SON XƏBƏRLƏR

AKP-nin Qarabağ şərtindən geri çəkildiyinə dair yeni məlumat yayıldı; razılaşma üçüncü ölkədə açıqlanacaq

2021.10.20, 07:36
AKP-nin Qarabağ şərtindən geri çəkildiyinə dair yeni məlumat yayıldı; razılaşma üçüncü ölkədə açıqlanacaq

Gunaz.tv
AVROPA VƏ ABŞ ƏRDOĞANA SƏRHƏDLƏRİ AÇMAQ ÜÇÜN TƏZYİQİ ARTIRIR AKP-nin Qarabağ şərtindən geri çəkildiyinə dair yeni məlumat yayıldı; razılaşma üçüncü ölkədə açıqlanacaq Türkiyə hökuməti Avropa və ABŞ-ın ciddi təzyiqləri ilə üz-üzədir. Buna səbəb AKP hökumətinin Ermənistanla sərhədləri tezliklə açmaq barədə verdiyi, amma Azərbaycan və Türkiyə ictimaiyyətlərinin sərt etirazlarından sonra yerinə yetirə bilmədiyi vəddir. Avropa İttifaqı, sərhədlərin açılması məsələsində neçə vaxtdır çalışan Beynəlxalq Böhran Qrupu , ABŞ Dövlət Departamenti bir-birinin ardınca Türkiyəni Ermənistanla münasibətlərini normallaşdırmaq ucun yaranmış indiki fürsəti əldən buraxmamağa çağırır. Bu arada Ərdoğan hökumətinin Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Ermənistanla sərhədlərini açmağa hazır olduğunu təsdiq edən yeni məlumatlar gəlir. ABŞ-dakı Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun proqram direktoru Svante Kornell «Trend» agentliyinə açıqlamasında deyib ki, türk hökuməti ilkin şərtlər qoymadan Ermənistanla sərhədlərini açmağa hazır idi: «Lakin AKP-nin son bələdiyyə seçkilərində ciddi ölçüdə səs itirməsi, müxalifətin etirazları və Azərbaycanın sərt mövqeyi bunu önlədi». Kornell deyib ki, əgər sərhədlər açılsa belə erməni diasporunun radikal qrupları «soyqırım» məsələsində Türkiyə ilə anlaşmayacaq. Ermənistanla Türkiyə arasında münasibətləri normallaşdırmağa dair proseslərin yaxın iştirakçısı, Avropa İttifaqına bağlı Beynəlxalq Böhran Qrupu isə Türkiyəni ləngimədən sərhədləri açmağa çağırıb. Təşkilat «Türkiyə və Ermənistan: Sərhədlərin açılması, təfəkkürün açılması» adlı yeni hesabat dərc edib. Hesabatda deyilir ki, «Türkiyə və Ermənistan yaranmış fürsətdən istifadə edərək münasibətləri normallaşdırmalı və 100 ilə yaxın münaqişə girovu olan Avropa sərhədini açmalıdırlar». Sənəddə deyilir ki, tərəflər bu məqsədə aparan sazişin əldə olunmasına yaxındırlar. Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağa görə Ermənistan-Azərbaycan münaqişəsi Türkiyə-Ermənistan yekun razılaşmasını poza bilər: «Azərbaycan sərhədin açılmasının əleyhinədir, lakin Türkiyə bu fürsəti əldən verməməlidir». Hesabat müəlliflərinə görə, Türkiyə Azərbaycana anlatmalıdır ki, gərginliyin azaldılması 15 ildir ki dalana dirənmiş münaqişənin həlli şanslarını artırır. Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzer deyib: «Türkiyə və Ermənistan öz razılaşmalarını başa çatdırmalı və Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün dönüş anı yaratmalıdırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin həllini gözləməməlidirlər. Amma ABŞ, Avropa Birliyi, Rusiya və digərləri kimi kənar güclər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və Dağlıq Qarabağ prosesinin irəliləməsi üçün ümumi maraqlarını əsas tutmalıdırlar». Qeyd edək ki, Türkiyə hökumətinin yaxın günlərdə Ermənistanla sərhədləri açmağa hazırlaşdığı haqda xəbərlərin mənbələrindən biri də məhz Beynəlxalq Böhran Qrupu idi. Bu təşkilat Avropa İttifaqı, Avropa hökumətləri və siyasi çevrələri ilə yaxın əlaqələrə malikdir və Türkiyə-Ermənistan münasibətlərinə, habelə Qarabağ münaqişəsinə dair neçə vaxtdır təşəbbüslərlə çıxış edir. Türkiyə hökumətinə bağlı «Zaman» qəzeti də Ermənistanla danışıqların yeni detallarına dair məlumat yayıb. Qəzetin yazdığına görə, Türkiyə xarici işlər naziri Əli Babacanın «Ermənistanla anlaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq» sözlərinin pərdəarxası üzə çıxır. Bəlli olur ki, erməni tərəfi Türkiyənin sərhədlərin açılması və münasibətlərin qurulması üçün indiyədək irəli sürdüyü uc şərtdən ikisini qismən qəbul edib. Bunların arasında Qarabağ yoxdur. Qəzet İrəvandakı diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən yazıb ki, (bugünlərdə «Zaman» qəzetinin əməkdaşları İrəvanda olublar. - red.) iki ölkə arasında aparılan gizli danışıqlarda Ermənistan Türkiyəyə qarşı ərazi iddiasından geri çəkilməyə razılıq verib. Həmçinin 1915-ci il hadisələrini araşdırmaq üçün tarixçilərdən ibarət ortaq komissiyanın qurulması məsələsində tərəflərin mövqeləri yaxınlaşıb. Erməni tərəfi ortaq komissiyanın qurulmasına prinsipcə etiraz etməyib, ancaq onun tarixçilərdən, yoxsa həm də rəsmilərdən təşkil olunması məsələsi ilə bağlı müzakirələr davam edib. «Erməni qaynaqlarından əldə edilən məlumata görə, münasibətlərin normallaşması üçün Ankara ilə İrəvan arasında əldə ediləcək anlaşma üçüncü ölkədə açıqlanacaq. Mənbələr bu ölkənin İsveçrə ola biləcəyini, ancaq məsələnin hələ konkretləşmədiyini deyirlər» - deyə məqalədə bildirilir. Bildirilir ki, Ermənistanın ərazi iddialarından imtina etməyə razılaşması Türkiyənin müzakirələrə konstruktiv yanaşmasında əsas amil olub. Lakin Ermənistanın Türkiyənin indiki sərhədlərini müəyyən edən Qars anlaşmasını tanıyıb-tanımayacağı haqda suala erməni mənbələri konkret cavab verməyib. «Sərhədlərin açılmasından danışılır, əgər sərhədlər tanınmasa hansı sərhədlərin açılmasından söhbət gedə bilər ki?» - deyə erməni diplomatı bildirib. Qəzetin yazdığına görə, anlaşma paketində Qarabağ münaqişəsinə də toxunulur, ancaq münaqişənin həlli ilə bağlı Ermənistana hər hansı müddət və öhdəlik qoyulmur. Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla sərhədlərini açmayacağı haqda son bəyanatına baxmayaraq bir gün əvvəl Bəhreynə səfərə yola düşən prezident Abdulla Gül müəmmalı danışıb. O deyib ki, Türkiyə bölgədə vəziyyətin normallaşması istiqamətində çalışır. Türkiyə prezidenti Azərbaycanın etirazlarına da münasibət bildirib və belə deyib: «Hər məsələni televiziyalara çıxıb danışmaq düzgün deyil, bu, diplomatiya qaydalarına ziddir». Bu arada Birləşmiş Ştatlar da Türkiyənin Ermənistanla sərhədlərini açmasının vacib olduğunu bildirib. Dövlət katibinin köməkçisi Metyu Brayza «Trend» agentliyinə açıqlamasında deyib ki, Türkiyə ilə Ermənistan arasında normal münasibətlərin qurulması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına da kömək edəcək. Brayza ABŞ-ın münaqişənin həllinə kömək edəcəyini də bildirib: «Prezident Obama aydın şəkildə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair Minsk Qrupu ilə birlikdə səyləri artıracaq. Biz Qafqazda sülh və rifaha nail olmaq üçün tarixi şans əldə etmişik». F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar