SON XƏBƏRLƏR

KREML HƏLLEDİCİ QARABAĞ SAMMİTİ TƏŞKİL EDİR

2021.10.20, 07:36
KREML HƏLLEDİCİ QARABAĞ SAMMİTİ TƏŞKİL EDİR

Gunaz.tv
KREML HƏLLEDİCİ QARABAĞ SAMMİTİ TƏŞKİL EDİR Rusiya Azərbaycana silah verə bilər İlham Əliyev Moskvada Dmitri Medvedyevlə danışıqlar apardı Aprelin 16-da Rusiyaya səfərə gedən Azərbaycan dövlət başçısı İlham Əliyev bu ölkə prezidenti Dmitri Medvedyevlə mühüm danışıqlar aparıb. Rusiya KİV-lərinin xəbərlərinə görə, aprelin 16-da axşam İlham Əliyev Medvedyevlə Rusiya prezidentinin Moskva ətrafındakı Barvixa iqamətgahında görüşüb. Bu görüş qeyri-formal xarakter daşıyıb. Dünən isə onların arasında Borvixa iqamətgahında rəsmi danışıqlar olub. Rusiya prezidentinin Borvixa iqamətgahında ancaq çox mühüm səfərlə gələn və bu ölkə dövlət başçısı ilə yaxın şəxsi münasibətlərə malik olan qonaqlar qəbul edilir. Elə Medvedyevin Əliyevi Barvixa iqamətgahında qəbul etməsi faktı bunu deməyə əsas verib ki, Rusiya Cənubi Qafqaz regionu ətrafında cərəyan edən gərgin geosiyasi proseslərin fonunda onun səfərinə nə dərəcədə əhəmiyyət verir. Xatırladaq ki, Əliyevin Moskvaya səfəri Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına cavab olaraq Ankara ilə Bakı arasında münasibətlərdə, o cümlədən enerji sahəsində əməkdaşlıqda soyuqluq yarandığı bir vaxta təsadüf edir. Bu baxımdan bir çoxları Əliyevin Moskvaya səfərini Azərbaycanın Türkiyəyə cavab mesajı kimi şərh edirdilər. Xəbərlərə görə, Əliyev Medvedyevlə dünənki görüşün mətbuata açıq hissəsində deyib ki, Rusiya Azərbaycanın dostu, strateji tərəfdaşı və yaxın qonşusudur: «Biz qarşılıqlı münasibətlərimizi də bu əsasda inkişaf etdirmək istəyirik» deyə, o bildirib. Əliyev vəd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin artmasına səy göstərəcək. Onun dediyinə görə, məqsəd yaxın zamanlarda ticarət dövriyyəsinin həcmini ildə 3 milyard dollara çatdırmaqdır. Əliyev Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bunda Medvedyevlə arasındakı şəxsi münasibətlərin də rolunun olduğunu qeyd edib. Rusiya prezidenti isə deyib ki, Azərbaycanla münasibətlər dinamik inkişaf edir, təkcə ötən il qarşılıqlı ticarət dövriyəsinin həcmi 40 faiz artıb. «Biz müntəzəm olaraq görüşürük, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə edirik» deyə, Medvedyev bildirib. Kremldəki mənbələrdən verilən məlumatlara görə ,danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Xəzər məsələləri və enerji sahəsində əməkdaşlıq əsas müzakirə mövzuları arasında olub. Bundan əlavə prezidentlər regiondakı vəziyyəti də müzakirə ediblər. Enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının Rusiyaya satılması məsələsi əsas yer tutur. Bəlli olduğu kimi, «Qazprom» Azərbaycanın bütün ixrac qazını Avropa qiymətlərinə almaq haqda Bakıya təklif verib. Bu təkliflə bağlı tərəflər arasında ötən ayın sonlarında ilkin anlaşma əldə olunub. Gözlənilirdi ki, prezidentlər bu barədə yekun razılaşmanın əldə edilməsi istiqamətində danışıqları davam etdirəcəklər. «Kommersant» qəzeti isə xəbər verib ki, prezidentlərin danışıqlarında Qarabağ münaqişəsinə dair Kremlin yeni təşəbbüsləri müzakirə edilib. Qəzetin yazdığına görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınıın İrəvanda bir gün əvvəl keçirilən toplantısı zamanı xarici işlər naziri Sergey Lavrov bu təşəbbüs haqda prezident Serj Sərkisyanı məlumatlandırıb. Lavrov Moskvanın Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammit təşkil etmək istədiyini və bu sammitdə tərəflərin anlaşma əldə etməsini görmək istədiyini çatdırıb. Bildirilir ki, təşəbbüs Moskvada prezident Əliyevlə Medvedyev arasında müzakirə edilib. Məlumata görə, əgər Bakı və İrəvan Kremlin yeni təklifini qəbul etsələr onları mükafat gözləyir: əvəzində Rusiya Ermənistana pul, Azərbaycana isə silah verəcək. «Kommersant»ın məlumatına görə Sərkisyan Moskvada üçtərəfli Qarabağ sammitinin təşkil olunmasına razılıq verib. Bu sammitin iyun ayında Sankt -Peterburqda keçirilən ənənəvi illik iqtisadi forum zamanı baş tutacağı bildirilir. Sərkisyan sammitlə bağlı yekun razılığı isə İlham Əliyevdən sonra Moskvaya səfər edərək bildirəcək. Sərkisyanın Moskvaya aprelin 23-də səfər edəcəyi bildirilir. Qəzetin yazdığına görə Rusiya Ermənistanla Azərbaycan arasında əsa vasitəçiyə çevrilə bilib və artıq öz sülhyaratma təşəbbüsünün uğur qazanacağına şübhə etmir. «Kommersant» onu da yazıb ki, Əliyevlə Medvedyev arasında Barvixa iqamətgahında aparılan danışıqlarda iyun sammitinə hazırlıq məsələləri müzakirə olunub: «Belə görünür ki, ötən ilin payızında Moskvada belə sammit təşkil edərək Dağlıq Qarabağ münaqişəsinə dair ilk yazılı sənədin qəbul olunmasına nail olan Kreml əldə etdiyi bu uğuru daha da inkişaf etdirmək istəyir. Bu, Əliyevlə Sərkisyanın mayın 7-də Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində təşkil edəcəyi sammit zamanı görüşməyə hazırlaşdığı bir vaxtda xüsusilə mühümdür. Sözdə Moskva Praqa görüşünü alqışlayır, ancaq onun nəticə verə biləcəyinə inanmır, eyni zamanda Sankt-Peterburqda Qərbə sülhyaratma dərsi verməyə hazırlaşır". Qəzetin yazdığına görə, Kreml Ermənistana pul vəd etsə də Azərbaycana yanaşmada başqa üsuldan istifadə edir. Bildirilir ki, Azərbaycan neçə vaxtdır Rusiyadan yeni silahlar, o cümlədən tank əleyhinə raketlər, zenit-raket komlkesləri və artilleriya qurğuları almağa maraq göstərirdi. Lakin Moskva erməni amilini nəzərə alaraq bu silahları satmaq istəmirdi. İndi isə Azərbaycanın silah barədə müraciətlərinə müsbət cavab verilə bilər. Hər halda «Rosoboroneskport»dan təsdiq ediblər ki, Azərbaycan Rusiyadan silah ixracında əsas istiqamətlərdən biridir. Qeyd edək ki, Rusiyanın Qarabağ məsələsində əsas vasitəçiyə çevrilməsini Qərbdə həzm edə bilmirlər. Nəzərə alınır ki, bu cür üstün vasitəçilik həm də Cənubi Qafqaz regionunda Rusiyanın üstün rolu deməkdir. Ona görə də ABŞ və Avropa ayrı-ayrılıqda və ya birlikdə Rusiyanı qabaqlaya bilmək üçün səylər göstərirlər. Təsadüfi deyil ki, Əliyevin Moskvaya yola düşməsindən bir gün əvvəl ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza təcili Bakıya ezam edilib. Amerikalı diplomat ölkəsinin Qarabağ münaqişəsinin həllini sürətləndirməyə çalışdığını ifadə edib. ABŞ-da yaxşı bilirlər ki, əgər Qarabağ məsələsində Moskvanın Bakıya hansısa köməyi dəysə bu, cavabsız qalmayacaq. Əvəzində Azərbaycan enerji məsələsi də daxil olmaqla strateji məsələlərdə Rusiyaya meyl edə bilər. Ona görə də hazırda Qarabağ münaqişəsi ətrafında sülhyaratma təşəbbüslərinin bir-birini nə dərəcədə tamamladığı bəlli deyil. Hər halda görünən odur ki, Rusiya Cənubi Qafqazda hazırda baş aktyordur və məsələləri diqtə edir. Son məlumatlara görə, Əliyevlə Medvedyev Barvixa iqamətgahında danışıqların yekunlarına dair mətbuat konfransı keçiriblər. Medvedyev bəyan edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maksimal proqress əldə olunmasına çalışır. «Mənim mövqeyimə görə Ermənistan və Azərbaycan prezidentləri arasında görüşlər mühümdür. Eyni zamanda Rusiya öz mandatını yerinə yetirməyə hazırdır. Biz həmişə bu prosesə kömək etməyə çalışmışıq, əgər bu cür kontaktlar davam etsə və mən hesab edirəm ki, bunun alternativi yoxdur, o zaman biz münaqişənin hər iki xalqın maraqlarına cavab verəcək şəkildə həllinə nail ola bilərik». Medvedyev əlavə edib ki, münaqişəmnin həlli üçün hansısa «yeni ideyaların» meydana çıxması istisna deyil. Onun sözlərinə görə, hüquq müstəvisində qalmaq vacibdir, ancaq hansısa məqamda yeni xətt açan yeni yanaşmadan da imtina etmək lazım deyil. Rusiya prezidenti ölkəsinin münaqişənin həlli üçün bütün mümkün səyləri göstərəcəyini deyib. Onun sözlərinə görə, tərəflər bir-birlərinin mövqelərini eşidirlər: «Perspektivlər var, hər şeydən əvvəl beynəlxalq hüquq normalarına, BMT və ATƏT tərəfindən qəbul edilən qətnamələrə əsaslanmaq lazımdır. Ona görə də mən hesab edirəm ki, prinsipcə irəliyə hərəkət var, ən mühüm olanı odur ki, bu proseslərə üçüncü dərəcəli, ancaq bəzən çox mürəkkəb amillər təsir etməyib. Tərəflər özlərini təmkinli aparıblar və perspektivlərə inanıblar». İlham Əliyev isə Rusiyaya Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. O, əminlik ifadə edib ki, münaqişəni tezliklə nizamlamaq mümkün olacaq: «Əlbəttə, bu vaxta qədər nəticənin olmaması bizi sevindirə bilməz, ancaq biz ona da göz yuma bilmərik ki, danışıqlar prosesində müəyyən irəliləyiş var. Bu irəliləyiş də bizim ümidlərimizi artırır. Tərəflərin mövqeləri son vaxtlar müəyyən dərəcədə yaxınlaşıb, bir sıra məsələlər razılaşdırılıb, hansı ki, əvvəllər bunları razılaşdırmaq çətin idi. Ona görə də danışıqlar üçün yaxşı baza yaranıb. Biz ümid edirik ki, yaxın aylarda biz daha da irəli gedə biləcəyik və elə həll variantına nail ola biləcəyik ki, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları təmin olunsun». Daha sonra enerji əməkdaşlığı məsələsinə toxunulub. Medvedyev bildirib ki, Rusiya ilə Azərbaycan qaz sferasında əməkdaşlığa dair hərtərəfli müqavilə imzalamaq üçün «çox yüksək şansa» malikdir. Medvedyevin sözlərinə görə, şirkətlər birbaşa danışıqlar aparırlar və hər iki ölkənin, habelə şirkətlərin kommersiya maraqlarına uyğun müqavilənin imzalanmasına yaxınlaşıblar. «Bu, Rusiya ilə Azərbaycan arasında enerji sahəsində yeni əməkdaşlıq sferası aça bilər, əgər müqavilə imzalansa bu, iki ölkə arasında çox mühüm hadisə olardı». F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar