SON XƏBƏRLƏR

TÜRKİYƏ-ERMƏNİSTAN GİZLİ DANIŞIQLARI DİNLƏNİLİB

2021.10.20, 07:36
TÜRKİYƏ-ERMƏNİSTAN GİZLİ DANIŞIQLARI DİNLƏNİLİB

Gunaz.tv
Rus kəşfiyyatının böyük oyunu Cenevrə danışıqlarının bütün detalları İlham Əliyevin əlindədir; məsələ ilə bağlı şok gəlişmələr var Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığı haqda xəbərlərə cavab olaraq Ankara ilə Bakı arasında münasibətlərdə ciddi problem yaranıb. Belə görünür ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın verdiyi son bəyanat da Azərbaycan tərəfinin narahatlıqlarını azaltmayıb. Elə əvvəldən belə ehtimal edilirdi ki, rəsmi Bakının prezident, parlament və hökumət səviyyəsində Türkiyəyə qarşı açıq demarşı sadəcə bu və ya digər KİV-də çıxan xəbərlərlə bağlı deyil. Çünki prezident İlham Əliyev qonşu ölkələrlə münasibətlərdə həmişə çox ehtiyatlı olub və kifayət qədər tutarlı əsaslar olmadan bu münasibətləri korlaya biləcək jestlərə yol verməyib. Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlar isə təsdiq edir ki, Azərbaycan rəhbərliyinin Türkiyə hökumətinin Ermənistanla sərhədləri açmağa hazırlaşdığı haqda kifayət qədər səhih məlumatları olub, özü də bu məlumatların əldə edilməsində, nə qədər təəccüblü görünsə də, Rusiya kəşfiyyatının köməyi var. Məlumata görə, Türkiyə ilə Ermənistan arasında iki ildir Cenevrə şəhərində aparılan gizli danışıqlar əvvəldən Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) nəzarətində olub. Bu da təəccüblü görünməməlidir. Rusiya əldən vermək istəmədiyi Cənubi Qafqaz regionu ilə bağlı baş verən bütün hadisələri və prosesləri izləyir, onları nəzarətdə saxlamağa çalışır və lazım olanda preventiv tədbirlər həyata keçirir. Mötəbər mənbə bildirir ki, Ermənistan Türkiyə ilə apardığı danışıqları əslində Rusiyadan gizli saxlamazdı və çox güman ki, diplomatik kanallarla həmin danışıqların məzmunu haqda Moskva məlumatlandırılıb. Lakin bu cür həssas və Rusiyanın maraqlarına toxunan məsələdə Kreml təkcə bir qaynaqdan- erməni diplomatlarından alınan məlumatlara etibar edə bilməzdi. Ona görə də SVR Cenevrədəki bürosu vasitəsilə danışıqları nəzarətə götürüb. Bəllidir ki, bir çox beynəlxalq təşkilatların qərargahlarının yerləşdiyi Cenevrə şəhəri həm də dünyanın aparıcı ölkələrinin xarici kəşfiyyat xidmətlərinin məskənidir. Bu şəhərdə istər ABŞ-ın, istərsə də Rusiyanın güclü kəşfiyyat büroları fəaliyyət göstərir. Bildirilir ki, SVR Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin yüksək rütbəli diplomatları arasında aparılan gizli danışıqları dinləyərək mərkəzə ötürüb. Digər tərəfdən, Kreml Ermənistan üzərində malik olduğu təsir rıçaqları vasitəsilə prosesi nəzarətdə saxlayıb. Nəhayət, danışıqlarda son mərhələ yaxınlaşıb və tərəflər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair əhatəli paket üzərində müəyyən anlaşma əldə ediblər. SVR həmin anlaşma mətnini də bütün detalları ilə birgə əldə edib. Azərbaycan tərəfinin Türkiyənin Ermənistanla apardığı gizli danışıqlardan nə zaman xəbər tutduğu bəlli deyil. Ancaq belə görünür ki, rəsmi Bakı son vaxtlara qədər nə baş verdiyi haqda ancaq Türkiyə tərəfinin izahatları ilə kifayətlənməli olub və bu izahatlara etibar edib. Son aylara qədər iki ölkə arasında təmaslar zamanı Bakı arxayın salınıb ki, Qarabağ münaqişəsi həll edilmədən sərhədlərin açılması nəzərdə tutulmur. Ancaq hər şey Cenevrə danışıqlarının detalları ələ keçəndən sonra dəyişib. Özü də bu detalları Azərbaycan tərəfinə Türkiyə rəsmiləri deyil, Rusiya kəşfiyyatı ötürüb. Məlumata görə, Cenevrə danışıqlarının Rusiya kəşfiyyatı tərəfindən izlənildiyini bilən Azərbaycan rəhbərliyi bəzi məlumatlar əldə edə bilib. Təqribən iki həftə əvvəl isə SVR direktoru Bakıya səfər zamanı bütün dosyeni İlham Əliyevə təqdim edib. Xatırladaq ki, SVR direktoru Mixail Fradkov Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikovla birlikdə MTN-in yubiley mərasimlərinə qatılmaq üçün Bakıda səfərdə olub. Bu səfər zamanı Rusiyanın xüsusi xidmət və kəşfiyyat xidmətlərinin rəhbərlərinin prezident Əliyevlə görüşü də keçirilib. Gizli Cenevrə danışıqlarına dair dosyenin Azərbaycan tərəfinə ötürülməsinin Bakının xahişi, yaxud Kremlin öz istəyi əsasında baş verdiyi məlum deyil. Ancaq orası məlumdur ki, Azərbaycan və Rusiya xüsusi xidmət orqanları arasında bu cür dosye mübadiləsi birinci dəfə deyil. Məsələn, 2005-ci il parlament seçkiləri ərəfəsində prezident Əliyevin keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və bəzi müxalifət liderləri barədə dosyeni Bakıda qəfil peyda olan o vaxtkı SVR direktoru Aleksandr Lebedevdən aldığı məlumdur. Məlumata görə, məhz SVR-in təqdim etdiyi dosyedən sonra Azərbaycan rəhbərliyi Türkiyə hökumətinin ondan gizli Ermənistanla nə danışdığını bilərək məsələnin hansı yerdə olduğunu anlayıb. Məlum olub ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla sərhədləri açmağa, qarşılıqlı diplomatik münasibətlər qurmağa və ciddi miqyasda ikitərəfli iqtisadi əməkdaşlıq başlatmağa hazırlaşır. Anlaşma paketində Qarabağ məsələsi haqda danışılır, ancaq Ermənistanın işğal etdiyi əraziləri azad etməsinə dair hər hansı konkret öhdəlik götürməsi nəzərdə tutulmur. Nəticədə Əliyev Türkiyəyə səfərdən imtina etməyə də həmin dosyedən sonra qərar verib. Bildirilir ki, diplomatik kanallarla Türkiyə tərəfinə Azərbaycanın Ankara-İrəvan danışıqlarının əsl mahiyyətindən xəbərdar olduğu çatdırılıb və ciddi etiraz ifadə olunub. Bu etirazın Ankaraya ezam edilən xarici işlər nazirinin müavini Araz Əzimov vasitəsilə çatdırıldığı da məlum olub. Məhz SVR-in dosyesindən sonra Azərbaycan hakimiyyəti Türkiyə hökumətinin siyasətinə qarşı ictimai etiraz kampaniyası başladıb. Rusiya kəşfiyyatının Türkiyə-Ermənistan gizli danışıqlarının detalları haqda Azərbaycanı məlumatlandırması haqda xəbər bir qədər təəccüblü görünə bilər. Çünki sərhədlərin açılması Rusiyanın Cənubi Qafqazdakı hərbi müttəfiqi Ermənistanı gücləndirəcək və ağır vəziyyətdə olan iqtisadiyyatını dirçəltməyə kömək edəcək. Bəs, nədən SVR bu gizli plan haqda Bakını xəbərdar edərək onun ən azından təxirə salınmasına səbəb olub? Bu sualın cavabını Rusiyanın Cənubi Qafqaz regionundakı geosiyasi maraqları içərisində axtarmaq gərəkdir. Məsələ ondadır ki, Türkiyənin Ermənistanla sərhədlərini açması bir tərəfdən Rusiyanın maraqlarına uyğundur. Çünki ötən il Gürcüstan ətrafında cərəyan edən hadisələr zamanı bu ölkədən keçən dəmir yolunun bağlanması Ermənistanın vəziyyətini mürəkkəbləşdirdi. Rusiyanın bu ölkədəki hərbi bazası üçün yeganə quru təchizat yolu Gürcüstan üzərindən keçir. Lakin Türkiyənin Ermənistanla sərhədləri açması planının ABŞ-ın rəhbərliyi altında cərəyan etdiyini görən Rusiya onun reallaşmasında qətiyyən maraqlı ola bilməzdi. Kremldə başa düşürlər ki, sərhədlərin ABŞ-ın patronajlığı altında açılması Ermənistan üzərində Rusiyanın təsirini xeyli zəiflədəcək. Hazırda Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın əlindədir, ancaq sərhədlər açılsa Ermənistan öz iqtisadiyyatını şaxələndirmək və inkişaf etdirmək üçün çox mühüm imkanlar qazanacaq, qısa müddət ərzində Ermənistan iqtisadiyyatına investisiya yatırılmasında Türkiyə Rusiyanı qabaqlayacaq. Ona görə də Rusiya üçün sərhədlərin açılması geosiyasi baxımdan əlverişli ola bilməzdi. Elə buradaca digər sual meydana çıxır: bir halda ki, Ermənistan üzərində Rusiya bu qədər təsirə malikdir, o zaman nədən Kreml sərhədlərin açılması planını Ermənistana göstəriş verməklə deyil, Azərbaycanı məlumatlandırmaqla önləyib? Məlum olur ki, Kreml bu məsələdə bir güllə ilə iki dovşan vurub. Azərbaycanı gizli danışıqlar haqda məlumatlandıraraq, Ankara ilə Bakı arasında müəyyən gərginliyə səbəb olub və beləliklə, Türkiyə hökumətinin, ona dəstək verən ABŞ-ın Qafqaz planlarını pozub, digər tərəfdən, Azərbaycanı öz yanına çəkmək üçün yaxşı fürsət qazanıb. Təsadüfi deyil ki, Azərbaycanla Rusiya arasında qaz anlaşmasının imzalanması da bu ərəfəyə təsadüf etmişdi. Aprelin 16-da isə prezident Əliyev Moskvaya ikigünlük səfərə gedir. Türkiyə hökumətinin planlarından xəbərdar olan Əliyev üçün isə vəziyyəti tarazlaya bilməkdən ötrü Rusiya istiqamətinə manevr etməkdən başqa yol qalmırdı. Bir gün əvvəl erməni mənbələri Əliyevin səfəri ilə eyni vaxtda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın və Ermənistan prezidenti Serj Sərkisyanın da Moskvada olacaqları haqda xəbər yaymışdı. Dünən Türkiyə mənbələri Ərdoğanın yaxın zamanlarda Rusiyaya səfər planının olmadığı haqda məlumat yayıblar. Ancaq gələn ay Ərdoğan ABŞ-a səfər edəcək, yaxın günlərdə isə ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə gələcək. Sərkisyanın Moskvaya gedəcəyi haqda məlumatlar da hələ rəsmi təsdiqini tapmayıb. Ancaq şübhə yoxdur ki, Moskva işin içindədir və onun başı üzərindən Qafqazda hansısa planların reallaşmasına mane olacaq gücdədir. M.MEHDİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar