SON XƏBƏRLƏR

KIBRIS SEÇİM ƏRƏFƏSİNDƏ: APREL-in 19-u ADANI HARA APARACAQ?

2021.10.20, 07:36
KIBRIS SEÇİM ƏRƏFƏSİNDƏ: APREL-in 19-u ADANI HARA APARACAQ?

Gunaz.tv
KIBRIS SEÇİM ƏRƏFƏSİNDƏ: APREL-in 19-u ADANI HARA APARACAQ? Üzümüzə gələn bazar günü – aprelin 19-da Quzey Kıbrıs Türk Cümhuriyyətində növbədənkənar parlament seçkisıi keçiriləcək. Bu seçki QKTC üçün o baxımdan əhəmiyyətlidi ki, aprelin 19-da hökumət və bununla yanaşı adanın taleyi ilə bağlı aparılan siyasət dəyişə bilər. 162 minə yaxın seçicisı olan tanınmamış respublikanın qanunverici hakimiyyətinə düşmək uğrunda 7 partiya - Birləşmiş Kıbrıs, Cümhuriyyətçi Türk, Demokrat, Xalq Üçün Siyasət, Azadlıq və İslahat, Toplumçu Demokratiya və Ulusal Birlik partiyaları yarışır. Partiyaların ümumilikdə 350 namizədi var. 8 müstəqil namizəd də mübarizəyə qoşulub. Kıbrıs türkləri ilk dəfə öz millət vəkillərini 1976-cı ildə Kıbrıs Türk Federal Dövləti vətəndaşları olaraq seçiblər. Həmin seçimlərin qalibi Ulusal Birlik Partiyası (UBP) olub. 1981-ci ildə keçirilən ikinci seçkidə yenə də UBP birinciliyini qoruyub. 1983-cü ildə adanın şimalında Quzey Kıbrıs Türk Cümhuriyyəti elan olunub. Müstəqil QKTC-də ilk parlament seçkisi 1985-ci ildə keçirilib və yenə UBP şəriksiz liderliyini saxlayıb. QKTC tarixində dönüş nöqtələrindən biri 1990-cı ildə keçirilən parlament seçkisi olub. Həmin seçkilərdə solu təmsil edən müxalifət UBP-yə qarşı birləşib və birinci partiyaya çatmasa da, ona yaxın səs almaqla mövqeyini gücləndirib. Amma buna baxmayaraq müxalifət saxtakarlıq olduğunu iddia edərək parlamenti boykot qərarı verib. 1991-ci ildə bu səbəbdən ara seçki keçirilib və UBP yenidən parlamentdəki yerini möhkəmləndirib. Amma 1993-cü ildə QKTC-nin ən güclü partiyası daxilində çat yaranıb. UBP-nin millət vəkillərinin bir hissəsi istefa verərək Demokrat Partiyasını qurublar. Həmin il keçirilən növbədənkənar seçkidə ölkə tarixində ilk dəfə UBP 29,8 faiz səs alıb və DP ilə koalisiya hökuməti qurub. 1994-cü ildə bu koalisiya dağılıb və Cümhuriyyətçi Türk Partiyası siyasi tarixində ilk dəfə hökumət qurmaq şansı qazanıb. Bu hökumətin ömrü 1996-cı ilə qədər çəkib. 1996-cı ildə UBP ilə DP hökumətdə yenidən birləşiblər. 1998-ci ildə UBP mövqelərini gücləndirib və səslərini 40,4 faizə qədər artırmaqla hökumətə qayıdıb. 2003-cü il parlament seçkisində ilk dəfə sol mövqeli bir partiya – CTP 35 faiz səslə seçkidən birinci partiya olaraq çıxıb. Adanın birləşməsinə yönəlik Annan planının gündəlikdə olduğu dövrə təsadüf edən bu seçkidə UBP ikinci partiya olub. Amma bu parlament də fəaliyyət müddətini tamamlaya bilməyib. 2005-ci ildə QKTC-də yenidən erkən parlament seçkisi keçirilib. Bu seçkilərin qalibi yenə Müstəqil Güclər Hərəkatı ilə birləşən CTP olub. Amma CTP parlamentdəki 50 deputat yerinin 24-nü qazansa da, təkbaşına hökumət qura bilməyib və Demokrat Partiyası ilə koalisiyaya gedib. Bu ortaqlıq 2006-cı ilin sentyabrına qədər davam edib. UBP və DP-dən ayrılan bir neçə deputat yeni partiya yaradaraq Cümhuriyyət Məclisində cəmi bir neçə səsə ehtiyacı olan CTP-nin Sərdar Denktaşın partiyasından asılılığına son qoyublar. Hazırda QKTC-də dövlətə də, hökumətə də solçu CTP rəhbərlik edir. Sağ düşərgəni təmsil edən UBP və DP isə müxalifətdədir. Xüsusilə baş nazir Fərdi Sabit Soyerlə sağ düşərgənin təmsilçiləri və QKTC-dəki türk silahlı qüvvələrinin komandanlığı arasında gərgin münasibətlər mövcuddur. Bu gərginlik o həddədir ki, adadakı silahlı qüvvələrin komandanı beynəlxalq müşahidəçilərin, jurnalistlərin iştirak etdiyi protokol toplantılarında belə Soyerlə salamlaşmır. Bazar günü keçiriləcək seçki ilə bağlı sorğuların nəticələrin siyasətdə üstünlüyün yenidən soldan sağa keçəcəyini göstərir. Tərəfsiz araşdırma mərkəzlərinin sorğularına görə, son illərini müxalifətdə keçirən UBP 40 faizdən çox səs alaraq birinciliyi qazanacaq. Bu partiyanın əsas hədəfi təkbaşına hökumət qurmağa yetəcək qədər səs