SON XƏBƏRLƏR

Məhəmməd Səlasın vəkili həbs edilib

2021.10.20, 07:36
Məhəmməd Səlasın vəkili həbs edilib

Gunaz.tv

GünAzTV: İranda iki gün əvvəl edam edilmiş dərviş Məhəmməd Səlasın vəkili Zeynəb Tahiri həbs edilib.

 

Yayılan məlumatlara əsasən, Zeynəb Tahiri iyunun 19-da Tehran inqilab məhkəməsinə çağırılaraq, ictimai rəyi çaşdırmaqda günahlandırılaraq həbs edilib. Müvəkkilinin əsassız ittihamlarla edam olunduğuna etiraz bildirən vəkil, iyunun 18-də sosial şəbəkələrdə yazı paylaşaraq, Məhəmməd Səlasın günahsız olduğunu sübut edən sənədləri yaxın günlərdə ifşa edəcəyini açıqlamışdı. Vəkil, məhz həmin açıqlamasından sonra həbs edilib.

 

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert iyunun 19-da “Twitter” səhifəsində yaydığı bir postda, vəkil Zeynəb Tahirinin həbs olunmasının ciddi nigaranlığa səbəb olduğunu açıqlayıb: “Amerika hökuməti, yenicə edam edilmiş dərviş Məhəmməd Səlasın vəkili, xanım Zeynəb Tahirinin ictimai fikri çaşdırmaqda günahlandırılaraq həbs olunması ilə bağlı yayılan xəbərlərdən nigarandır. Biz, vəkilin dərhal azadlığa buraxılmasını və İran rejiminin Qonabad dərvişlərinə qarşı təzyiqinə son qoyulmasını tələb edirik”.

 

 

Xatırladaq ki, dörd ay əvvəl Tehranda hökumət qüvvələrinin dərvişlərin dinc etirazına kobud müdaxiləsində həbs edilən və 3 polis əməkdaşının qətlində günahlandırılaraq qisasa məhkum edilən dərviş Məhəmməd Səlas, iyunun 18-də Kərəcin Rəcayişəhr zindanında dara çəkilib.

 

Vəkil Zeynəb Tahiri, iyunun 17-də “Twitter” və “Teleqram” sosial şəbəkələrində yaydığı bir neçə postda müvəkkilinin günahsız olduğunu bildirərək, ona qarşı irəli sürülən ittihamların əsasız olduğunu bildirmişdi: “Mən uzun illər vəkillik etdiyim üçün qəti şəkildə və tam əminliklə bildirərəm ki, müvəkkilim günahsızdır. Bunu sübut etmək üçün əlimdə kifayət qədər dəlil-sübutlar var. Lakin müvəkkilimə qarşı edilən bu qədər zülmün, onun tələm-tələsik edam olunması üçün göstərilən cəhdlərin səbəbi mənə aydın deyil”.

 

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı dinc dərvişlərin hökumət qüvvələri tərəfindən vəhşicəsinə döyüldüyünü görən naməlum bir şəxs, küçədə dayanmış bir avtobusu əli dəyənəkli hüquq-mühafizə əməkdaşlarının üstünə sürüb. Nəticədə, 3 polis və 1 “Bəsic” muzdlusu ölüb.  

 

Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələri iddia edir ki, dərviş Məhəmməd Səlas, polislərin üstünə sürülən həmin avtobusun sürücüsü olub. O isə bunu təkzib edərək, dəfələrlə işgəncələr altında ondan yalançı etiraflar alındığını bildirmişdi.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar