Moskovda riskili Qarabağ razılaşması
2021.10.20, 07:36
Moskovda riskili Qarabağ razılaşması Rusiyanın bölgədəki iqtisadi-siyasi maraqlarına təminat qarşılığında Kreml Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həllinə dəstək verir Aprelin 16-dan Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikası prezidenti İlham Əliyev rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşüb. APA-nın məlumatına görə, Azərbaycan dövlət başçısını salamlayan Dmitri Medvedyev mütəmadi ünsiyyətin iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərdiyini vurğulayıb: "Ötən il iqtisadi-ticari planda çox yaxşı göstəricilər əldə etmişik. Ticarət dövriyyəsi 40 faiz artıb. Əlbəttə, 2009-cu il bir qədər mürəkkəb olacaq. Bizim vəzifəmiz nail olduğumuz nəticələri qoruyub saxlamaqdır. Hətta iqtisadi böhran şəraitində belə müsbət iqtisadi dinamikanı saxlamaq üçün səyləri davam etdirəcəyik. Ölkələrimiz arasında mədəni-humanitar sahədə də əlaqələr genişlənir. Bu yaxınlarda Bakıda informasiya mərkəzi və Moskva Dövlət Universitetinin filialı açılıb. Moskvada isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb ki, bu da əlaqələrimizə daha müsbət təsir göstərir". Görüşdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin çox yaxşı inkişaf etdiyini, bu prosesdə dövlət başçıları arasında şəxsi münasibətlərin heç də sonuncu rol oynamadığını vurğulayıb: "Münasibətlərimizdəki dinamik inkişaf həm iqtisadiyyatda, həm də qarşılıqlı siyasi fəaliyyətdə öz töhfələrini verir. Əlbəttə ki, qlobal böhran ticarət dövriyyəsinin artımına təsirini göstərib, bununla belə, 2009-cu ilə qədər ticarət dövriyyəsinin dinamikası çox yaxşı olub. Biz artıq 3 milyard dollar rəqəminə yaxınlaşmaqdayıq. Biz digər sahələrdə də əməkdaşlığı inkişaf etdirəcəyimizə ümidvarıq. Rusiya Azərbaycanın dostu, qonşusu və strateji tərəfdaşıdır. Biz əməkdaşlığımızı strateji tərəfdaşlıq ruhunda davam etdirəcəyimizə ümid bəsləyirik". İ.Əliyevin bu fikrinə münasibət bildirən Rusiya prezidenti də Azərbaycanla əlaqələri strateji müttəfiqlik səviyyəsinə qaldırmaq arzusunda olduğunu bildirib. Görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəflərin mövqelərini yaxınlaşdırmağa yönəlik səylərinə görə Rusiya rəhbərliyinə təşəkkür edib. Məlumata görə, İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına ümidvar olduğunu bildirib: "Ümidvaram ki, Dağlıq Qarabağ münaqişəsi kifayət qədər tez nizamlanacaq. Əlbəttə, nəticənin olmaması bizi sevindirmir, lakin danışıqlar prosesində tərəqqinin olduğuna da göz yummaq olmaz. Bu tərəqqi münaqişənin kifayət qədər tez nizamlanacağına aid ümidlərimizi artırır. Son zamanlar tərəflərin mövqeləri müəyyən qədər yaxınlaşıb, əvvəllər çətinlik doğuran bəzi məsələlər artıq razılaşdırılıb. Bu isə danışıqlar prosesinin davamı üçün yaxşı baza yaradır". Prezident İlham Əliyev tərəflərin hələ də razılığa gələ bilmədiyi məsələlərin olduğunu deyib: "Rəsmi Bakının səyləri konstruktiv yanaşmaya, beynəlxalq hüquq və tarixi ədalətin bərpasına əsaslanır. Heç kəsə sirr deyil ki, 20 ildir Azərbaycan torpaqları işğal altındadır və bu fakt beynəlxalq birlik tərəfindən tanınıb. Ümidvarıq ki, yaxın aylarda biz nizamlanma prosesini daha irəli apara biləcək, hər iki xalqın maraqlarına cavab verən, Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən və regionda beynəlxalq norma və prinsipləri təsbit edən həll variantını tapmağa nail olacağıq. Bundan hamı uduşlu çıxacaq və bu təqdirdə biz Cənubi Qafqaz regionunda genişmiqyaslı regional əməkdaşlıqdan danışa bilərik". "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda maksimum tərəqqi əldə olunmasını arzulayır". Bu fikirləri isə Rusiya prezidenti Dmitri Medvedyev səsləndirib. Onun fikrincə, Azərbaycan və Ermənistan prezidentləri arasında mütəmadi görüşlər çox vacibdir: "Rusiya öz mandatını həyata keçirməyə hazırdır. Biz həmişə bu prosesə dəstək verməyə çalışırıq. Bu kimi təmaslar davam etsə, əminəm ki, hazırlanmış təklifləri göz önünə alaraq bu münaqişəni hər iki xalqın maraqlarına uyğun nizamlamaq olar. Ola bilsin ki, yeni ideyalar da ortaya çıxsın. Rusiya bu çətin, lakin həlli mümkün olan münaqişənin nizamlanması üçün özündən asılı olan hər şeyi etməyə hazırdır. Fikrimcə, tərəflər bir-birinin arqumentlərini dinləməlidir. Perspektivlər var və hər şeydən əvvəl beynəlxalq hüquq normalarına və BMT-nin, ATƏT-in bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə əsaslanmaq lazımdır. Buna görə də düşünürəm ki, irəliləyiş var. Əsas odur ki, bu proseslərə üçüncü dərəcəli, lakin bəzən çox-çox mürəkkəb olan amillər təsir etməsin ki, tərəflər təmkin nümayiş etdirərək perspektivləri görsünlər". Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan dövlət başçısı İlham Əliyevlə Azərbaycan təbii qazının alınması, Bakı-Novorossiysk kəməri ilə neftin ixracının həcminin artırılması, Xəzər dənizinin statusu məsələlərini də müzakirə edib. Rusiyanın "Kommersant" qəzetinin verdiyi xəbərə görə, İ.Əliyevin Moskva səfəri zamanı həm də Azərbaycan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair sammitə hazırlıq məsələlərini müzakirə edəcəkləri gözlənilirdi. Bu barədə müzakirənin aparılıb-aparılmadığı barədə xəbər verilməsə də, ermənilərin "Reqnum" saytının verdiyi xəbərdə bildirilir ki, Medvedyev Qarabağ münaqişəsinə dair sammitə hazırlıq işlərini müzakirə etmək üçün Ermənistan prezidenti Serj Sarqsyanı da aprelin 23-də Moskvaya dəvət edib. Məlumata görə, Sankt-Peterburq iqtisadi forumu çərçivəsində Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də planlaşdırılıb. Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üçtərəfli formatda planlaşdırılan görüşdə iştirak edib-etməmək qərarını aprelin 23-də Moskvaya səfəri zamanı verəcək. Əgər hər iki prezident Qarabağ münaqişəsi ilə bağlı sammitin keçirilməsinə razılıq versə, bu halda sammitin keçirilməsi üçün Rusiya tərəfindən hazırlıq işlərinə başlanılacaq. Prezident İlham Əliyevin Moskva səfərini digər aspektlərdən də şərh edən analitiklər var. Amma gətirilən bütün arqumentlər, Qarabağ düyünü və sair problemlər müstəvisində Kreml bölgədə Qərbin təsirini azaltmaq istəyi sərgiləyir. Bir müddət öncə Türkiyə və Azərbaycan mətbuatında rəsmi Bakının Kremlə yönlənməsi istiqamətində məlumatlar dolaşdı. Mətbuatda yayılan məlumata görə, İstanbulda təşkil olunan "Dinlər və mədəniyyətlərarası dialoq"a dəvət edilən İ.Əliyev bu "dialoq"dan imtina edib. Analitiklərə görə, əslində bu "dialoq" çərçivəsində Qərbin bölgə üzrə siyasəti, Qarabağ münaqişəsinin "həlli" perspektivləri, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpa edilməsi, sərhədlərin açılması və başqa məqamlarla bağlı rəsmi Bakı ilə danışılası məqamlar var imiş. Belə ki, Qərbin bölgədə forpostu hesab olunan Gürcüstanın ötən ilin avqustunda ərazi bütövlüyünü təmin etmək cəhdinin Kreml tərəfindən ağır cəzalandırılması, habelə hazırda Rusiyanın əli ilə Gürcüstanda başlanmış hökumət böhranı və aramsız mitinqləri göz önünə gətirən rəsmi Bakı gözə görünməməyə üstünlük verdi. Analitiklərə görə, Qərbə nəinki Cənubi Qafqaz, bütün Qafqaz lazımdır. Bütün Qafqazı əldə etmək üçünsə Qərb Qafqazdakı bütün toqquşan maraqlar arasında manevr edərək hamıya özünü dost göstərmək fikrindədir. Şərhçilərə görə, Cənubi Qafqazı təsiri altına almaq istəyən Qərbin bu bölgədəki ölkələrdə Qərb dəyərlərinin bərqərar olunması, demokratikləşmə, Avroatlantik məkana inteqrasiya istiqamətində apardığı siyasət səmərə vermir. Qərbin uzun illik cəhdləri nəticəsində yalnız Gürcüstanda 100 faiz Qərbə meyillənən hakimiyyət yaradıldı. Hətta Gürcüstanın əsas hesab olunan müxalifət qüvvələrinin də prioriteti Qərbə inteqrasiya, Avropa Birliyinə və NATO-ya qəbul olunmaqdır. Amma Rəsmi Tbilisinin Kremllə apardığı açıq savaşın nəticəsi olaraq Gürcüstan faktik olaraq Cənubi Osetiya və Abxaziyanı itirdi, Samsxe-Cavaxetiya erməniləri isə aranın bir qədər də qarışması üçün məqam gözləyirlər. Tranzit baxımından Gürcüstandan tam asılı olan Ermənistanın rəsmi Tbilisi ilə münasibətləri korlamaq fikri yoxdur. Amma istənilən halda 90 il öncə Rusiyanın təhriki ilə gürcülərə silah qaldırmış ermənilər yenidən eyni addımı ata bilərlər. Yeri gəlmişkən, rəsmi Tbilisinin cəhdlərinə baxmayaraq, hələ də Samsxe-Cavaxetiya bölgəsində tam olaraq Gürcüstan hakimiyyəti qurulmayıb, bölgədə milli valyuta olan lari əvəzinə erməni dramı və rus rublu işləyir, bütün idarə və müəssisələrdə yazışmalar, sənədləşmələr də ya erməni, ya da rus dilində aparılır. Bütün bunları da çox gözəl bilən Qərb dairələri həm Ermənistanı özünə tərəf çəkmək, həm də Gürcüstanı xilas etmək üçün rəsmi Yerevanı Rusiyanın təsiri altından çıxarmağa qərar veriblər. Bu yolda hətta Ermənistanın Qərbin bölgədə bir nömrəli düşməni olan İranla əlaqələrini genişləndirməsinə də göz yumulur. Faktik olaraq bu gün mövcudluğuna görə Kremlə borclu olan Ermənistanın Qərbə çıxışı isə heç də bəzi erməni politoloqlarının çərənləmələri kimi İrandan yox, Türkiyədən keçir. Sözsüz ki, Cənubi Qafqaza doğru qarış-qarış irəliləmə planını seçmiş Qərb üçün Qarabağ münaqişəsi üçüncü, bəlkə də dördüncü planda durur. Analitiklərə görə, hazırkı Rusiya da heç də 10-15 il öncəki ölkə deyil. Rusiya bu illər ərzində elə Qərbə baha qiymətə satdığı neft və təbii qazdan əldə etdiyi vəsaitlə xeyli varlanıb və imperiya maraqlarından çıxış etmək qüdrətindədir. Habelə Qərbdən fərqli olaraq Rusiya Azərbaycanla birbaşa oyun qurub. Rusiya Qarabağ açarının birbaşa onun cibində olduğunu, istəsə Azərbaycanın şimal və cənub bölgəsində problemlər yarada biləcəyi ilə bağlı niyyətini də gizlətmir. Rusiyaya Qərb demokratiyası da lazım deyil və bu ölkə ideallar axtarışında olduğunu da sərgiləmir. Bu baxımdan Qərb dairələrindən fərqli olaraq Rusiya həmişə rəsmi Bakının yanında olub və Azərbaycanda keçirilən ən qeyri-demokratik seçki də Kreml tərəfindən yüksək göstəricilərlə qiymətləndirilib. Kreml bəyanat verərək Azərbaycan hökumətini hansısa jurnalisti məhbəsdən azad etməyə və ya siyasi fəaliyyət azadlığını təmin etməyə çağırmayıb. Sadə dildə desək, Rusiyaya Azərbaycan elə olduğu kimi lazımdır. Hər halda Azərbaycanda demokratiya ilə bağlı vəziyyət Ermənistan, Özbəkistan və ya Türkmənistan, Tacikistandan pis deyil. Misal üçün deyim ki, Tacikistanda elə son 15 ildə 60 nəfərdən çox jurnalist öldürülüb. Şərhçilərə görə, Azərbaycanın Qərb əvəzinə Şimala inteqrasiyasında ciddi problem yoxdur. Həm də hazırkı vəziyyətdə Azərbaycanın Rusiyaya meyillənməsi Kremlin də maraqlarına cavab verir. Çünki Qərbin Ermənistanı Rusiyanın təsiri altından çıxarması üçün apardığı oyunun arxasında şimal qonşumuzun bölgədən sıxışdırılaraq çıxarılacağı vəd edilir. Diplomatik qaynaqlardan "Ayna"ya daxil olan məlumata görə, bütün bu baş verənlər fonunda Kreml Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun həlli istəyini ifadə edib. Bunun qarşılığında isə rəsmi Bakı Rusiyanın bölgədəki iqtisadi-siyasi maraqlarına təminat verməlidir. Amma istənilən halda bu sövdələşmə hər iki tərəf üçün riskli hesab edilir. Şərhçilər son məqamda rəsmi Kremlin sözünün üstündə durmayacağı və ya Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsi üçün təklif edəcəyi sülh planının uzunömürlü olmayacağından ehtiyat edirlər. İ.ABBASOV /Ayna/