SON XƏBƏRLƏR

ABŞ qüvvələri İran ətrafında; Tramp: İran danışıqlar aparmaq istəyir

2026.01.27, 06:01
ABŞ qüvvələri İran ətrafında; Tramp: İran danışıqlar aparmaq istəyir

Gunaz.tv

Axios nəşri ABŞ Prezidenti Donald Trampın açıqlamalarına istinadən yazıb ki, Vaşinqton İran ətrafında “genişmiqyaslı hərbi qüvvə” yerləşdirdiyi bir vaxtda, Tehran eyni zamanda ABŞ-la razılaşma və danışıqlara hazır olduğunu göstərir.

Nəşrin müxbiri Barak Ravidin məlumatına görə, Tramp onunla söhbətində bildirib ki, hazırda İranın ətrafında yerləşdirilən hərbi qüvvələrin həcmi əvvəl Venesuela ətrafında qurulan hərbi mövqelərdən xeyli böyükdür. Bununla belə, ABŞ Prezidenti qarşı tərəfin danışıqlar yolunu açıq saxladığını vurğulayıb.

Bu məlumat ABŞ ordusunun Avraam Linkoln aviadaşıyıcısının zərbə qrupunun Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olduğu bir vaxtda yayılıb. Sözügedən bölgə İranı da əhatə edir.

ABŞ rəsmiləri daha əvvəl də, İranda baş verən son etirazlardan öncə, Vaşinqtonla Tehran arasında birbaşa təmaslar üçün müəyyən zəminin formalaşdırıldığını bildirmişdilər.

Ötən həftə isə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İsveçrənin Davos şəhərində keçirilən iqtisadi forumda, İranın xarici işlər naziri Abbas Araqçi ilə kənar görüş gözlədiyini açıqlamışdı.

Lakin Davos forumunun təşkilatçıları, İranda etirazların sərt şəkildə yatırılmasından sonra Araqçinin bu toplantıya dəvətini geri götürüblər.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar