SON XƏBƏRLƏR

Metyu Brayzanın əsassız proqnozu

2021.10.20, 07:36
Metyu Brayzanın əsassız proqnozu

Gunaz.tv
Metyu Brayzanın əsassız proqnozu "Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində Azərbaycan amili də önə çıxır, ona görə də vəd verirlər ki, sərhəd açılsa, Dağlıq Qarabağ münaqişəsi tənzimlənəcək" Mart ayından bu yana dördüncü dəfə Bakıya gələn ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza diqqət çəkən açıqlama verib. Metyu Brayza deyib ki, Vaşinqton Qarabağ münaqişəsinə dair səylərini gücləndirməyi qərara alıb. Ramiz Mikayıloğlu Onun sözlərinə görə, bir- biriylə təmas quran Azərbaycan və Ermənistan prezidentləri addım-addım əks tərəfin mövqeyini öyrənir. İndiyədək prezidentlərin üç görüşü olub. Bu görüşlər liderlərdə nə kimi ağrılı güzəştlərə gedilməsinin vacibliyi haqda dolğun təsəvvür yaradır: "Prezidentlər tədricən razılığa gəlmək üçün nə kimi mübadilələrin aparılması kontekstində düşünməyə başlayırlar. Bu danışıqların təbiəti elədir ki, sıçrayışlar həqiqətən sıçrayış formasında olur. Amma görüləsi çox iş var. Mən ümid edirəm ki, qarşıdan gələn aylarda, ola bilsin ki, may və iyun aylarında bir sıçrayış əldə edə biləcəyik. Biz öz tərəfimizdən prezidentləri razılığa gətirmək üçün əlimizdən gələni edəcəyik". Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Metyu Brayza son illər dəfələrlə belə açıqlamalar verib, ancaq real nəticə görünməyib. Belə bəyanatların arxasında hansı məqsədlərin gizləndiyini üzə çıxarmaq da müşküldür. Əgər masa üzərində mərhələli həll planı varsa, birinci addımı Ermənistan atmalı və Qarabağ ətrafındakı rayonları ilk mərhələdə boşaltmalıdır. İrəvanın buna nə qədər hazır olduğu barədə məlumat yoxdur. Ermənistan bu vaxta qədər bəyanlayıb ki, Dağlıq Qarabağın statusunun bölgədə keçiriləcək referendumla həll olunacağı barədə razılaşma çərçivə sənədində yer almayana qədər işğal altındakı torpaqlardan geri çəkilməyəcək. Bununla isə rəsmi Bakı razılaşmır: "Ona görə də may, iyun ayında Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hər hansı irəliləyişin olacağı şübhə doğurur". Qeyd edək ki, ABŞ-ın yeni administrasiyası Türkiyənin Ermənistanla sərhədlərini açması yönündə təzyiqləri artırır. Azərbaycanın prosesdən narazı qaldığı bəllidir. Siyasi müşahidəçilərə görə, məhz bu səbəbdən ABŞ Azərbaycanın könlünü almaq üçün müəyyən manevrlər edir. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri də belə düşünür. Onun sözlərinə görə, ABŞ üçün hazırda Türkiyə-Ermənistan sərhədlərinin açılması daha önəmlidir. Prezident Barak Obama ermənilərə "soyqırım" vədi verib, bunu yerinə yetirmək məcburiyyəti fonunda çıxış yolu kimi Türkiyəni Ermənistanla sərhədləri açmağa tələsdirir: "ABŞ Türkiyə ilə münasibətlərə önəm verir, bölgədə Ankaraya ehtiyacı var. Həm də yuxarıda dediyim kimi, amerikalılar üçün önəmli olan Türkiyə-Ermənistanl sərhədinin açılmasıdır. Amma Dağlıq Qarabağ münaqişəsi ABŞ-a mane olmur. Ona görə də mən zənn etmirəm ki, ABŞ bu istiqamətdə fəal siyasət yürütsün. Sadəcə, görürlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində Azərbaycan amili də önə çıxır, ona görə də bizi sakitləşdirməyə çalışırlar. Yəni vədlər verirlər ki, sərhəd açılsa, bu, Azərbaycanın da xeyrinə olacaq, Dağlıq Qarabağ münaqişəsi tənzimlənəcək. Amerikalıların fəallığı sadəcə, bu istiqamətdədir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar