SON XƏBƏRLƏR

İranda seçki saxtakarlığı narahatlığı

2021.10.20, 07:36
İranda seçki saxtakarlığı narahatlığı

Gunaz.tv
İranda seçki saxtakarlığı narahatlığı GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi Ali Dini Şuranın baş katibi Əhməd Cənnətini hazırki prezident Mahmud Əhmədinejadı müdafiə etməkdə günahlandırıb. O, açıq məktubla Cənnətiyə müraciət ünvanlayaraq bildirib ki, "seçkilərdə hansısa bir saxtakarlıq olarsa, sizin Şuraya (Ali Dini Nəzarət Şurası) müraciət etmək lazımdır, sizin əlinizdən şikayət etmək üçün kimə üz tutaq". Xatırladaq ki, Əhməd Cənnəti bundan əvvəl Əhmədinejadın prezidentlik dövründə ölkənin analoqu olmayan inkişafa nail olmasını dəfələrlə bildirib. O, İran xalqının düşmənlərinin "İranda Qərbə meylli namizədlərin prezident olmasına çalışmasını" və "rəngli inqilaba cəhdlərini" vurğulayaraq xalqa xəbərdarlıq edib. Bu arada sabiq prezident Məhəmməd Xatəminin müavini Məhəmməd Əbtəhi bildirib ki, növbəti prezident seçkilərində saxtakarlığın olacağıyla bağlı ciddi narahatlıq var: "Cənnətinin bəyanatı növbəti prezident seçkilərilə bağlı islahatçılar düşərgəsinin narahatlığının artmasına səbəb olub. Seçkilərdə saxtakarlığın qarşısını almaq üçün "bir sıra" vədlər verilib, amma bunlar qənaətbəxş deyil". Milli Etimad Partiyasının Mərkəzi Şurasının üzvu Əbülfəzl Şükuri isə vurğulayıb ki, keçən həftə Əhməd Cənnəti seçkilərə nəzarət heyətilə keçirdiyi iclas zamanı verdiyi bəyanatda açıq şəkildə Əhmədnejadı dəstəkləyib. Onun sözlərinə görə, Konstitusiyaya əsasən, Nəzarətçi Şuranın hər hansı bir namizədi müdaifə etməsi qanunsuzdur: "Cənnətinin bəyanatı qanunazidd olduğu üçün Kərrubi açıq məktubla Ali Dini Nəzarət Şurasına müraciət ünvanlayıb". Bu arada İranda prezident seçkilərinə nəzarət edən Ali Dini Nəzarət Şurası islahatçılar düşərgəsinin seçkilərdə saxtakarlığa yol veriləcəyilə bağlı narahatlıqlarına reaksiya olaraq bəyanat yayıb. Qurumun rəsmi saytında yayılan bəyanatda iyunun 12-də keçiriləcək prezident seçkilərində hər hansı bir saxtakarlığa yol verilməyəcəyi vəd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar