SON XƏBƏRLƏR

Azərbaycan türklərinə təzyiqlərin şiddəti martda da azalmayıb

2021.10.20, 07:36
Azərbaycan türklərinə təzyiqlərin şiddəti martda da azalmayıb

Gunaz.tv
Azərbaycan türklərinə təzyiqlərin şiddəti martda da azalmayıb ADAPP Güney Azərbaycanda cərəyan edən hadisələrlə bağlı növbəti aylıq hesabatını açıqlayıb İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) növbəti aylıq hesabatını açıqlayıb. ADAPP-dan www.D-A-K.org –a daxil olan məlumata görə, sənəddə 2009-cu ilin mart ayında Güney Azərbaycanda cərəyan edən hadisələrdən söhbət açılır. Hesabatda bildirilir ki, İran adlanan yerdə Azərbaycan türklərinin insan hüquqlarının pozulması davam edir və Novruz (İran adlanan yerin təqviminə görə yeni il) Bayramında dövlət idarələri və məhkəmələrin tətil etmələrinə baxmayaraq təzyiqlərin şiddəti azalmayıb. Belə ki, azərbaycanlılar əsassız olaraq tutulur, barələrindəki ittihamlar açıqlanmadan və vəkil tutmaq haqlarından məhrum şəkildə nəzarətdə saxlanılır. “Ettelaat” həbs olunan soydaşlarımıza şiddətli işgəncələr verərək onlara əsassız ittihamları qəbul etdirir və nəticədə milli fəallara ağır hökmlər verilir. Milli fəallara ağır işgəncələr verilir 2009-cu il fevralın 5-də öz mənzilində tutulan milli fəal Ramin Sadiqi hələ də “Ettelaat”ın Ərdəbil şəhərindəki təcridxanasında saxlanılır. Soydaşımız şiddətli fiziki və psixoloji işgəncələrə məruz qalır. Müstəntiqlərin Ramin Sadiqi və qardaşı Məhəmməd Sadiqini bir neçə gün ərzində tək ayaqlarından tavana asdıqları, əsassız cinayət ssenarilərini qəbul etdirərək etiraf almaq məqsədilə məhbusu müvəqqəti saxlanma otaqlarında tutduqları, “Çarxıfələk” adlı işgəncə alətini tətbiq etdikləri, bədəninin həssas yerlərinə elektrik şoku verdikləri, şiddətlə döydükləri və şallaqladıqları, uzun muddət yuxusuz saxladıqları və təhqir etməklə əziyyət verdikləri bildirilir. Hətta Ramin və Məhməd Sadiqi şiddətli fiziki və psixoloji işgəncələr altında əsassız ittihamları etiraf etməyə məcbur qalıblar. Bu etiraflarda məhbuslar digər 3 milli fəalla birlikdə Muğan şəhərində (İran adlanan yer və Azərbaycan Respublikaları arasındakı sərhədi təşkil edən) Araz çayını keçərək sərhədin digər tərəfindəki xarici güclərlə əlaqə qurduqlarını və onlardan CD və bildiriş aldıqlarını söyləyiblər. Bununla yanaşı, məhbuslar digər azərbaycanlı fəalların əleyhinə yalan etiraflar etməyə, xüsusilə də tanınmış fəal Abbas Lisani və həyat yoldaşıla əlaqədar əssasız ittihamları qəbul etməyə məcbur olublar. Rəsmilər Sadiqinin ailəsinə istintaqın başa çatmasından sonra Novruz Bayramından əvvəl azad edəcəklərini söyləyiblər. Ramin Sadiqi Ərdəbil məhkəməsində işi araşdıran məmurun suallarına verdiyi cavablarda işgəncə altında verdiyi etirafları rədd edib. Bunun ardınca işə baxan hakim Sadiqinin təkrar “Ettelaat”ın Ərdəbil şəhərindəki təcridxanasına geri qaytarılmasına qərar verib. Məhbusun qardaşı olan Məhəmməd Sadiqi 14 Mart 2009 tarixində 17 gün nəzarətdə saxlanıldıqdan sonra 30 min dollar girov müqabilində sərbəst buraxılıb. Ramin Sadiqi daha əvvəl 2007-ci il fevralın 21-də Ümumdünya Ana dili Günüylə əlaqədar keçirilmiş tədbirlərdə bildirişlər yaydığı üçün nəzarətə alınmış və bir aydan sonra girov müqabilində sərbəst buraxılmışdı. Beynəlxalq Əfv Təşkilatı bununla bağlı yaydığı hesabatda Ramin Sadiqini “vicdan məhbusu” elan edərək onun dərhal sərbəst buraxılmasına çağırmışdı. Hərəkatçılara ağır həbs cəzaları kəsilir Rəşt şəhəri İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi Mustafavi tərəfindan azərbaycanlı insan hüquqları müdafiəçisi Vədud Əsədiyə 1 il və Rəşt Universitetinin “İnşaat mühəndisliyi” ixtisası üzrə tələbəsi Hüseyn Rəhimiyə 6 ay həbs cəzası verilib. Son iclası fevralın 28-də vəkilsiz və qapalı olaraq keçirilən məhkəmədə milli fallar "milliyyətçilik" və "rejim əleyhinə təbliğat" ittihamlarıyla mühakimə olunubar. Onlar 2008-ci ilin iyununda da Rəşt şəhərinda tutulmuş və “Ettelaat”ın yerli təcridxanasında bir aydan çox nəzarətdə saxlanılmışdılar. Bu müddət ərzində soydaşlarımız fiziki və psixoloji təyziqlərə məruz qalmışdılar. Onların vəkil və ailələrilə görüşə icazə verilməmişdi. "Front Line" 2008-ci il avqustun 8-də yaydığı bəyanatda Vədud Əsədinin azadlığa buraxılmasına çağırmışdı. “Geomorfoloji” ixtisası üzrə məzun olan Vədud Əsədi Ərdəbil Azad Universiteti Tələbə Brliyinin keçmiş sədri və nəşrinə qadağa qoyulmuş Azərbaycan mədəniyyət və folklor jurnalı "Səhər"in redaktorudur. Milli fəal daha öncə 2006-cı ilin mayında azərbaycanlıların etiraz nümayişləri zamanı Ərdəbil şəhərində tutulmuş və 40 gün nəzarətdə saxlanıldıqan sonra azadlığa buraxılmışdı. Təbriz şəhərində Şərqi Azərbaycan əyaləti Apellyasiya Məhkəməsi milli fəal İrəc Huseyniyə 2 il şərti həbs cəzası verib. Halbuki Təbriz Cəza Məhkəməsinin 11-ci şöbəsi "asayişi pozmaq və qanunsuz nümayişlərə qatılmaq" ittihamıyla soydaşımız barəsində 4 ay həbs və 30 şallaq cəzası çıxarmışdı. İrəc Hüseyni 2008-ci il mayın 21-də “İran” adlanan qəzetdəki təhqir xarakterli karikaturaya etiraz nümayişlərinin ikinci ildönümündə saxlanılmışdı. İran adlanan yerin Konstitusiyasının 27-ci maddəsinə görə, ölkədə İslam dininin əleyhine olmamaq şərtilə hər cür nümayişə qoşulmaq azaddır. Ərdəbil əyalətinə bağlı Meşkin şəhərində İnqilab Məhkəməsi milli fəal Beytullah Berzəgərə 5 ay şərti həbs cəzası verib. "CD və bildirişlər yayaraq rejim əleyhinə təbliğat və milliyyətçilik etmək" ittihamıyla mühakimə olunan soydaşımızın məhkəmə prosesi vəkilsiz və qapalı keçirilib. Məktəbli məhkəməyə çağırılıb 16 yaşlı məktəbli İbrahim Nuri Əhər şəhəri İnqilab Məhkəməsinin birinci şöbəsinə çağırılıb. “İran” adlanan qəzetdəki təhqir xarakterli karikaturaya etiraz nümayişlərinin birinci ildönümü olan 2007-ci il mayın 22-də Əhər şəhərində saxlanılmışdı. Məhkəmənin göndərdiyi çağırışda İbrahim Nurinin martın 25-də Əhər İnqilab Məhkəməsində olması istənilib. Hakim isə ona prosesin aprelin 4-də keçiriləcəyini deyib. Bir müddət əvvəl İbrahim Nuri mədəni fəaliyyətlərindən dolayı məktəb rəhbərliyinin əmrilə üç gün müddətinə dərslərdən uzaqlaşdırılmışdı. Soydaşlarımızın təhsil hüququ əngəllənir Son illərdə azərbaycanlı tələbələr bir çox təzyiqlərlə qarşılaşır, hətta intizam komitələrinə çağırılaraq təhsil hüququndan məhrum edilirlər. İran adlanan yerin Elmlər Nazirliyində universitetlər miqyasında fəal azərbaycanlı tələbələrin siyahısının tutulduğu və bu tələbələrin magistr təhsili almalarının əngəlləndiyi bildirilir. Belə ki, Tehran Universitetinin tələbəsi Qədir Qiyaninin müraciəti rədd edilib. Milli fəal 2009-cu ildə “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistraturanı qazanmasına baxmayaraq, universitetdə qeydiyyatdan keçməsinə maneə törədilib. İran adlanan yerin Elmlər Nazirliyindən ona mədəni fəaliyyətlərindən dolayı “qara siyahı”ya salındığı və magistr təhsili almasına əngəl törədildiyi deyilib. Daha əvvəl Təbriz Universitetində Emin İmami, Nahid Babazadə, Səməd Paşayi və Nadir Mehdi Qarabağ magistr təhsili almaqdan məhrum olunublar. Azərbaycan türkcəsindəki adlar dəyişdirilir Son aylarda Güney Azərbaycanın şəhələrində adları türkcə olan məkanlara qarşı məhdudiyyətlər artmaqda və onların əksəriyyəti xəbərdarlıqdan sonra bağlanmaqdadır. Martın 19-da Ərdəbil əyalətinin Təmin Şurası Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvolu Abbas Lisaniyə dükanının türkcə adının dəyişdirilməsi mövzusunda xəbərdarlıq məktubu göndərib. Ona martın 21-dək mağazanın adının dəyişdirilməyəcəyi təqdirdə, dükanın qapadılacağı bildirilib. Abbas Lisaninin sahibi olduğu dükan adını “Koroğlu dastanı!”nın Azərbaycan nüsxəsindəki "Çənlibel" qalasından götürür. Abbas Lisani 2008-ci il oktyabrın 29-da 30 aylıq həbs cəzası başa çatdıqdan sonra Yəzd həbsxanasından azadlığa buraxılıb. Qərbi Azərbaycan əyalətinin Nəqədə (Sulduz) şəhərində də türkcə adı olan mağaza və dükanlar qapadılır. Son olaraq Afşin Poyəndənin sahibi olduğu gözəllik salonu bağlanıb və dükanın fəaliyyət göstərməsinə verilən icazə ləğv edilib. Eyni şəhərdə Azərbaycan musiqisinə qulaq asan bir çox taksi sürücülərinin sürücülük vəsiqələri ləvğ olunub. Bu təzyiqlər keçən il azərbaycanlı millət vəkillərinin etirazları nəticəsində "Mağaza adlarında və lövhələrdə türkcə adlardan istifadəetmə qadağası" qanununun ləğvindən sonra tətbiq edilməkdədir. Azərbaycan sənətkarlarına təzyiqlər başlayıb Təbrizdə tanınmış musiqiçi Həsən Dəmirçinin rəhbəri olduğu "Azərbaycan" musiqi məktəbi 2009-cu il martın 11-də qapadılıb. Əvvəllər məktəb rəhbərliyi Şərqi Azərbaycan əyalətinin Təhlükəsizlik İdarəsi və “Ettelaat”ın Təbriz şəhər şöbəsi tərəfindan bir neçə dəfə təhsil fəaliyyətlərini dayandırmaları üçün təhdid edilmiş və məktəb dəfələrə bağlanmışdır. Musiqiçi Həsən Dəmirçi 2006-cı ilin mayında “İran” adlanan qəzetdə təhqir xarakterli karikaturaya qarşı etiraz nümayişləri zamanı saxlanılmış və bir il həbs cəzası almışdı. Bu zaman ərzində bağlanılan məktəb Həsən Dəmirçinin azadlığa çıxmasından sonra ədalət məhkəməsinin verdiyi icazəylə təkrar açılmışdı. "Azərbaycan" musiqi məktəbi 12 müəllim və 180 tələbəsilə Təbrizdəki Azərbaycan musiqi mərkəzlərindən biri olub, son illərdə Güney Azərbaycanın bir çox şəhərində və xaricdə müxtəlif konsertlər verib. Tələbə jurnalları qapadılır Urmiya Azad Universitetində Əmir Qəhrəmaninin rəhbərliyi altında Azərbaycan türkcəsi və farsca nəşrə hazırlanan "Yağış" jurnalı ilk sayı dərc olunmamışdan əvvəl universitetin Mədəniyyət Şurası tərəfindan qapadılıb. Urmiya Azad Universitetinin Mədəniyyət Şurası daha əvvəl universitetdə eyni adda başqa bir tələbə jurnalının yayımının "Pantürkizm (Türkçülük) fəaliyyəti" səbəbilə dayandırılmasını əsas göstərərək dərgini bağlayıb. Jurnalın bağlanma qərarı yazıların nəşrdən əvvəl baxılması üçün universitetin Mədəniyyət Şurasına təqdim edildiyi zaman verilib. Son illərdə İran adlanan yerdəki universitetlərdə mədəni fəaliyyətlərə müxtəlif əngəllər törədilir. Belə ki, redaktorlar nəşrdən öncə hazırlanan yazıları universitet səlahiyyətlilərinə verərək təsdiqlətmək məcburiyyətindədirlər. Universitetlərin Tələbə Dərgilərinə Nəzarət Şurasının bildirişlərində isə heç bir rəsmi və ya sivil strukturun, tələbə dərgilərində çıxacaq yazı və sənədləri yoxlamağa və senzura qoymağa haqqı olmadığı qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar