GünazTV xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat paylaşıb.
Fidan vurğulayıb ki, Amerika istisna olmaqla, Avropa və NATO daxilindəki bütün əsas aktorlar tədbirdə iştirak edirdi. Türkiyənin həm Ukraynadakı mümkün sülh razılaşmasında, həm də Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm rolu olduğunu qeyd edib.
Fidanın sözlərinə görə, Türkiyə Ukrayna müharibəsinin sülh yolu ilə həllində fəal rol oynamağa və tərəflər arasında dialoqu təşviq etməyə davam edəcək. O, həmçinin Avropa təhlükəsizlik sisteminin yenidən qurulması məsələsində də Ankaranın mühüm töhfələr verəcəyini bildirib.
Toplantıda Ukraynaya dəstəyin davam etdirilməsi, müdafiə strategiyaları və regionun gələcəyi ilə bağlı məsələlər müzakirə olunub. Türkiyənin bu prosesdə diplomatik və strateji missiyasının getdikcə daha vacib hala gəldiyi vurğulanıb.
Qeyd edək ki, Türkiyə müharibənin əvvəlindən etibarən Rusiya və Ukrayna arasında vasitəçilik etməyə çalışan əsas ölkələrdən biridir və xüsusilə taxıl sazişi kimi mühüm diplomatik proseslərdə önəmli rol oynayıb.
Ş.E