SON XƏBƏRLƏR

Milad Armun və Nəvid Nəccaranın edam hökmünün yaxın saatlarda icra olunması təhlükəsi

2026.11.24, 20:36
Milad Armun və Nəvid Nəccaranın edam hökmünün yaxın saatlarda icra olunması təhlükəsi

Gunaz.tv

“Ekbatan” işi üzrə vəkillərə göndərilən bildirişlərə əsasən, Tehran etirazları zamanı həbs edilən 27 yaşlı Ərdəbil Güneyli Milad Armun və 34 yaşlı Əhvaz şəhrindən olan Nəvid Nəccaranın edam hökmlərinin 2026-cı il noyabrın 25-i, çərşənbə günü səhər saatlarında Qızılhisar həbsxanasında icra olunması nəzərdə tutulur. Halbuki bu iki məhbusun vəkillərinin verdiyi işə yenidən baxılması barədə müraciətin nəticəsi hələ açıqlanmayıb.

Milad Armunla bağlı göndərilən bildirişdə Tehran prokurorluğunun Cinayət Hökmünün İcrası İdarəsinin müstəntiqi edam hökmünün çərşənbə günü səhər Qızılhisar həbsxanasında icra olunacağını bildirib.

Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi, hakim Əbülqasim Səlavatinin sədrliyi ilə Armun və Nəccaranı “yer üzündə fəsad törətmək” ittihamı ilə edam cəzasına məhkum edib. Halbuki Birinci Cinayət Məhkəməsi daha əvvəl hər iki şəxsi Bəsic qüvvələrinin üzvü Arman Əli Vərdinin qəsdən öldürülməsi ittihamından bəraətə layiq görmüşdü.

Nəccaranın vəkillərinin bildirdiyinə görə, o, bıçaqla zərbə endirməkdə ittiham edilərək edam cəzasına məhkum olunub. Lakin istintaq mərhələsində bu ittihamdan bəraət alıb və Birinci Cinayət Məhkəməsində də bıçaqla qətl törətdiyi sübuta yetirilməyib.

Milad Armunun vəkilləri isə bildirirlər ki, o, nə bıçaqdan istifadə edib, nə də üzərində soyuq silah olub. Onların sözlərinə görə, Armun məhkəmə prosesində yalnız iki dəfə təpik vurduğunu etiraf edib və həmin zərbələrin Əli Vərdinin bədəninə dəyib-dəymədiyi də məlum deyil.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar