddarlığı təbliğ edən materiallar da geniş yayılmaqdadır. Baxmayaraq ki, qanunvericilik onu qadağan edir. Vicdan azadlığı heç bir halda məktəbi məscidə çevirmək, cəhaləti yaymaq deyil, uşaqları hansısa bir dövrün idealları əsasında elmi maarifçilik proqramlarından, real dərs subyektlərindən çıxarıb, onu fərqli bir inanc üzərində ideoloji hopdurma ilə böyütmək yolverilməzdir. Bir neçə beynəlxalq faktı gətirsək, görəcəyik ki, Yaxın Şərqdə, xüsusilə müsəlman ölkələrindən gedən mücahid legionerlər, müxtəlif terror birləşmələrində iştirak edən muzdlular qeyd etdiyimiz ideologiyaların əhatəsində böyüyən uşaqlardır.

Uşağa çox erkən yaşlarından “sən seçilmişsən”, “digərləri düşməndir”, “qanun deyil, dini liderin sözü əsasdır”, “ölmək qəhrəmanlıqdır”, “xarici siyasi mərkəz sənin üçün əsas rəhbərdir” kimi fikirlər aşılandıqda, o, nəticədə başqa bir ölkənin və ya ideoloji mərkəzin təsiri altına düşə, özünü həmin düşüncə tərzinə uyğun formalaşdıra bilər. Ona görə də mən qətiyyən belə düşünmürəm ki, dini simvollar daşıyan insanlar avtomatik olaraq cəsusluğa və ya ekstremizmə meyilli olurlar. Bizim analarımız, valideynlərimiz öz övladlarını milli ruhda böyüdüblər və onlar Vətən müharibəsində qələbəmizdə mühüm rol oynayıblar. Şübhəsiz ki, onların hər biri apardıqları mübarizənin haqq mübarizəsi olduğuna inanırdı. Ali Baş Komandan da bütün müraciətlərində həmin insanların dəyərlərinə ehtiram göstərib. Şuşa azad olunduqdan sonra orada azan səsinin ucalması və bu hadisənin ölkə rəhbərliyinə məruzə edilməsi də bunun göstəricilərindəndir. Bütün bunlar dini və milli dəyərlərimizə ehtiramla yanaşdığımızı sübut edir.

Ancaq bu məsələdə mütləq vurğulamalıyıq ki, Azərbaycan Ordusu və silahlı qüvvələrimiz şəriət və ya İslam ordusu prinsipləri əsasında formalaşmayıb. Ordumuzun təşkili və idarəetmə sistemi NATO-nun və qabaqcıl beynəlxalq təcrübənin prinsiplərinə uyğundur. Belə bir şəraitdə qeyd edə bilərik ki, yoxsul ailələrdən olan, məktəbdən kənarda qalan və sosial təcridə məruz qalan uşaqlar bu cür proseslərə daha həssasdırlar. Xüsusilə də 2005–2022-ci illər ərzində 105 minə yaxın uşağın bu proseslərə hansısa şəkildə cəlb olunduğu barədə məlumatlar var. Ona görə də maksimum çalışmalıyıq ki, yalnız çağırış və təbliğatla kifayətlənməyək. Uzunmüddətli perspektivdə valideynlər, məktəb, cəmiyyət və hakimiyyət orqanları birlikdə bu istiqamətdə fəaliyyət göstərməlidirlər.

İlk növbədə, dini biliklərin düzgün istiqamətdə öyrədilməsinə diqqət yetirilməlidir. Təəssüf ki, bu gün müqəddəs kitabları təfsir edən müxtəlif ölkələrin fərqli yanaşmaları mövcuddur. Belə bir şəraitdə uşaqlara yönəlmiş proqramların hazırlanması strateji əhəmiyyət daşıyır. FETÖ sistemi və çağdaş təlim şəbəkələrinin təkcə qardaş Türkiyəyə deyil, ölkəmizə də nə qədər ziyan vurduğunu hər birimiz xatırlayırıq. Onların 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd etməsi sübut etdi ki, təhsil sahəsi müxtəlif xarici qüvvələrin strateji hədəfləri sırasındadır. Çünki onlar bilirlər ki, insanların beyinlərinə və düşüncələrinə əkilən toxumlar gələcəkdə nəticə verə bilər. Bu istiqamətdə maksimum çalışmalıyıq ki, azad düşüncəli, savadlı və məsuliyyətli vətəndaşlar formalaşdıraq. Bunun üçün Azərbaycanın yaddaş siyasəti, məktəb proqramlarında qələbəmizin ideologiyasının təbliği, gələcək qalib nəslin yetişdirilməsi, xüsusilə də qız övladlarımızın təhsil və bilik göstəricilərinin artırılması istiqamətində sistemli tədbirlər görülməlidir. Bu, həqiqətən də, gələcək millət quruculuğunun ayrılmaz hissəsidir. Parlament olaraq dövlət strukturları və cəmiyyətimizlə birlikdə bu istiqamətdə çalışmağa hazırıq”.

 

 

Ş.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar