SON XƏBƏRLƏR

Söhbət 5 rayonun boşaldılmasından gedir

2021.10.20, 07:36
Söhbət 5 rayonun boşaldılmasından gedir

Gunaz.tv
Qabil Hüseynli: "Brayzanın fikirləri güman edirəm ki, buna hesablanıb" Rauf Mirqədirov: "Ola bilər ki, regionda və regionətrafı baş verən hadisələr Sarkisyanın mövqeyində müəyyən dəyişikliklər edib" ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza mətbuata açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsi çox yaxınlarda həllini tapacaq. O, əminliklə söyləyib ki, son 10 ildə belə əminlik və ümid olmayıb. Maraqlı məqam ondan ibarətdir ki, prezidentin Moskvaya səfərindən sonra həmsədrin belə açıqlama verməsi, reallıqdanmı xəbər verir. Yəni doğrudan da yaxın zamanlarda Qarabağ problemi həll olunacaqmı? Politoloq Qabil Hüseynlinin qənaətincə, bu gün gündəlikdə duran məsələ bütövlükdə Qarabağ probleminin həlli deyil. Onun sözlərinə görə, hazırda qarşıda duran məsələ Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş 5 rayonun qaytarılmasıdır: "Bu gün də müzakirələr o istiqamətdə gedir. Yəni Türkiyənin də Ermənistanla sərhədləri açması məsələsi, Minsk Qrupu həmsədrlərinin səyləri və prezidentin Moskvaya səfəri də məhz bu 5 rayonun geriyə qaytarılmasına həsr olunub. Bu, problemin bütövlükdə yox, müəyyən bir hissəsinin həlli anlamını verir. Amma bu məsələdə razılığa gəlinərsə, sonrakı proseslər üçün əl yeri qoyulacaq. 5 rayonun geriyə qaytarılmasında razılığa gəlinərsə, onda digər proseslər başlayacaq. Dərhal bölgəyə sülhməramlı qüvvələr gətirilməsi, bu kontekstdə "Madrid prinsipləri"nə uyğun olaraq bölgədə neçə ildən sonra referendumun keçirilməsi və Dağlıq Qarabağın son statusu ilə bağlı digər texniki məsələlər həll olunacaq. Faktiki olaraq müzakirələr 5 rayonun ətrafında başlasa da, bu prosesin həlli ilə bütöv problemin həlli arasında bir əlaqə yaradılacaq. Brayzanın da fikirləri güman edirəm ki, buna hesablanıb". Beynəlxalq şərhçi Rauf Mirqədirov isə məsələyə münasibət bildirərkən prezidentlərin əvvəlki görüşlərini yada salıb. O xatırladıb ki, hələ bir neçə il bundan qabaq prezidentlərin Buxarest və Rambuye görüşləri ərəfəsində də təxminən buna bənzər fikirlər səsləndirilirdi: "Hətta həmin görüşlərdən sonra həmsədrlər xüsusi bir bəyanatla çıxış etdilər ki, biz mümkün olan hər şeyi etdik. Bildirdilər ki, təkliflərimiz bundan ibarət idi və artığını verə bilmərik. Və bununla da faktiki olaraq münaqişənin həlli prinsiplərini ilk dəfə olaraq ümumi şəkildə açıqladılar. İndi də həmsədrlər tərəfindən eyni fikirlər səslənir ki, Dağlıq Qarabağ probleminin həllinə həddindən artıq yaxınlaşılıb. Mən düşünürəm ki, Azərbaycan və Ermənistan prezidentləri əvvəlki görüşlərində də, indi də hansı ağrılı güzəştlərə getməyi çox aydın dərk edirlər. Düzdü, o vaxt Ermənistanın prezidenti Koçaryan idi, indi Sərkisyandı. Sərkisyan isə Koçaryandan fərqli olaraq dünyada baş verən proseslərə daha çevik reaksiya verir. Ola bilər ki, regionda və regionətrafı baş verən hadisələr Sarkisyanın mövqeyində müəyyən dəyişikliklər edib. Bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması kifayət qədər realdır. Nəzərə alsaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz bəyanatında danışıqlarda regionda baş verənlərin nəzərə alındığını deyib, o baxımdan Brayzanın dediyi ola bilər". R.Mirqədirov həddən artıq optimist olmağın da tərəfdarı deyil: "Çünki hər iki ölkədə pozitiv qarşılana biləcək yüz faizli sülh şərtlərinə nail olmaq mümkün deyil. Hər iki ölkədə cəmiyyətin böyük bir kəsimi sülh şərtlərinin əleyhinə çıxacaq. Azərbaycanda situasiya bir az loyaldır. Ermənistanda isə situasiya köklü şəkildə bizdəkindən fərqlənir. Düşmən ölkənin kifayət qədər güclü müxalifəti var. Prezident seçkiləri göstərdi ki, bu müxalifətin həm dövlət strukturlarında, həm də güc strukturlarında tərəfdarları var. Həmçinin də cəmiyyətdə müxalifətin kifayət qədər güclü dəstəyi mövcuddur. Yəni Ermənistan müxalifəti real siyasi müstəvidə fəaliyyət göstərməyə malikdir. Belə bir şəraitdə Sərkisyanın nə dərəcədə həmin sülh şərtlərini cəmiyyətə qəbul etdirə biləcəyi bir qədər şübhə altındadır. Xüsusilə də nəzərə almaq lazımdır ki, Ermənistanın regionda ciddi şəkildə asılı olduğu iki dövlət var. Və onlar nə Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır, nə də ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında. Hamıya da məlumdur ki, bu gün Ermənistanın asılı olduğu bu dövlətlər Rusiya və İrandır. Onlar da Ermənistana diktə edərək sülhə maneçilik törədə bilərlər". Anar Bayramoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar