SON XƏBƏRLƏR

İrəliləyiş ehtimalı var

2021.10.20, 07:36
İrəliləyiş ehtimalı var

Gunaz.tv
Novruz Məmmədov: "Ermənistan o qədər məkrli, ikiüzlü, riyakar, yalan addımlarla hərəkət edir ki, ona arxalanıb, dəqiq bir proqnoz vermək olmur" Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Trend-News"a açıqlamasında bildirib ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı bir sənədin imzalanması prinsip etibarilə ehtimal oluna bilər: "Amma konkret nəsə demək üçün bütün tərəflərlə bağlı mövqeni yaxşı təhlil etmək lazımdır. Ermənistan o qədər məkrli, ikiüzlü, riyakar, yalan addımlarla hərəkət edir ki, ona arxalanıb, dəqiq bir proqnoz vermək olmur". Novruz Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə addımın atılması vaxtı çatıb: "Ermənistan prezidentinin Rusiyaya bu günlərdə səfəri zamanı yəqin ki, münaqişənin həlli müzakirə mövzusu olacaq. Rusiyanın bu məsələdə daha fəal olması üçün bütün imkanları var. Eyni zamanda, ABŞ Prezidenti Barak Obama da münaqişənin həllində daha fəal olacağını deyib". Şöbə müdirinin sözlərinə görə, son vaxtlar münaqişənin həlli ilə bağlı proseslər intensivləşib ki, bu da regionda və dünyada gedən proseslərlə müəyyən mənada bağlıdır: "Son aylar ərzində regionda və dünyada gedən proseslər bir daha dünya ictimaiyyətinə nümayiş etdirir ki, belə münaqişələrin həlli vaxtı çatıb və bu münaqişələri sonrakı dövrə saxlamaq lazım deyil. Azərbaycan prezidentinin Rusiyaya səfəri, orada apardığı uğurlu danışıqlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan hərtərəfli söhbət bir daha bizdən münaqişənin həllinə müəyyən optimizlə yanaşmağı tələb edir. Bu il ərzində müəyyən irəliləyişin olmasına böyük ehtimal var". Onun fikrincə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi missiyanı yerinə yetirə bilər: "Azərbaycanla Rusiya arasındakı çoxtərəfli, bütün sahələri əhatə edən münasibətlərin xarakteri, məzmunu, Rusiyanın Minsk Qrupunun həmsədri olması, Rusiyanın Ermənistan üzərində müttəfiq kimi çox güclü təsir və təzyiq imkanlarının olması və regionda sabitliyin bərpa olunması zərurəti Rusiyanın tarixi borcunu yerinə yetirə biləcəyini düşünməyə imkan verir". Novruz Məmmədov qeyd edib ki, Praqa sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi ehtimalı da var: "Sammitə həm Azərbaycan, həm Ermənistan prezidenti gələcəksə, Ermənistan tərəfinin görüşlə bağlı müəyyən mövqeyi olsa, o zaman qərar qəbul ediləcək. Hələ ki, bu ehtimaldır və dəqiq bir şey söyləmək olmaz".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar