SON XƏBƏRLƏR

İbrahim Nuri Ali Məhkəməyə müraciət edərək dosyesinə yenidən baxılmasını istəyib

2021.10.20, 07:36
İbrahim Nuri Ali Məhkəməyə müraciət edərək dosyesinə yenidən baxılmasını istəyib

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri dosyesinə yenidən baxılması üçün məktub vasitəsi ilə Ali Məhkəməyə müraciət edib.

 

Azərbaycanlı fəal hazırda Evin zindanının 7-ci korpusunda məhkum edildiyi 6 aylıq həbs cəzasını çəkməkdədir.

 

Əhərli fəalın noyabrın 26-da İranın Ali Məhkəməsinə məktub ünvanladığı bildirilir.

 

Fəalın məhkum edildiyi 6 aylıq həbs cəzası 2016-cı ilin Rəməzan ayının son cümə günündə (İranda Qüds günü adlanır) keçirilən aksiyalarla bağlıdır. İbrahim Nuri aksiyada İranın dünya müsəlmanlarına fərqli münasibət bəslədiyinə etiraz edərək uyğur və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O məhkəmədə “sistemə müxalif olan təşkilat və qrupların xeyirinə olaraq islam cümhuriyyətinə qarşı təbliğat aparmaq” ittihamı ilə mühakimə olunub və 6 ay həbs cəzasına məhkum edilib. Fəalın barəsində çıxarılan həbs hökmü sonralar Apelyasiyas Məhkəməsində olduğu kimi qüvvədə saxlanılıb.

 

Bundan əlavə, azərbaycanlı fəal 2015-ci il noyabrın 12-də məlum təhqiramiz “Fitilə” verilişinə etiraz etdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. O həmin dosye ilə əlaqədar Əhər İnqilab Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən “ölkənin təhlükəsizliyinə qarşı sözləşmə və toplaşma”da ittiham olunaraq 10 ay həbs cəzasına məhkum edilib. İbrahim Nuri və Əkbər Əbulzadənin hər birinin 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, Murtaza Şükri və İsrafil Fətullazadənin hər birinin 7 ay həbs cəzasına məhkum edildiyi hökm sonralar Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

İbrahim Nuri həmin məhkəmə hökmü ilə əlaqədar ölkənin Ali Məhkəməsinə müraciət edib, məktubun bir nüsxəsi isə İslam Şura Məclisinin 90-cı Maddəsi Komissiyasına göndərilib.

 

Azərbaycanlı fəal türklərin təhqir edildiyi məlum “Fitilə” televiziya verilişinə qarşı etiraz aksiyalarına qatıldığının qanuna uyğun olduğunu bildirərək bu əmələ görə 10 ay həbs cəzasına məhkum olunduğuna etiraz bildirib. Fəal məhkəmə prosesi zamanı həbsdə olduğunu və özünü müdafiə edə bilmədiyini, Bəsic Qərargahının onun etiraz aksiyaları ilə bağlı bildiriş yaydığına dair raportunun həqiqəti əks etdirmədiyini, keçirilən yığıncaqların qanun çərçivəsində olduğunu və s. kimi məsələləri xatırladaraq dosyesinə yenidən baxılmasını və barəsində ədalətli qərar çıxarılmasını tələb edib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar