SON XƏBƏRLƏR

BOYKTOÇU MÜXALİFƏT SEÇKİNİN NƏTİCƏSİNİ TANIMADI

2021.10.20, 07:36
BOYKTOÇU MÜXALİFƏT SEÇKİNİN NƏTİCƏSİNİ TANIMADI

Gunaz.tv
BOYKTOÇU MÜXALİFƏT SEÇKİNİN NƏTİCƏSİNİ TANIMADI Prezident seçkisini boykot etmiş Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları, Azərbaycan Naminə İctimai Forumun birləşdiyi Müxalifətin Əməkdaşliq Mərkəzi 15 oktyabr seçkisi ilə bağlı ilkin rəyini açıqlayıb. Rəyin giriş bölümündə deyilir ki, seçkinin azad və ədalətli keçirilməsinə nail olmaq məqsədilə ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti, Avropa Birliyinin və digər nüfuzlu beynəlxalq qurumların Azərbaycan hökumətinə dəfələrlə etdiyi tövsiyələr nəzərə alınmayıb, ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq ölkədə seçkiqabağı şərait azad və ədalətli seçkilərin keçirilməsi üçün minimum tələblərə cavab verməyib. Boykotçu müxalifət rəyin əsas bölümünü seçki prosesinin ayrı-ayrı mərhələləri üzrə qruplaşdırıb. Seçkiqabağı mühit Ötən prezident seçkisindən sonra müxalifət partyalarının sərbəst fəaliyyətinə maneələr törədilib, bir sıra partiyaların və mətbuat orqanlarının (Müsavat, AXCP, «Azadlıq» qəzeti, «Turan» İnformasiya Agentliyi) qərargahları əlindən alınıb, bu qurumların fəaliyyət şəraiti administrativ müdaxilə nəticəsində pisləşib. Vətəndaşların sərbəst toplaşma hüququ, demək olar ki, ləğv edilib. 2005-ci il parlament seçkilərindən sonra müxalifət partiyalarının, ictimai təşkilatların yürüşlər, mitinqlər, piketlər keçirmək üçün yerli icra hakimiyyəti strukturalarına müraciətləri rədd edilib. Bir çox halda siyasi partiyaların öz təşkilati yığıncaqlarının keçirilməsinə polis müdaxiləsi yolu ilə imkan verilməyib. Müstəqil mətbuat təzyiq və təqiblərlə üzləşib. Bəzi populyar müstəqil qəzetlər hakimiyyət strukturlarının təzyiqi altında bağlanıb, 10-dan artıq müstəqil jurnalist həbs edilib. 3 tanınmış jurnalist (onlardan 2-si aparıcı müxalifət qəzetlərinin baş redaktorlarıdır) hələ də həbsdədir. Azərbaycan ictimaiyyətinin və Avropa Şurasının tələbləri ilə yaradılmış İctimai Televiziya ölkədə siyasi plüralizmi təmin etmək əvəzinə faktiki olaraq ölkədə mövcud olan digər televiziya kanalları kimi daha çox hakimiyyəti təbliğ etmək və kommersiya fəaliyyəti ilə məşğuldur. Ölkədə fəaliyyət göstərən siyasi və ictimai təşkilatların, beynəlxalq qurumların ardıcıl və uzunmüddətli səylərinə baxmayaraq ölkədə siyasi məhbus problemi həll edilməyib. Seçki qanunu Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasən yerinə yetirilməyib. Seçki komissiyalarının formalaşması qaydası və müşahidənin təşkili ilə bağlı olan qüsurlar yerli siyasi və ictimai təşkilatların, o cümlədən beynəlxalq qurumların təkidlərinə baxmayaraq aradan qaldırılmayıb. Bunun nəticəsində MSK da daxil olmaqla bütün seçki komissiyaları həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında olaraq qalıb. Seçki kampaniyası ərəfəsində Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri ölkənin aparıcı siyasi qüvvələri və bir sıra beynəlxalq təşkilatlar neqativ dəyişikliklər kimi dəyərləndirib. Belə ki, seçki kampaniyası dövrünün 120 gündən 75 günə, təbliğat kampaniyası dövrünün isə 60 gündən 28 günə endirilməsi, prezidentliyə namizədlərin televiziya vasitəsilə təkbaşına birbaşa çıxışlarının ləğv edilməsi, təşviqat materiallarının yayılmasının məhdudlaşdırılması, namizədlərin qeydə alınmasının qarantiyası olan seçki depozitinin qoyulması qaydasının qanundan çıxarılması və digər dəyişikliklər hakimiyyət namizədinin alternativi olan namizədlərin təbliğat imkanlarının ciddi surətdə məhdudlaşdırılmasına şərait yaradıb. Təbliğat kampaniyası Bərabər hüquqlu təbliğat imkanları prinsipi kobud sürətdə pozulub. Bütün seçki kampaniyası dövründə ölkədə fəaliyyət göstərən televiziya kanallarının əksəriyyəti hakimiyyətin namizədinin təbliği, müxalifətə qarşı təbliğat, təhqir və böhtanlarla məşğul olub. Ölkənin dövlət kanalında hər hansı bir namizədin təbliğat kampaniyasının aparılması qadağan edilsə də, ölkə başçısının fəaliyyətinin təbliğinə həsr olunmuş çoxsaylı və uzunmüddətli verilişlər həmin televiziya kanalını faktiki olaraq hakimiyyət namizədinin təbliğat ruporuna çevirib. Özəl televiziya kanallarının əksəriyyəti seçki kampaniyasında bu və ya digər şəkildə iştirakdan imtina etdiklərini bildirməklə digər namizədlərin hüquqlarını pozub, ənənələrinə uyğun olaraq dövlət başçısının və hakimiyyətin siyasətinin təbliğatını davam etdirib. ANS kanalında bütün namizədlərin fikirlərinin cəmiyyətə çatdırılması üçün ayrılan vaxt çox məhdud olub. Seçki Məcəlləsinin və beynəlxalq hüququn tələblərinə rəğmən administrativ resurs seçki kampaniyasında hakimiyyət namizədinin müdafiəçisi kimi fəal iştirak edib. Seçki günü Seçki Məcəlləsinə uyğun olaraq ölkə ərazisində 125 seçki dairəsi, 5359 seçki məntəqəsi yaradılıb. Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan təşkilatların seçki məntəqələrində seçkiləri müşahidə edən çoxsaylı nümayəndələrinin verdiyi məlumata əsasən, seçki günü qanun pozuntuları və saxtakarlıqlar davam etdirilib. Seçki məntəqələrində səsvermə başlamazdan əvvəl seçki bülletenləri müşahidəçilərin nəzarəti altında sayılmayıb və bu barədə akt tərtib edilməyib. Seçicilərin seçki məntəqələrinə icra hakimiyyəti strukturları işçilərinin nəzarəti altında avtobus və digər minik maşınlarında gətirilməsi kütləvi hal alıb. İcra hakimiyyəti və bələdiyyə strukturları ölkənin bütün ərazisində «karusel» metoduyla ayrı-ayrı seçici qruplarının bir neçə seçki məntəqəsində səs verməsinə təşkil ediblər. Bir sıra seçki məntəqələrində müşahidəçilər üçün seçici siyahılarına imzaların atılması, seçiciyə seçki bülleteninin verilməsi və seçki bülleteninin seçki qutusuna atılması prosesinin müşahidə edilməsi mümkün olmayan ayrıça yerlər ayrılıb. İctimai təşkilatlar adından «exit-poll» aparan şəxslər müəllimlər və mənzil-istismar idarəsinin işçiləri olub (Xətai, Yasamal və s.). Seçkilərdən xeyli əvvəl çağırışçı yaşında olan gənclərin hərbi çağırışı həyata keçirilsə də, seçki gününədək hərbi xidmətdən tərxis olunmaları təxirə salınmış əsgərlərin yalnız səs verdikdən sonra evə buraxılmasına göstəriş verilib. Müxalifətin Əməkdaşlıq Mərkəzi bütün göstərilənləri nəzərə alaraq prezident seçkisinin azad və ədalətli olmadığını bildirir, hakimiyyəti qeyri-legitim hesab edir. «Media forum»

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar