SON XƏBƏRLƏR

İranın nüvə silahı Azərbaycana qarşı çevrilə bilərmi?

2021.10.20, 07:36
İranın nüvə silahı Azərbaycana qarşı çevrilə bilərmi?

Gunaz.tv
İranın nüvə silahı Azərbaycana qarşı çevrilə bilərmi? Rasim Ağayev: «Bu təhlükə birinci növbədə Tehranın özünə qarşı olacaq» Araz Əlizadə: «Azərbaycan İran tərəfdən heç bir təhlükə gözləmir» İranın nüvə silahı əldə etməsi yönündə çalışmaları başda ABŞ olmaqla Qərbi narahat etməkdədir. Bu narahatçılıq Azərbaycan rəsmiləri tərəfindən də bir neçə dəfə dolayısı yolla dilə gətirilib. Ötən gün isə qonşu ölkə parlamentinin sədri Əli Laricani bildirib ki, artıq İranın nüvə dövləti olması ilə barışmaq lazımdır. Bununla da Tehran rəsmisi qonşuları ilə bərabər iri dövlətlərə də sərt mesajlarını çatdırıb. Politoloq Rasim Ağayev bəyanatda iki başlılıq olduğunu xatırladıb: «Laricaninin bəyanatında ya nüvə silahından, ya da bu silahın dinc imkanlardan söhbət gedir. Bəyanat Azərbaycana bilavasitə təhlükə törədə bilməz. O mənada ki, İran nüvə silahı əldə etsə, bu təhlükə birinci növbədə Tehranın özünə qarşı olacaq. İkinci, İran nüvə silahı əldə etsə, Azərbaycanın əleyhinə istifadə edə bilməz. Ona görə ki, həm qonşuyuq, həm də bu ölkədə əhalinin əksəriyyəti azərbaycanlılardır. Bu açıqlamanın mahiyyətində İranın regional dövlət kimi möhkəmlənməsi dayanır». Politoloq hesab edir ki, İranın regional dövlət kimi möhkəmlənməsinin də Azərbaycana təhlükəsi minimaldır: «Çünki Azərbaycan dünyada tək deyil və hər halda beynəlxalq qüvvələrə söykənmək imkanımız var. Nəhayət, Azərbaycanla İran arasında fövqəladə antoqonizm yoxdur. Əksinə, bu xalqlar uzun müddət birgə yaşayıblar və mədəni-iqtisadi təsirlər qarşılıqlı olub. Əgər münasi bətləri dərinləşdirsək, qarşı tərəfdən təhlükə daha da minimallaşacaq». R.Ağayev qeyd etdi ki, İran kimi Pakistan və İsrail də nüvə dövlətidir. Amma qonşularına ciddi təhlükə yaratmırlar: «Artıq dünyada belə təsəvvür yaranıb ki, nüvə silahı müharibə yox, kainatı dağıtmaq silahıdır». ASDP həmsədri Araz Əlizadə Azərbaycanla İran arasında müharibə şəraitinin olmadığını əsas gətirərək heç bir təhlükə olmadığını bildirdi: «Bu baxımdan Azərbaycan İran tərəfdən heç bir təhlükə gözləmir. Ona görə də bizim Laricaninin bəyanatı ilə bağlı narahatlıq bildirməyimizə ehtiyac yoxdur». A.Əlizadə inanmır ki, İran nüvə silahı əldə edəcək: «Əgər əldə etsə belə, bu, Azərbaycana qarşı yox, İsrailə qarşı olacaq». Natiq CAVADLI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar