SON XƏBƏRLƏR

Süryanilərin də "qayğısına qalmaqda" məkrli maraqlar gizlənir

2021.10.20, 07:36
Süryanilərin də "qayğısına qalmaqda" məkrli maraqlar gizlənir

Gunaz.tv
Süryanilərin də "qayğısına qalmaqda" məkrli maraqlar gizlənir Antitürk mahiyyətli erməni və kürd təbliğatında ara-sıra süryanilərdən də söz edildiyini çox eşitmişik və eşidirik. Onların da ermənilər, kürdlər, pontuslar və s. ilə bir sırada Osmanlı dövlətində, guya, "soyqırım"a məruz qoyulduğu iddia edilməyə başlanmışdır. Türkiyə, Gürcüstan və Azərbaycanda hökumətə qarşı milli azlıqlardan istifadənin erməni siyasətində önəmli ünsür olduğu bizə bəllidir. Son dönəmdə bu təcrübəni kürd çevrələri də mənimsəməyə başlayıblar. Süryanilərin kimlikləri və istəklərinin kökünə vardıqda, diqqət yetirilməsi vacib olan təfsilatlarla üzləşirik. Əldə etdiyimiz bilgilərə əsasən, istinad bazaları İraqın şimalında yerləşən PKK son illər ərzində Türkiyə, Suriya, İran və İraqdakı digər milli-etnik qrupların radikal qanadları ilə fəal əməkdaşlıq münasibətləri yaradılmasına səy göstərir. Bunların arasında süryanilər də var. Bunda 3 məqsəd izlənir: terror şəbəkəsinin sosial bazasını genişləndirmək; əlavə maddi resurslar əldə etmək; beynəlxalq birliyə bu mücadilənin obyektivliyini, "hüquqları pozulan və təcrid olunan" subyektlər qismində eyni zamanda digər etnik qrupların da çıxış etdiklərini sərgiləmək. İraq, Türkiyə, Suriya, İordaniya, İsrail, Livan, Hindistan və Avropa ölkələrində, eləcə də Gürcüstan, Ermənistan və Rusiyada yaşayan süryanilərin (yaxud assur, aysor) toplam sayı 5 milyon civarında təxmin edilir. Türkiyədə onlar başlıca olaraq Qaziantep, Urfa, Diyarbəkir, Mardin, Elaziq, Adıyaman, İstanbul kimi şəhərlərdə kiçik icmalar şəklində məskundurlar. Mənşəcə semit olan bu etnik qrup xristianlığın ortodoks, katolik, maronit, nestorian kimi məzhəblərinə mənsubdur, ortodoksların dini mərkəzi isə Suriyanın Dəməşq şəhərində yerləşir. Ortodoks süryanilər xristianlığın şərq kilsəsinə mənsubdurlar. Hazırda onların 122-ci katolikosu Moran Mor İqnatios İ-Zekka İvas adlı din adamıdır. Süryanilərin fərqli şivələrdən ibarət öz dili var. Süryanilərin "qayğısına qalmaqda" PKK xüsusi maraq güdür. Bu icma geniş sosial imkanlara malikdir. Fəqət bu icma daxilində radikal elementlərlə yanaşı, mədəni muxtariyyətlə kifayətlənən, silahdan uzaq duran, PKK kimi bir terrorçu təşkilatla əməkdaşlığa tərəf çıxmayanlar da az deyil. Radikal süryanilər çox-çox uzaq tarixi keçmişdə qalmış qədim Assuriyanı dirçəltmək istəyirlər və özəlliklə də Qərb ölkələrində məskunlaşmış süryanilər bu istəklərini gerçəkləşdirmək üçün PKK və erməni çevrələri ilə əməkdaşlığa gedirlər. Onların erməni və kürd diasporu ilə bir çox halda eyni müstəvidə çıxış etdikləri üzə çıxmaqdadır. Süryanilərin siyasi qurumlarına gəldikdə, onların Suriyada Assuriya Demokratik Təşkilatı, Bes-Nahrin Demokrat Partiyası, Mesopotamiya Azadlıq Partiyası kimi qurumlarının adları çəkilir. Amerikada fəaliyyət göstərən Assuriya Milli Komitəsi İraq ərazisində bir muxtar süryani dövlətinin qurulmasını məqsəd kimi qəbul edib. Onların Qərb ölkələrindəki təşkilatları ən müxtəlif xristian qruplarından və dövlət strukturlarından dəstək və yardımlar görməkdədirlər. Belə bir fikir var ki, bu dəstəyin arxasında bölgədə hakim rejimlərə qarşı siyasi müxalifəti gücləndirmək, süryanilərin milli özünüdərkini dirçəltmək və buradakı siyasətlərində onlardan istifadə etmək məqsədi dayanır. Onların təşkilatları artıq BMT də daxil olmaqla, bir sıra beynəlxalq qurumlarda akkreditə olunublar, pul-para sarıdan korluq çəkmirlər və PKK-nı onlarla əməkdaşlığa sövq etdirən də budur. Maraqlı burasıdır ki, süryanilərin xəritəsi kürdlərin və ermənilərin "tarixi xəritələri" ilə ziddiyyət təşkil edir. Onlar çox halda eyni torpaqlara iddiaçıdırlar. Fəqət bu onların əməkdaşlığına hələlik mane olmur. Süryani radikalları üçün bu gün kürdlərin media şəbəkəsindən istifadə imkanları önəmlidir. Bu əməkdaşlıq 1993-cü ildən süryani radikalları və o illərdə Dəməşqdə Suriyanın himayəsində yaşayan Abdulla Öcalan arasında müvafiq razılaşmanın imzalanması ilə başlanır. Razılaşmaya görə, Türkiyə "ortaq düşmən" elan edilirdi və PKK-nın Türkiyəyə qarşı mübarizəsində qalib olacağı təqdirdə, onun nəticələrindən süryanilər də faydalanacaqdılar. Türk kəşfiyyatının əldə etdiyi bilgilərə görə, 2006-cı ildə PKK düşərgələrində 200 süryani terror təlimi keçmişdi. Onların antitürk təbliğatlarındakı başlıca iddialarından biri budur ki, guya, XX yüzilin əvvəllərində süryanilər də ermənilər və yunanlar kimi Osmanlı İmperiyası tərəfindən "soyqırım"a məruz qoyulublar. Sonra bu siyahıya kürdlər və ələvilər də əlavə olundu. Heç şübhəsiz ki, bu "kəşf"lərdə başlıca məqsəd PKK mənsubunu canlandıran bir film personajının ifadə etdiyi kimi, "əzilmiş xalqların hüquqlarını qorumaq" deyil, digər icmaların radikallığa həssas ünsürlərini cəlb etməklə terror şəbəkəsini genişlətməkdir. Diqqətdən qaçmır ki, Süryani Ortodoks Kilsəsi də eynilə İstanbul erməni patriarxlığının siyasətini yürüdür. Yəni Osmanlı İmperiyası dönəmində "soyqırım"ın baş verdiyini iddia edir, eyni zamanda Türkiyə Cümhuriyyətinə öz sədaqətlərini ifadə etməklə bərabər onu da qeyd edirlər ki, bu "soyqırım"ın Türkiyə Cümhuriyyətinə aidiyyəti yoxdur... Əldə edilən bilgilərə görə, cocuq qatili kimi tanınan Abdulla Öcalanın yaxalanmasından və özəlliklə də Səddam Hüseyn rejimi devrildikdən sonra kürd çevrələri ilə süryanilər arasında əməkdaşlıqda açıq bir zəifləmə özünü göstərdi. Amerikalılar tərəfindən İraqın şimalında hakim yapılan kürd çevrələr süryanilərlə o qədər də hesablaşmadılar, hətta onlara ikinci sort azlıq kimi baxmağa başladılar. İraqın şimalındakı məhəlli idarəçilikdə onlara xırda-para yerlər ayrıldı, parlamentdə bir-iki yer verildi. Fəqət tərəflər - yəni süryani radikalları və PKK arasında işbirliyi hələ də davam etməkdədir. Xatırladaq ki, süryanilər (yaxud aysorlar) Birinci Cahan savaşı illərində ermənilər kimi ingilislərin əlində alət olmuş, onların təhriki ilə Osmanlıya qarşı üsyanlarda iştirak etmişdilər. O cümlədən, Urmiya bölgəsində yaşayan Azərbaycan türklərinin soyqırımında onlar xüsusi canfəşanlıq göstərmişdilər. O vaxt onlar Assuriyanı Urmiya səmtdə dirçəltmək fikrində idilər... İ.UMUDLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar