SON XƏBƏRLƏR

“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi

2026.10.18, 21:00
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi

Gunaz.tv

İran futbol çempionatının doqquzuncu turu çərçivəsində “Bəndər Ənzəli Mələvan” və Təbrizin “Traxtur” komandaları arasında oktyabrın 18-də, bazar günü keçirilməsi nəzərdə tutulan oyun ev sahibi komandanın bəzi azarkeşlərinin “Traxtur”un futbolçularına və Azərbaycan türklərinin kimliyinə qarşı təhqiramiz, irqçi və etnik məzmunlu şüarları səbəbindən baş tutmayıb və ləğv edilib.

Görüşün saat 17:00-da Bəndər Ənzəlinin Sirus Qayeqran (Təxti) stadionunda başlaması nəzərdə tutulurdu. Lakin oyundan əvvəl yaranan gərginlik və baş verən insidentlər matçın keçirilməsinə mane olub.

“Traxtur”un futbolçularına və Azərbaycan türklərinin kimliyinə qarşı təhqirlər

Yayılan məlumatlara görə, hər iki komandanın futbolçuları isinmə hərəkətləri üçün meydana çıxdıqları zaman “Mələvan”in bəzi azarkeşləri “Traxtur”un futbolçularına və komandasına qarşı sərt təhqirlər, nalayiq ifadələr, etnik ayrı-seçkilik və irqçi şüarlar səsləndiriblər. Bu şüarlarda Şüca Xəlilzadə və Əlirza Beyranvənd də hədəfə alınıb, Azərbaycan türklərinin milli kimliyinə qarşı təhqirlərə yol verilib.

“Mələvan”in baş məşqçisi Maziar Zareh bir neçə dəfə meydanın kənarına gələrək öz komandasının azarkeşlərini təhqiramiz şüarları dayandırmağa çağırıb. Lakin onun cəhdləri nəticə verməyib.

Daha sonra “Traxtur”un baş məşqçisi Cavad Nekunam, oyunun hakimi Bijan Heydəri və təşkilatçılar problemi həll etmək üçün uzun müzakirələr aparıblar. Buna baxmayaraq, təxminən 30 dəqiqəlik gecikmədən sonra da təhqiramiz şüarların davam etməsi səbəbindən oyunun başlaması mümkün olmayıb.

Nəticədə “Traxtur”un futbolçuları klubun baş icraçı direktoru Höccət Kəriminin göstərişi və klubun sahibi Məhəmmədrza Zünuzinin razılığı ilə meydanı tərk edərək paltardəyişmə otağına yollanıblar. Bundan sonra “Mələvan”in futbolçuları da meydanı tərk edib və oyunun ləğv edildiyi elan olunub.

Azarkeşlər stadiondan çıxarılıb, “Traxtur”un komandası isə polis müşayiəti ilə Bəndər Ənzəlini tərk edib.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar