SON XƏBƏRLƏR

BİZ XOŞ NİYYƏTLƏ YOLA ÇIXDIQ

2021.10.20, 07:36
BİZ XOŞ NİYYƏTLƏ YOLA ÇIXDIQ

Gunaz.tv
Hulusi Kılıc: «İki qardaş ölkə arasında təmas kanallarının hamısı açıqdır» Türkiyənin ölkəmizdəki böyükelçisi sayın Hulusi Kılıca suallarımızı təxminən bir həftə öncə göndərmişdik. O zaman ki, Ankara-İrəvan münasibətləri ilə bağlı Azərbaycanın və qardaş ölkənin ictimai-siyasi həyatında böyük bir həyəcan, gərginlik yaşanırdı. Bu gərginlik ABŞ prezidenti Barak Obamanın Türkiyə səfəri ilə özünün pik nöqtəsinə çatdı. Lakin ötən həftə AKP iqtidarının yüksək çinli rəsmiləri, habelə prezident Abdullah Gül səviyyəsində verilən müəyyən sakitləşdirici bəyanatlar «bir millətin iki dövləti» arasında gərginliyi, demək olar, aradan qaldırdı. Hərçənd Türkiyə mətbuatı hələ də sərhəd təhlükəsinin sovuşmadığını, məsələnin hətta bu ilin sonu, gələn il yenidən gündəmə qayıdacağını («Zaman» qəzeti) yazmaqdadır.' O üzdən, yəni proseslərin sürəkli getməsi nədəniylə hörmətli səfirin suallarımıza ünvanladığı yazılı cavablardan bəziləri bizdən asılı olmayan səbəblərdən öz aktuallığını itirmiş oldu. Bununla belə, diplomatın bir çox fikir və düşüncələrinin iki ölkə münasibətlərini həssasiyyətlə izləyən oxucularımız üçün maraqlı olacağı qənaətindəyik. Bütün hallarda hörmətli səfirə suallarımızı cavablandırdığı üçün «Yeni Müsavat» adından dərin təşəkkürümüzü bildiririk. Beləliklə cavablara keçirik... *** Obamanın Türkiyə səfərinin həm bölgə, həm də Türkiyə və Azərbaycan üçün önəmini yüksək qiymətləndirən böyükelçi öncə ölkəsinin regionda daha təsirli rol oynayacağına əminlik ifadə edir və Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması müstəvisində bölgə ölkələrini bir araya gətirmək yönündə səyləri davam etdirəcəklərini qeyd edir: «Biz belə bir xoş niyyətlə yola çıxdıq. Hazırda region dövlətlərinin hamısını prosesə cəlb etmək üçün səylərimiz davam edir». Türkiyənin Ermənistanla sərhədləri birtərəfli qaydada açacağı ilə bağlı Azərbaycan ictimai rəyində yaşanan əndişəyə toxunan səfir sərhədlərin Qarabağ şərti olmadan açıla biləcəyi ilə ilgili ölkəsinin ali rəsmi şəxslərinin açıqlamalarını xatırladır və əlavə edir: «Sərhədlər açılmayacaq, bunu dəfələrlə söylədik. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov aprelin 9-da Türkiyə prezidenti və baş nazirinin açıqlamalarına diqqət yetirməyin zəruriliyini ifadə edib. Türkiyənin hədəfi bir tərəfdən Azərbaycanla Ermənistan, digər tərəfdən isə Türkiyə ilə Ermənistan arasında problemləri çözməkdir». «Bəs Ermənistan uydurma «soyqırım» məsələsində geri addım atmayacağı təqdirdə sərhədlərin açılması ümumiyyətlə, yenidən müzakirə mövzusu ola bilərmi» sualına cavab belə olub: «Türkiyə soyqırım iddialarını tarixçilər və elm adamlarının öhdəsinə buraxmağı təklif edib. Biz bunu bütün incəliklərinədək dilə gətirdik. Ermənistanı ortaq tarix komissiyası yaratmağa dəvət etdik, arxivlərimizi açdıq. Bundan artığını etməmiz mümkünsüz bir iş. Təbii ki, sərhədlər qeyd-şərtsiz açılmayacaq». Səfirə ünvanladığımız digər sual son vaxtlar Azərbaycan və Türkiyə rəhbərləri arasında müşahidə edilən və iki ölkə mediasının da diqqət yönəltdiyi soyuqluqla bağlı idi. Görəsən, diplomat belə məlumat və şərhləri bölüşürmü? Bölüşürsə, soyuqluğun gerçək motivləri nədən ibarət ola bilər(di)? Cavab: «Bununla bağlı əlimizdə hansısa rəsmi informasiya yoxdur. Əgər sayın prezident İlham Əliyevin mədəniyyətlərarası konfransa qatılmamasını nəzərdə tutursunuzsa, hörmətli prezident Əliyevin cümhurbaşqanımız Gül və baş nazirimiz Ərdoğanla təmasları davam edir. İki ölkə arasında təmas kanallarının hamısı açıqdır». Azərbaycan rəhbərliyinin Rusiya ilə qaz anlaşması yönündə danışıqlara başlaması barədə xəbərlərlə bağlı qardaş Türkiyədə rahatsızlığın yaşanıb-yaşanmadığı, Türkiyənin də mühüm yer aldığı «Nabucco» layihəsinin gündəmdən çıxması təhlükəsinə qarşı rəsmi Ankaranın hansı təkliflərə malik olması barədə suala diplomatın münasibəti belə olub: «Bildiyimiz kimi, ARDNŞ-lə «Qazprom» arasında ötən günlərdə imzalanan anlaşma müqaviləsi ARDNŞ-in əlindəki artıq qalan təbii qazın Rusiyaya satılması niyyəti güdür və bu xüsusda müzakirələrin 2010-cu ilin yanvarında başlanması nəzərdə tutulub. Eyni zamanda, iki tərəf arasında anlaşmanın «Şahdəniz-2» yatağından çıxarılacaq təbii qazın «Nabucco» layihəsi üzrə nəqlinə təsir etməyəcəyi söylənilib. Başqa yandan, Türkiyə ilə Azərbaycan arasında «Şahdəniz-2" yatağından hasil olacaq qazın ixracı ilə bağlı müzakirələr davam edir və bu zaman hər bir ehtimal və fikir ayrılığı ayrı-ayrılıqda ciddiyə alınmaqdadır. Bu çərçivədə iki tərəf arasında qısa zamanda anlaşma əldə ediləcəyinə ümidliyik». İki ölkə iqtidarları arasında münasibətlərə PKK ilə mübarizə amilinin, Azərbaycanda PKK simpatizanlarının fəallaşmasının hansı təsiri göstərməsinə gəlincə, səfirin sırf diplomatik tərzdə verdiyi cavabı isə ixtisarla diqqətinizə çatdırırıq: «Terrorla mübarizə uzun sürən işdir. Dünyanın hər yerində belədir. Türkiyə də terrorla mübarizədə uzun zamandır savaş içindədir. Xüsusilə son bir ildə sərhədin o üzündə aparılan əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin əldə etdiyi uğurlar terror hörgütünü mənən çökdürüb. PKK-ya qarşı mücadilə terrorizmə qarşı beynəlxalq miqyasda aparılan mübarizənin tərkib hissəsi kimi yer almaqdadır». Zahid SƏFƏROĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar