Gunaz TV-nin “Dadban”ın instaqram səhifəsinə istinadən verdiyi məlumata görə, İranda ümumxalq etirazları zamanı etirazçılara qarşı zorakılığın artması, habelə çoxsaylı ölüm və kütləvi saxlanmalarla bağlı yayılan məlumatlardan sonra bir qrup hüquqşünas və vəkil beynəlxalq ictimaiyyəti bu məsələyə müdaxilə etməyə və İran xalqının müdafiəsi üçün praktiki addımlar atmağa çağırıb.
Hüquqşünaslar “Qoruma məsuliyyəti” prinsipinə istinad edərək bildiriblər ki, beynəlxalq hüququn qəbul olunmuş normalarına əsasən, dövlətlər öz əhalisini ağır cinayətlərdən, o cümlədən insanlığa qarşı cinayətlərdən və təşkilatlanmış zorakılıqdan qorumağa borcludur. 2005-ci ildə BMT Baş Assambleyasında qəbul edilən bu prinsip suverenliyi təzyiq aləti deyil, birbaşa məsuliyyət kimi müəyyən edir.
Onların sözlərinə görə, əgər bir hökumət vətəndaşlara qarşı zorakılığın əsas icraçısına çevrilirsə və ya əhalini qorumaq iqtidarında deyilsə, mülki şəxslərin müdafiəsi məsuliyyəti beynəlxalq səviyyəyə keçir. Belə hallarda beynəlxalq ictimaiyyət zorakılığın davamının qarşısını almaq və genişmiqyaslı insan hüquqları pozuntularını dayandırmaq üçün qanuni və legitim mexanizmlər vasitəsilə hərəkətə keçməlidir.
Hüquq üzrə mütəxəssislər vurğulayıblar ki, “Qoruma məsuliyyəti” çərçivəsində görülən tədbirlər mütləq hərbi müdaxilə demək deyil. Bu çərçivə diplomatik və siyasi təzyiqlər, hədəfli sanksiyalar, faktaraşdırıcı mexanizmlərin yaradılması, qurbanlara dəstək və zorakılığa görə məsul şəxslərin beynəlxalq səviyyədə cinayət təqibinə cəlb olunması kimi müxtəlif vasitələri əhatə edir.
Hüquqşünasların fikrincə, İranda mövcud vəziyyət “Qoruma məsuliyyəti” prinsipinin tətbiqi üçün aydın nümunə yaradır və etirazçılara qarşı zorakılıq artıq yalnız daxili məsələ deyil, beynəlxalq böhran kimi qiymətləndirilməlidir. Onlar qeyd ediblər ki, bu cür hadisələr qarşısında susqunluq bitərəflik deyil, insan hüquqları pozuntularının davamına razılıq deməkdir.
C