Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko, Rusiya Prezidenti Vladimir Putinin hərbi geyimdə görünməsi və “bufer zonası” barədə danışmasını yeni təhdidlərin siqnalı kimi qiymətləndirib.
“Putin yenidən təhdid dilində danışmağa başlayıb. O, hərbi geyimdə çıxış edərək, guya sərhəd təhlükəsizliyi adı altında Ukraynaya qarşı yeni planlar qurur. Amma əslində Kursk vilayətindəki uğursuzluqları onun üçün şəxsi alçalma hesab olunur. İndi Putin ABŞ-la danışıq öncəsi gərginliyi artırmaq və təzyiq göstərmək üçün yeni siyasi oyun oynamağa çalışır”, – deyə Kovalenko bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ rəsmilərini Rusiyaya etibar etməməyə çağırıb. O, Moskvanın əvvəllər də atəşkəs və sülh sazişlərini pozduğunu xatırladıb. Lakin Tramp Zelenskinin bu narahatlıqlarını nəzərə almır, o, Ukraynanın təhlükəsizliyinin təmin ediləcəyinə söz verib. Tramp Putinin başqa seçiminin olmadığını qeyd etsə də, bunun necə baş verəcəyinə dair detalları açıqlamayıb.
Qeyd edək ki, son aylarda Ukrayna ordusunun sərhəd boyunca Rusiya mövqelərinə dəqiq zərbələri Kursk vilayətində Moskva üçün ciddi problemlər yaradıb. Analitiklər hesab edir ki, Kreml “təhlükəsizlik zonası” terminini irəli sürməklə əslində Ukraynaya qarşı yeni hücumlar üçün zəmin hazırlamaq niyyətindədir.
Ş.E