almaqdır. Amma UBP lideri Dərviş Əroğlu bütün partiylara eyni məsafədə durduqlarını, yəni hər kəsə koalisiya qapısını aça biləcəklərini bəyan edib. Sorğular hökumətdəki CTP-nin 25 faiz civarında səs ala biləcəyini göstərir. Cəmi 4 il əvvəl çox böyük üstünlüklə parlamentdəki yerlərin yarısını qazanan CTP-nin bu qədər nüfuzdan düşməsi iqtisadi problemlər, işsizlik, korrupsiya iddiaları ilə izah olunur. Digər tərəfdən, CTP-ni hökumətə gətirən şüarlar indi o qədər də populyar deyil. CTP hakimiyyətə Avropa Birliyinə yaxınlaşma, yunanlarla anlaşma şüarları, ikitoplumlu federasiya qurulmasını, embarqoları azaldacağını, iqtisadiyyatı canlandıracağını vəd edərək yiyələnmişdi. Kıbrıs türkləri rəsmi Ankaranın da dəstəklədiyi bu siyasətə inanaraq 2004-cü ilin aprelində ölkənin qurucusu Rauf Denktaşa faktiki etimadsızlıq göstərdilər. Denktaşın çağırışlarına və xəbərdarlıqlarına rəğmən 2004-cü ildə adanın hər iki tərəfində keçirilən referendumda ikitərəfli federasiyanın yaradılmasını və perspektivdə türk əsgərinin adadan çəkilməsini nəzərdə tutan Annan planına türklər “hə”, yunanlar “yox” dedilər. Referendumdan sonrakı gəlişmələr Denktaşı haqlı çıxardı – Amerika, Avropa, hətta Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycan belə Ankaraya və Kıbrıs türklərinə verdiyi vədləri yerinə yetirmədilər. İllərin siyasətçisi Rauf Denktaş isə 2005-ci ildə Quzey Kıbrısda bir daha prezidentliyə iddia etməyəcəyini açıqladı və Mehmet Əli Tələt prezident seçildi. 2008-ci ilin sentyabrında QKTC ilə Yunan Kipri arasında danışıqlar yenidən başladı. O zamandan indiyə qədər Tələtlə yunan lider DmitrisXristofyas arasında düz 25 görüş keçirilib. QKTC liderinin açıqlamalarına inansaq, bir çox məsələlərdə önəmli irəliləyişlər əldə edilib, bu ilin avqustunda, yaxud, sentyabrında əsas bazarlıq mərhələsi başlayacaq. Yunan lider isə danışıqlardakı irəliləmədən məmnun olmadığını açıqlayır və Tələtin açıqlamalarının seçkiqabağı kampaniya mahiyyəti daşıdığını deyir. Əslində Tələt də etiraf edir ki, hansısa prinsiplərdə razılaşmanın olması yekun anlaşmanın yaxında əldə ediləcəyi anlamına gəlmir. Çünki liderlər anlaşsalar belə, yekunda yenə referendum keçirilməsi lazım gələcək. 2004-cü il referendumundan “ağzı yanan” kıbrıslı türklərin ikinci dəfə də eyni mövqeni sərgiləyəcəkləri isə inandırıcı görünmür. 19 aprel seçkisində UBP qalib gəlib hökumətə yiyələnərsə, Tələtin işi daha da çətinləşəcək. Çünki Kıbrısda problemin həlli məsələsində bu iki partiyanın mövqeləri arasında ciddi fərqlər var. CTP iki qurucu dövlətin eyni siyasi haqlarına əsaslanan federasiyanın yaradılmasını dəstəkləyir. Yunan Kipri ilə müzakirələr də bu istiqamətdə aparılır. UBP isə bu prosesə qarşıdır. Dərviş Əroğlunun bu məsələyə baxışını 90-cı illərdə baş nazir olarkən söylədiyi “Çözümsüzlük ən yaxşı çözümdür” cümləsi ifadə edir. Əroğlu indi də eyni fikirdədir. O hesab edir ki, müzakirələrdə nəticə yoxdursa, bu görüntünü uzatmağa dəyməz: “Bir masada yüz il qala bilmərik”. Üstəlik, UBP lideri Tələtin və CTP-nin indiyə qədər qəbul etdiyi “tək suverenlik , “tək vətəndaşlıq” kimi prinsiplərin əleyhdarıdır və hesab edir ki, həmin prinsiplərin qəbul olunması adada yunan hakimiyyətinə razılıq vermək deməkdir. Dərviş Əroğlu adada federasiya deyil, konfederasiya qurulmasını istəyir və deyir ki, əks halda QKTC-nin mövcudiyyətini davam etdirməsi ən uğurlu variantdır. Bu baxımdan aprelin 19-dakı seçkidən UBP qalib və Əroğlu baş nazir kimi çıxarsa, Tələtin Xristofyasla danışıqları ciddi çəkildə çətinləşəcək. Amma məsələ burasındadır ki, Kıbrısda siyasi liderlər və partiyalar müzakirələri hansı şəkildə aparırlar-aparsınlar, nəticə onlardan asılı deyil. Çünki bu, sadəcə, adanın iki tərəfinin, hətta sadəcə Türkiyə ilə Yunanıstanın, Türkiyə ilə İngiltərənin problemi deyil, Türkiyə ilə Avropa Birliyinin, Türkiyə ilə ABŞ-ın məsələsidir. Könül ŞAMİLQIZI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar