SON XƏBƏRLƏR

Kreml Bakını yeni bloka çəkir

2021.10.20, 07:36
Kreml Bakını yeni bloka çəkir

Gunaz.tv
Kreml Bakını yeni bloka çəkir "Tərəfdaşlarımızla təmaslarımızdan belə nəticəyə gəlirik ki, danışıqların iştirakçıları Xəzərin akvatoriyasının delimitasiası və dənizin cənub hissəsinin dibinin sərhədlərinin müəyyənləşdirilməsi məsələlərində anlayışa yaxınlaşıblar". Rusiyanın XİN başçısı Sergey Lavrovun dediyinə görə, tərəflərin Xəzər dənizinin hüquqi statusu ilə bağlı qətnamənin yekun mətnini razılaşdıracaqlarına ümid edir. Moskvada Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın qatıldığı 25-ci sammitdə müzakirə edilən əsas məsələ Xəzərin statusu olsa da, nəzərdən keçirilən problemlər arasında regionun nəqliyyat infrastrukturunun inkişafı, ekologiya, xüsusilə də nərəkimi balıqların qorunması, habelə energetika sahəsində əməkdaşlıq da vardı. "Moskva hazırda Xəzər dənizində iqtisadi əməkdaşlıq təşkilatınının yaradılmasına çalışır. Bu təşkilatın ərsəyə gətirilməsi hələ sahilyanı dövlətlərin Tehran sammitində nəzərdə tutulmuşdu. Təşkilatla bağlı müzakirələrin Xəzəryanı ölkələrin Bakıda keçiriləcək növbəti zirvə toplantısında davam etdiriləcəyini düşünürük", - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi. Kremlin istəyi Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı (XİƏT) adlı qurumu yaratmaqdır. Rusiyanın XİN başçısı S.Lavrov da Xəzərin statusu ilə bağlı qətnamənin hazırlanması ilə bağlı işçi qrupun iclasında bildirib ki, XİƏT-in yaradılması olduqca aktual məsələdir: "Belə qurum regional əməkdaşlığın fəallaşmasına rəvac verə bilər. Xəzəryanı dövlətlərin Bakıda keçiriləcək növbəti toplantısında XİƏT-lə bağlı daha konkret təkliflər nəzərdən keçiriləcək". S.Lavrov sammitin başlandğı gündəki çıxışında açıq danışmayıb bir sıra məsələlərə üstüörtülü mesaj versə də, Kremlin niyyəti aydındır. Sahilyanı dövlətlərin Tehranda keçirilmiş ötən sammitində "regional əməkdaşlıq priorietləri" siyahısına iqtisadi ünsürlər, habelə təhlükəsizlik məsələləri blokunu daxil edən Rusiyanın ilkin məqsədi yeni regional hərbi-siyasi təşkilatın yaradılmasıdır. Moskva bu təşkilat çərçivəsində "kollektiv müqavimət və mübarizə qüvvələri"nin gündəmə gətirilməsini də nəzərdə tutur. Yəni Rusiya faktiki olaraq Xəzəryanı dövlətləri yeni, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində olan və kağız üzərində "anti-NATO" sayılan blokun törəmə strukturuna dəvət edir. Bu strukturun nə zaman yaradılacağı, formatı və ən başlıcası isə məqsədləri məlum olmasa da, həmin qurumun heç bir halda Avro-Atlantik inteqrasiyaya yönəlmədiyi bəlli. Rusiya Xəzəryanı dövlətlərin yeni hərbi blokunu yaratmaqla ABŞ və Avropa Birliyinin regiondakı fəallığını azaltmaq, onların təsir imkanlarını mümkün qədər zəiflətmək və sonda cənubda İran, şimalda Rusiya tipli hərbi alyansı quraraq Azərbaycan, Türkmənistan və Qazaxıstanı da orada görmək istəyir. Qazaxıstan hərbi baxımdan zatən Rusiyanın tam nəzarətindəki dövlət sayıla bilər: rəsmi Astana ordu quruculuğundan tutmuş, hərbi-texniki müqavilələrin imzalanmasınadək ən geniş spektrdəki məsələlərdə Moskvanın razılığını almadan hərəkət etməkdən aşkar şəkildə çəkinir. Türkmənistan rəsmən neytrallığınnı qoruyub heç bir bloka qoşulmaya və ən başlıcası, məntiqi hərbi-strateji siyasəti olmayan dövlət təsiri bağışlasa da, Aşqabadın silahlı qüvvələrinin Kremlin narazılığına səbəb olacaq hansısa tərəfdaşlıq proqramına qatılması mümkünsüz məsələdi. Bu baxımdan İrandan savayı, digər sahilyanı dövlətlərin sözügedən hərbi təşkilata cəlb edilməsi əslində Azərbaycanı Qərb istiqamətli hərbi-texniki və siyasi tərəfdaşlıqdan ayırmaq, Bakının NATO ilə tərəfdaşlıq proqramlarında iştirakı və fəaliyyətini zəiflətmək məqsədi güddüyünü də söyləmək olar. Rusiya və İran kimi zahirən dost, əslində isə qəvi düşmən olan iki ölkənin qatılmaq istədiyi strukturda Azərbaycanın maraqlarının nə olacağı, ən əsası isə Bakının özünü orada necə hiss edəcəyi isə bir başqa məsələdi. İstənilən halda nə Moskva, nə də Tehran Azərbaycanın Xəzər regionunda real qüvvəyə dönməsini istəmir. Tam əksinə, bu dövlətlər ölkəmizi laqeyd seyrçi mövqeyi tutan, bölgədəki önəmli olaylara fəal müdaxilə etməyən tərəf kimi görmək istəyirlər. Moskvada keçirilən "Xəzər sammiti"nin bir məqsədi də Bakıya belə mənzərini "başa salmaq", Azərbaycanı "labüd güzəştlər"ə və "regional əməkdaşlığın aktivləşdirilməsinə" razı salmaqdı. Xatırladaq ki, Xəzər dənizinin beynəlxalq-hüquqi statusu SSRİ ilə İran arasında 1921 və 1940-cı illərdə imzalanmış müqavilələr əsasında tənzimlənirdi. Yeni hüquqi statusun axtarışları hələ davam etsə də, bəzi sahilyanı ölkələr arasında ikitərəfli anlaşmalar var. 2001-ci ilin noyabrın 29-da və 2003-cü ilin fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzərin təkinin bölünməsi barədə anlaşma və protokol imzalanıb. 2003-cü ilin mayın 14-də isə Qazaxıstan, Azərbaycan və Rusiya arasında dənizdə həmsərhəd bölgələrin kəsişmə xətlərinin müəyyələnləşdirilməsi barədə müqavilə imzalanıb. İran dənizin 5 bərabər hissəyə bölünməsini təklif edir ki, əgər Bakı bu təklifi qəbul etsəydi, onda dənizdəki milli sektorumuzun 1/3 hissəsini Tehrana verməli olardıq. Və ən nəhayət, Türkmənistan milli-sektoral bölümlə bağlı ikitərəfli anlaşmaları imzalamadığından hələ də Azərbaycanın dənizdəki milli sektorunun bir hissəsinə, o cümlədən zəngin neft və qaz yataqlarına iddialıdır. E.Salahlı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar