SON XƏBƏRLƏR

SEÇKİ GÜNEYDƏ DEYİL, İRANDA KEÇİRİLİR

2021.10.20, 07:36
SEÇKİ GÜNEYDƏ DEYİL, İRANDA KEÇİRİLİR

Gunaz.tv
SEÇKİ GÜNEYDƏ DEYİL, İRANDA KEÇİRİLİR Musəvi və Ələminin namizədliklərinin irəli sürülməsi bu sahədə müəyyən çaşqınlıq yaradıb S.SƏDRƏDDİN İyulun 12-də İranda prezident seçkilərinin keçirilməsi planlaşdırılıb. Son zamanlar bu məsələyə dair ciddi müzakirələr aparılır. Bəziləri siyasi kampaniyaya qatılan iki azərbaycanlını "güneyli" kimi təqdim edirlər. Bununla da İran İslam Respublikasının mənafeyini müdafiə edənləri "Güney Azərbaycan türklərinin namizədi" kimi ictimaiyyətə sırımağa cəhd göstərirlər. MUSƏVİ VƏD VERİR, ƏHMƏDİNİJAT MANEVR EDİR Qeyd edək ki, İran Daxili İşlər Nazirliyinin yanında Seçki Komissiyasının başçısı Kamran Daneşcu bildirib ki, bu siyasi kampaniya mayın 22-də başlayacaq və 20 gün davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatına isə mayın 5-dən başlanılacaq. İddiaçıların qeydiyyatına 4 gün vaxt ayrılıb. Bu müddət ərzində Nəzarət Şurası namizədləri "süzgəc"dən keçirəcək. "Layiq görülənlər"in adları mayın 20-də açıqlanacaq. Prezidentliyə namizəd şiə, ali təhsilli olmalı, yaşı 40-dan az, 75-dən çox olmalıdır. Həmin qanunda qadınların iştirakına qadağa qoyulmasa da, 2005-ci ildə keçirilmiş bu siyasi kampaniya zamanı 89 qadın namizədliyini irəli sürmüş, lakin onları qeydiyyata almamışdılar. Keçmiş prezidentlər Haşimi Rəfsəncani və Məhəmməd Xatəmi bu siyasi yarışa qatılmayacaqlarını bəyan ediblər. İddiaçılar arasında indiki hökumət başçısı Mahmud Əhmədinijat, Tehranın valisi Məhəmmədbaqir Qalibaf, keçmiş baş nazir Mirhüseyn Musəvi (türkdür), Təbriz və Güney Azərbaycanın ətraf şəhərlərindən keçmiş deputat Əkbər Ələmi və eləcə də Mehdi Kərrubinin adları daha çox hallanır. Son üç iddiaçının "islahatçılar" xəttinə aid olduğu bildirilir. İranın Mədəniyyət və İslam İrşad Nazirliyi yanında fəaliyyət göstərən ictimai rəyin araşdırılması mərkəzinin apardığı "Prezident seçkisi bu gün keçirilsə, kimə səs verərdiniz" sualından ibarət sorğunun nəticələrinə əsasən, respondentlərin 36,8 faizi M.Əhmədinijata, 28,4 faizi M.Xatəmiyə, 11,8 faizi M.Musəviyə, 2,3 faizi isə Mehdi Kərrubiyə səs verəcəyini bildirib. M.Xatəmi seçkiyə qatılmayacağını elan edərək seçicilərini Musəviyə səs verməyə çağırıb. Bu baxımdan onun səslərinin M.Musəviyə veriləcəyini ehtimal etsək, nəzəri cəhətdən keçmiş baş nazirin qalib gələcəyi ehtimalının daha artıq olduğunu söyləmək mümkündür. Amma nəzərə almaq lazımdır ki, hələ bir neçə ay öncə ölkənin ali rəhbəri ayətulla Xamneyi Əhmədinijatın daha bir müddət işləməyə "hazırlaşmasını istəmişdi". Bu isə perspektivdə Əhmədinijatın yenidən bu postda qalacağı ehtimalını artırır. Qeyd edək ki, Nəzarət Şurası şiə ruhaniləri və hüquqşünaslarından ibarətdir. Bu qurum ali rəhbər Xamneyiyə tabedir. Ötən həftənin sonunda prezident Əhmədinijat jurnalistlərə açıqlamasında deyib: "Seçkiyə bir ay vaxtımız qalıb. Bu məsələni həll etmək üçün bizim hələ vaxtımız var". O bu siyasi kampaniyada iştirakı ilə bağlı bildirib: "Xalq kimi çox sevirsə və kimə çox səs verəcəksə, həmin namizədə səs verəcəyəm". Müşahidəçilərin fikrincə, hazırkı hökumət başçısı bu açıqlaması ilə rəqiblərinin mövqeyini öyrənmək istəyir. Onun əsas rəqiblərindən sayılan Mirhüseyn Musəvi də yola saldığımız həftə namizədliyindən narahat olanlara bunları çatdırıb: "Seçki mübahisələri cəmiyyətdə kin-küdurət və düşmənçilik yaratmamalıdır. Biz meydana qələbə qazanmaqdan ötrü girmişik. Sonadək bu yöndə çalışacağıq. Qanun pozuntuları bizim ən böyük problemlərimizdəndir. Bunun qəsddən yaxud təsadüfən yaranmasını demək istəmirəm. Ancaq qanunun aliliyinin pozulması ölkə üçün təhlükəlidir". Şəffaflığın tərəfdarı olduğunu bildirən Musəvi bir sıra həqiqətlərin vətəndaşlardan gizli saxlanıldığını lüzumsuz saydığını bəyan edib: "Vaxtilə biz xalqa bütün işlərdə şəffaflığa əməl olunacağını vəd etmişdik. Amma bu gün qapalı olub hər işi vətəndaşlardan gizli saxlamağa çalışırlar. Rəsmilərimiz valyuta fondunda saxlanılan vəsaitin miqdarını gizlədirlər. Buna nə ehtiyac var? Vətəndaşlar qəzetlərin bağlanmasını sevmirlər. Gənclərə hörmətlə yanaşmaq lazımdır. Biz cəmiyyətdə fəaliyyət göstərən bütün siyasi qruplarla əməkdaşlıq edəcəyik. Mən buna çox önəm verirəm". Musəvi ölkədəki etnik müxtəlifliyi İran üçün təhlükə saymadığını vurğulayıb: "Mən bunu təhdid deyil, bir fürsət sayıram. İran xalqları illər boyunca birlikdə yaşayıb iranlı adını daşımaqdadır. İrandakı bütün xalqlar və etnik qruplar milli birliyin, vəhdətin ayrılmaz hissələridir... Bəziləri peyk antenlərinə və İnternet fəaliyyətinə qoyulan qadağanın da nəticə verməyəcəyini bilməlidir. Dünya dəyişib, biz bu gerçəkliyi qəbul etməliyik. Anayasa çərçivəsində söz və mətbuat azadlığı gerçəkləşməlidir". Mütəxəssislər 1941-ci ildə Güney Azərbaycanın Xamenə şəhərində anadan olmuş Musəvinin proqram xarakterli bu çıxışını keçmiş prezident Xatəminin seçkiöncəsi vədindən başqa bir nəsnə olmadığını bildirirlər. Başqa sözlə, Musəvi ölkədəki milli-mədəni haqların təmin ediləcəyinə dair öhdəlik götürmədiyi kimi, yol da göstərməyib. O daha çox yerli və beynəlxalq ictimaiyyətin xoşuna gəlməkdən ötrü bir sıra vədlər verib. Onun Amerika prezidenti Barak Obama ilə danışıqlar aparmağa hazır olduğunu, Holokost faciəsini tanıdığını, gənclərin problemləri, söz, mətbuat azadlığı ilə bağlı açıqlamaları bunu sübut edib. İDDİAÇI KƏRRUBİNİN MASKASI YIRTILDI Bir müddət öncə İranın ali rəhbəri Xamneyi bəyan etmişdi ki, seçkidə milli mənsubiyyətə sığınaraq sui-istifadə hallarına yol verməyəcəklər. Üzdə özünü islahatçı kimi tanıdan parlamentin keçmiş sədri Mehdi Kərrubi, Xatəminin 1998-ci ildə işlətdiyi seçkiqabağı təbliğatdan yararlanaraq Azərbaycan türklərinin səsini almağa yaxud onların seçkidə fəallığını artırmağa çalışır. Çünki ötən seçkilərin nəticəsinə görə, türklər belə siyasi kampaniyaya, demək olar, qatılmırlar. Bu isə hakimiyyətin legitimliyini şübhə altına alır. Əslində, İslam Respublikasının əsas problemlərindən biri legitimlikdir. Mehdi Kərrubi də İslam Respublikasının başqa təmsilçiləri kimi illər uzunu fars şovinizminə xidmət edib onların üstün etnos olduğuna inananlardandır. Belələrinin düşüncəsinə görə, əvvəlcə farslıq, sonra müsəlmanlıq əsas şərtlərdəndir. Güney Azərbaycanın Qoşaçay şəhərinə (rəsmi adı farslaşdırılaraq Miyandab olub) səfər etmiş M.Kərrubi yerli sakinlərlə məsciddə keçirdiyi görüş zamanı türklərə qarşı sayğısızlıq edib. Milli-mədəni haqları tələb edənlərdən biri Rəhim Hacızadə adlı azərbaycanlı toplantıda çıxış etmək üçün söz alıb. O, türk olduğunu, tarix boyu türklərin islam dünyasında, eləcə də İranın tarixində oynadığı önəmli roldan danışıb. Hacızadə türkləri bilərəkdən aşağılayıb onların rolunu dananları qınayıb. "Baybak"ın məlumatına görə, R.Hacızadə deyib: "Tarixdə elə bir millət yoxdur ki, ona "islamın qılıncı" adı verilsin. Əgər türklər olmasaydı, bu gün islam dini də olmazdı. Türk - yəni islam, islam - yəni türk". O bu çıxışı ilə hakimiyyəti tənqid edərək fars şovinistlərinin islama və türk millətinə qarşı davranışlarını pisləyib. Bu çıxışı məscidə toplaşanlar müsbət qarşılayıblar. Amma Kərrubi oturduğu yerdən qalxaraq Hacızadənin əlindən mikrofonu zorla alıb. TÜRKLƏR NƏ ETMƏLİDİR? Bu sayaq siyasi kampaniyalar zamanı Güney Azərbaycan türkləri arasında fikir ayrılığı yaranır. Bir qrup iddia edir ki, 2006-cı ilin mayındakı məlum aksiyada Əkbər Ələmi etirazçıların tələbini dəstəklədiyindən onu müdafiə etmək lazımdır. Buradaca qeyd etmək lazımdır ki, 2005-ci ildə Ələmi prezidentliyə iddiaçı olmaq istəsə də, "süzgəc"dən keçə bilməmişdi. İki aydan sonra başlayacaq bu siyasi yarışmaya "Baybak" saytı belə münasibət bildirib: "Ölkənin 10-cu prezidentliyinə iddiaçılar arasında iki türkün də adı çəkilir. Həmin siyasi kampaniya ilə bağlı Güney Azərbaycanda hərəkat təəssübkeşləri vahid qərara gəlmək üçün toplantı qurmağı planlaşdırırlar. Ancaq məlum olmayan səbəblər üzündən Təbrizdə bir sıra təəssübkeş özbaşına toplantı keçirərək bütün hərəkat adından bəyanat yayıb. Onların bildirişi saytlarda da yerləşdirilib. Bəhs etdiyimiz bəyanat "Azərbaycan milli fəallarının birlik şurası" adından imzalanıb. Bildiriş yayılandan sonra bəziləri buna inansa da, sonradan hər kəs onun şübhəli, yersiz və yararsız olduğu qənaətinə gəlib". "Baybak" hesab edir ki, bu, iki yöndən səhv addımdır: "Birincisi, Azərbaycan Milli Hərəkatının bütün təəssübkeşləri adından bəyanat yaymaq düzügün deyil. İkincisi isə, Təbrizdəki bir qrup Azərbaycanın bütün şəhərlərindəki hərəkatçıların təmsilçiləri sayıla bilməz". Sayt bildirib ki, İranda keçirilən bütün seçkiləri izlədiyini, həmin siyasi kampaniyalarla bağlı öz mövqeyini açıqlayıb: "Bu baxımdan biz türk sayılan namizədlərin heç birini qəbul etməmişik və İran adlanan ölkədə bütün seçkilərin boykot olunmasının tərəfdarı olduğumuzu bildirmişik. Bu hakimiyyətin təməlində panfarsçılıq durur və bu siyasət fars olmayanların məhvinə yönəlib. Belə bir vəziyyətdə İrandakı hakimiyyətdə hər kəs, kimliyindən asılı olmayaraq farsların üstünlüyünün qorunmasına xidmət edəcək. Başqası açıq zərbə vurduğu halda, bizdən olan gizli zərbə vuracaq. Hakimiyyət hər zaman çalışıb ki, Azərbaycan Milli Hərəkatına zərbə endirsin, Təbrizlə başqa şəhərləri üz-üzə qoysun. Bu isə o deməkdir ki, fars hakimiyyəti Təbrizi yıxmaqla Azərbaycan Milli Hərəkatını məhv etməyə nail olmaq istəyir". "QURTULUŞUMUZ MİLLİ HAKİMİYYƏTİMİZDƏDİR" Əslən Güney Azərbaycandan olan, hazırda mühacirətdə yaşayan hüquqçu Babək Azərinin də türklərin namizədliyi ilə bağlı fikirləri maraqlıdır. "İrandakı prezident seçkisində milli maraqlarımız naminə Əkbər Ələmini dəstəkləyə bilərikmi?" aldı məqaləsində müəllif bildirib ki, Ə.Ələmi 6-cı və 7-ci çağırışlarda İran parlamentinin deputatı olub. 8-cidə isə Nəzarət Şurası onun namizədliyini təsdiqləməmişdi. Ötən illər ərzində Əkbər Ələminin Babək qalasındakı yürüşdə iştirakından, Güney Azərbaycandan olan siyasi məhbuslarla görüşündən, onları müdafiə etməsindən, məclisdə milli-mədəni haqlarla bağlı çıxışlarından yazan müəllif hesab edir ki, onun belə davranışı millət arasında ona rəğbət qazandırıbsa da, Ələmi bu addımları ilə rejimin qəzəbinə düçar olub. "Əsas sual budur: bunlar milli maraqlarımız naminə onu müdafiə etməyimiz üçün yetərlidirmi?", - deyə soruşan müəllif yazıb: "İslam hakimiyyətinin 30 illik təcrübəsi onu deməyə əsas verir ki, prezident ali rəhbərin kölgəsidir. İran Anayasasının 113-cü maddəsinə görə, prezident ali rəhbərdən sonra ikinci yüksəksəviyyəli dövlət adamıdır". Bunu önə çəkən B.Azəri yazıb ki, İranda əsas söz sahibinin Xamneyi olduğunu artıq ABŞ-da da başa düşüblər. Odur ki, Barak Obamanın İran xalqına təbrik məktubuna cavabı Vaşinqton məhz İranın ali rəhbərindən gözləyir. Ötən illərin təcrübəsinə diqqət çəkən müəllifin yazdığına görə, parlament və prezidentin qanunvericilik təşəbbüsü ilə çıxışı uğurlu olmur. O, keçmiş prezident M.Xatəminin layihəsinin məclisdən keçsə də, Nəzarət Şurası tərəfindən təsdiqlənmədiyi üçün qüvvəyə minmədiyini buna örnək göstərir. "Milli mücadiləmizin əsas məqsədi millətimizin səs verib öz milli müqəddəratına hakim olmasıdır. Yəni Azərbaycan türklərinin naminə işləyən hakimiyyət strukturları yaransın. Bu isə İran çərçivəsində ya federativ siyasi sistemdə, ya da öz istiqlalını qazanmaqla mümkündür. Elə bu səbəbdən siyasi mücadilədə seçdiyimiz taktika strateji hədəflərimizə xidmət etməlidir. Bu gün milli hərəkat naminə prezidentliyə namizədlərdən birini müdafiə etsək, bu o deməkdir ki, biz islahatçı kimi qanuni müxalifət rolunda çıxış edirik. Ancaq heç kəsə sirr deyil ki İrandakı rejim Güney Azərbaycan hərəkatının təəssübkeşlərini işgəncəyə məruz qoyur, həbs və edam edir. Prezident seçkisinə qatılıb namizədlərdən birini dəstəkləməyimiz - hərəkatın hədəflərini tapdayıb İranın cinayətkar rejiminə qanuni haqq qazandırmaq deməkdir. Bəzi yurddaşlarımız elə fikirləşir ki, prezident seçkisinə qatılmaqla milli hərəkatı təbliğ etmək olar. Onlar bunun üçün Əkbər Ələminin himayə edilməsini örnək göstərirlər. Onlar hesab edirlər ki, onsuz da, rejim Ə.Ələminin prezident olmasına imkan verməz, biz isə İranın irqçi hakimiyyətinin millətimizə qarşı qəddarlığını insanlarımıza göstərə bilərik. Mən bu düşüncə tərzi ilə razılaşa bilmərəm. Tutaq ki, Ələmini himayə etdik. Bu o demək deyil ki, istədiyimiz şüarları təbliğ edə bilirik. Onda Ə.Ələminin yalnız seçki platformasını təbliğ etmək mümkün olacaq. Bundan başqa, indiyədək Ə.Ələmi platforması ilə bağlı açıqlama verməyib. Onun proqramının milli mübarizəmizlə nə dərəcədə səsləşdiyi, üst-üstə düşdüyü bizə məlum deyil. Onu da nəzərə almaq lazımdır ki, hakimiyyət son zamanlar milli hərəkatımıza qarşı həssaslığını artırıb. Belə ki, rejim bir dükana türkcə ad qoymağa, hər hansı məclisdə türk mahnısına, havasına rəqs etməyə yaxud Azərbaycan musiqi dərslərinə və s. qarşı çıxır, basqılar göstərir. Bundan başqa, ölkədəki bütün informasiya vasitələri İran hakimiyyətinin nəzarəti altındadır. O zaman təbliğatın aparılacağı vasitə də bəlli deyil". Müəllif hesab edir ki, İran rejimi üçün daxilindəki təzadların qabarmaması baxımından indiki vəziyyət daha uyğundur: "Biz Güney Azərbaycanda milli hakimiyyət uğrunda mübarizə aparırıq. Amma bu o demək deyil ki, bizlər İranda islahat istəyənlərə ana dilində təhsil hüququ, milli-mədəni toplantıları keçirmək üçün şərait yaradılmasını tələb edənlərə müxalifik. Bütün bunların həyata keçməsi bizim milli hədəflərimizə çatmağımız üçün müəyyən imkan yaradır. Odur ki, diqqətli olmaqla yanaşı, millətimizə yanlış ismarıclar verməməliyik. Qurtuluşumuz isə yalnız milli hakimiyyətimizdədir".ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar