SON XƏBƏRLƏR

Canımız Azərbaycanın küsməsini istəmərik

2021.10.20, 07:36
Canımız Azərbaycanın küsməsini istəmərik

Gunaz.tv
Türk Ocaqları genəl başqanı Nuri Gürgür: "Azərbaycanın inciməsi Türkiyənin təməl prinsiplərinin itirilməsi deməkdir" Son günlər Türkiyə-Ermənistan sərhədinin açılacağına dair yayılan xəbərlər həm Türkiyədə, həm də Azərbaycanda narahatlıqla qarşılanmaqdadır. Türkiyənin qocaman və nüfuzlu ictimai qurumlarından olan Türk Ocaqlarının genəl başqanı, Ankara Ticarət Odasının Məclis başqanı doktor Nuri Gürgürlə müsahibəmizdə də bu etirazlar və digər məsələlərlə bağlı suallara cavab aldıq. - Son günlər Türkiyə-Ermənistan sərhədinin açılacağına dair yayılan xəbərlərə Azərbaycan tərəfinin etirazını necə dəyərləndirirsiniz? - Biz Azərbaycana "can Azərbaycan" deyirik. Bu ifadəyə dərindən fikir verilməlidir. Yəni, can Azərbaycan demək, Azərbaycanın bizim üçün canımızın, ürəyimizin olması deməkdir. Bunun üçün də biz canımız Azərbaycanın inciməsini, küsməsini qətiyyən istəmərik. Azərbaycanın inciməsi Türkiyənin təməl prinsiplərinin itirilməsi deməkdir. Çünki Azərbaycan bizim türk dünyası ilə əlaqələrimizin mərkəzi, açarı rolunu oynayır. Türkiyənin həm Cənubi Qafqaz, həm də Orta Asiyada öz siyasətini inkişaf etdirməsi üçün Azərbaycanla çox canlı və çox dərin münasibətlər qurması lazımdır. Lakin bunun əksinə hərəkət etmək bağışlanmaz səhv olardı. Və bu sadəcə Azərbaycanla Türkiyənin düşmənlərinin işinə yaraya, erməniləri, rusları sevindirə bilər. Və son günlər Türkiyə ictimaiyyəti məsələyə kəskin əks-reaksiya verməklə Azərbaycanın yanında olduğunu bir daha təsdiqlədi. Türkiyə siyasətçisi ilə, xalqı ilə Azərbaycanın istəmədiyi bir anlaşmanı qətiyyən qəbul etməz. Bunu hər kəs gözəl bilməlidir. Konkret olaraq təmsil etdiyim təşkilata gəlincə, biz Türkiyə-Ermənistan sərhədlərinin açılması xəbərlərinə etiraz əlaməti olaraq bəyanat yayan ilk qurumlardan olmuşuq. Hesab edirik ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Ermənistanla sərhədləri açmaq olmaz. Əvvəla ona görə ki, Azərbaycanla Türkiyə dahi Heydər Əliyevin də qeyd etdiyi kimi "Bir millət iki dövlət"dir. Digər tərəfdən isə Ermənistana bir işğalçı ölkə kimi yanaşmaq beynəlxalq norma və prinsiplərin tələbindən irəli gəlir. Qısası, Azərbaycandakı qardaşlarımız əmin olsunlar ki, Türkiyə qətiyyən Azərbaycanın istəmədiyi bir anlaşmaya qol qoymaz. Yəni, türk ictimaiyyəti daima Azərbaycanın yanındadır. Bütün gücümüzlə sizin yanınızdayıq. - Ötən həftənin sonuna doğru baş nazir Rəcəb Tayyib Ərdoğanın son bəyanatını necə dəyərləndirirsiniz? Bu bəyanat "Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Ermənistanla sərhədlər açılmayacaq" qətiyyətinini ifadə edir, yoxsa, indiki halda sakitlik yaratmağa xidmət edir? - Türkiyənin baş naziri bunu son dövrlər bir deyil, üç dəfə bəyan edib. Yəni, bu Türkiyə hökuməti və dövlətinin rəsmi mövqeyi deməkdir. Artıq bu bəyanatla baş nazir Rəcəb Tayyib Ərdoğan "Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq" hökmünün altına imzasını atmış oldu. Daha doğrusu, bu bəyanatlardan sonra bundan geriyə dönüş olmaz. Ona görə də bu bəyanatlar çox önəmlidir və Azərbaycanda da belə dəyərləndirilməsi doğru olar. - Türkiyə parlamenti nümayəndə heyətinin Azərbaycana səfərinə də bu prizmadan yanaşmaq doğru olarmı? - Əlbəttə. Türkiyəli parlamentarilərin Bakıya səfiri də rəsmi Ankaranın Azərbaycanla bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyir. - Düşmənlərin istəyi ilə Azərbaycanla Türkiyə arasından bir soyuqluq keçdi. Artıq bu soyuqluğun aradan qaldırılması istiqamətində müəyyən addımlar atılması gözlənilir. Bütün bunlar tezliklə bu soyuqluğun tamamilə aradan qalxacağını söyləmək olarmı? - Bu soyuqluğun aradan qalxması olduqca asan işdir. Sadəcə, Azərbaycanın hörmətli prezidenti ilə Türkiyənin prezidenti bir daha balkondan xalqı salamlayıb, qucaqlaşdıqları zamanı bu küskünlük ortadan qalxacaq. Çünki iki xalq bir-birindən ayrı deyil ki, bir-birindən soyusunlar. Bunu hər kəs bilməlidir ki, Türkiyə və Azərbaycan xalqları arasında tarixin bütün sınaqlarından çıxmış qardaşlıq əlaqələri var və heç bir güc bu əlaqələrə ziyan vura bilməz. Aqil CAMAL

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar