SON XƏBƏRLƏR

Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır

2026.10.21, 17:33
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır

Gunaz.tv

Fransa prezidenti Körfəz ölkələrinə səfərlərindən sonra Səudiyyə Ərəbistanına gedib; müdafiə və iqtisadi əməkdaşlığın genişləndirilməsi gündəmdədir.

Fransa prezidenti Emmanuel Makron Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərə səfərlərindən sonra Səudiyyə Ərəbistanına gedib.

Yelisey Sarayının məlumatına görə, Körfəz ölkələrinin rəhbərləri ilə görüşlərdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, müdafiə və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji, investisiya, nəqliyyat və süni intellekt məsələləri müzakirə olunub.

Səfərlər çərçivəsində Fransa və Küveyt müdafiə, mülki aviasiya, süni intellekt, investisiya, səhiyyə və elmi tədqiqat sahələrini əhatə edən səkkiz saziş imzalayıblar. Paris və Əbu-Dabi isə müdafiə sahəsində strateji tərəfdaşlığın və hərbi sənaye əməkdaşlığının gücləndirilməsini vurğulayıblar.

Makronun Bəhreyn kralı ilə görüşündə müdafiə əməkdaşlığı, raket istehsalı, pilotsuz uçuş aparatları, enerji və nəqliyyat məsələləri müzakirə edilib. Həmçinin Bəhreynin Fransanın aylıq 100 min ton dizel yanacağı tələbatının ödənilməsində iştirak edəcəyi bildirilib. Tərəflər mülki məqsədlər üçün nüvə enerjisindən istifadə sahəsində də anlaşma memorandumu imzalayıblar.

Qətər rəhbərliyi ilə görüşlərdə isə iqtisadi əlaqələrin, investisiyaların, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın inkişafı, eləcə də regional proseslər müzakirə olunub.

Səfərlərin əsas məqsədi Fransanın Körfəz bölgəsində strateji mövqeyini gücləndirmək, iqtisadi və hərbi əməkdaşlığı genişləndirmək, Yaxın Şərqdəki proseslərlə bağlı Körfəz ölkələri ilə koordinasiyanı artırmaqdır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar