SON XƏBƏRLƏR

Tehran metrosunda sərnişinlərin telefonları yoxlanılır

2026.11.24, 21:43
Tehran metrosunda sərnişinlərin telefonları yoxlanılır

Tehran metrosunda sərnişinlərin mobil telefonları yoxlanılıb, onlardan telefon şifrələrini açıqlamaq tələb olunub.

Gunaz.tv

Siyasi fəal Mehdi Mahmudiyan Tehran metrosunun Dövlət stansiyasında təxminən 10 nəfərlik bir qrupun bir sıra sərnişinlərin mobil telefonlarını yoxladığını bildirib.

Mahmudiyanın sözlərinə görə, həmin şəxslər sərnişinləri təsadüfi şəkildə saxlayaraq telefonlarının şifrələrini verməyə məcbur ediblər. Daha sonra telefonlardakı Instagram hesablarını və yaddaşda saxlanılan fotoları yoxlayaraq cihazları sahiblərinə qaytarıblar.

Mahmudiyan “Xəbəranəha” adlı Telegram kanalında yazıb ki, saxlanılan sərnişinlərdən biri də özü olub. Onun sözlərinə görə, həmin şəxslər telefonunu yoxladıqdan və bir neçə sual verdikdən sonra cihazı geri qaytarıblar. Mahmudiyan bildirib ki, telefonunda aktiv olan yeganə mesajlaşma və sosial şəbəkə tətbiqi WhatsApp olub.

Siyasi fəal bu addımı vətəndaşların şəxsi həyatına müdaxilə və qorxu yaratmaq vasitəsi kimi qiymətləndirib. O yazıb ki, bu üsul uzun illər siyasi və ictimai fəallara, eləcə də jurnalistlərə qarşı tətbiq olunub və indi vətəndaşların gündəlik gediş-gəlişinə də şamil edilir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar