SON XƏBƏRLƏR

GƏRGİNLİYİN PİK NÖQTƏSİ KEÇDİ

2021.10.20, 07:36
GƏRGİNLİYİN PİK NÖQTƏSİ KEÇDİ

Gunaz.tv
İsa Qəmbər: «Türkiyə səfərimdə media çıxışlarından başqa məqsədim də vardı» Müsavat Partiyasının başqanı İsa Qəmbər Türkiyə səfərindən qayıdıb. Xatırladaq ki, başqanın səfəri aprelin 15-də başlamışdı. Müsavat başqanı ATV-nin «Arayış» adlı canlı verilişində iki saat ərzində sərhədlərin açılması mövzusu və siyasi gündəmin digər aktual məsələlərlə bağlı fikirlərini bildirmiş, sualları cavablandırmışdı. Başqanın Türkiyədə olması bu ölkənin bir çox nüfuzlu media quruluşlarının marağına səbəb olduğundan onlar da Müsavat liderini verilişlərinə dəvət elədilər. Müsavat başqanı ilə əlaqə saxlayıb səfər təəssüratlarını öyrəndik və suallarımızı ünvanladıq. İsa Qəmbər bildirdi ki, müxtəlif illərdə Türkiyəyə Türkiyə hökumətin, partiyaların, qeyri-hökumət təşkilatları arasındakı mərkəzlərinin dəvəti ilə gedib. Türkiyəyə medianın dəvəti ilə reallaşan ilk səfər isə bugünlərdə-aprelin 15-də olub: «ATV kanalında «Arayış» adlı yeni fəaliyyətə başlamış proqrama dəvət edildim. Elə oldu ki, Türkiyə-Azərbaycan münasibətlərində həssas dönəm yaşadığımızdan iki gün ərzində 10-dan çox televiziyada, bir çox qəzetlər və informasiya agentliklərində aktual mövzu ilə bağlı söhbətlərimiz oldu. Bir neçə dəqiqəlik çıxışlardan tutmuş, dörd saatlıq canlı yayımda iştiraka qədər. Onu da qeyd edim ki, bu telekanallar ən müxtəlif yönlü kanallar idi. Yəni dövlət telekanalları TRT-də də, hakim partiyaya yaxın olan telekanallarda da, müxalifətə yaxın telekanallarda və hətta sahibləri “Ergenekon” adlanan olaylarla bağlı həbs edilmiş kanallara qədər ən müxtəlif televiziya kanallarında verilişlərdə iştirak etdik. Qonağı olduğumuz telekanalların içində müstəqilləri də var idi. Bu qədər geniş spektrli media quruluşlarının bizi proqramlara dəvət etməsi həm Türkiyədəki medianın rəngarəngliyindən, genişliyindən xəbər verir, həm onların məsələləri hərtərəfli operativ işıqlandırmaq cəhdlərindən xəbər verir. Həm də müəyyən mənada bizim də mövqeyimizin Türkiyə cəmiyyətinə çatdırılmasına cəhd göstərdiklərindən xəbər verir». «Türk mediasının durumu ilə Azərbaycan mediasının vəziyyəti arasında nə qədər fərq olduğunu müşahidə etdiniz» sualına İsa Qəmbər belə cavab verdi: «Türkiyə ilə Azərbaycan mediasının müqayisəsi yəqin mənimlə razılaşarsınız ki, ümumiyyətlə mümkün deyil. Çünki orada həddindən artıq çoxlu televiziya kanalları var və onlar ən müxtəlif istiqamətlidirlər. Azərbaycandakı 6-7 telekanalın isə demək olar hamısı hakimiyyətin tam nəzarəti altındadır. Bu, tamam fərqli situasiyadır. Eyni sözləri qəzetlər haqqında demək olar. Türkiyə mediasının maliyyə, texniki imkanları, kadr potensialı Azərbaycan mediası ilə müqayisəyə gəlməzdir. Azərbaycanın inkişaf yoluna qədəm qoymasının yolu mediaya tam azadlıq verilməsi ilə bağlıdır. Eyni zamanda cəmiyyətdə iqtisadi və siyasi azadlıqların bərqərar olması ilə bağlıdır. Bunlar olmadan Azərbaycan mediasını Türkiyə mediası ilə müqayisə eləmək mümkünsüzdür». «Mediadan xaric görüşləriniz və dəvətlər oldumu» sualına Müsavat başqanı belə cavab verdi: «Əsasən İstanbulda oldum. Ankaraya bir günlüyə getdim. Türkiyə səfərimdə media əlaqələrimdən başqa bir məqsədim də vardı. Bilirsiniz ki, ötən ay Türkiyənin dəyərli insanlarından, dostumuz, Böyük Birlik Partiyasının sədri Möhsün Yazıçıoğlu helikopter qəzasında həlak olmuşdu. Mən Ankaraya gedib onun məzarını ziyarət eləməyi özümə mənəvi borc bilirdim. Ankarada oldum və BBP-yə gedib rəsmilərinə başsağlığı verdim, partiyaya indi rəhbərlik edən şəxslə də görüşdüm, Möhsün bəyin Ankaradakı qəbrini ziyarət etdim. Bu, bir vəfa borcu olduğundan, etməliydim. Eyni zamanda Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə onun evində görüşüm oldu». «Sərhəd məsələsi ilə bağlı gərginliyin bir qədər səngidiyini güman etmək olarmı» sualına javabında İsa Qəmbər bildirdi ki, mövzu gərginliyin pik nöqtəsindən keçdi: «Çünki informasiyaların yayılması baxımından gözləmə var idi ki, aprelin 16-da Türkiyə xarici işlər nazirinin İrəvana səfəri zamanı diplomatik münasibətlərin bərpası yönündə sərhədlərin açılması ilə bağlı hansısa razılaşmalar əldə olunacaq. Bu mərhələ artıq ötüb». Etibar SEYİDAĞA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar