SON XƏBƏRLƏR

Erməniyə qucaq açmaq türkə xəyanətdir

2021.10.20, 07:36
Erməniyə qucaq açmaq türkə xəyanətdir

Gunaz.tv
Ziyalılar Türkiyə-Ermənistan sərhədlərinin açılmasına kəskin etirazlarını bildirirlər "Görünür, AKP iqtidarı Türkiyənin deyil, öz dar partiya mənafeləri naminə ermənilərin üzündən öpməyə hazırlaşır" Türkiyə-Ermənistan münasibətlərinin doğmalaşdırılması, sərhədlərin açılması istiqamətində AKP iqtidarının göstərdiyi cəhdlər ölkə ziyalılarının da narazılığına səbəb olub. Təsadüfü deyil ki, Azərbaycan Yazıçılar Birliyi sərhədlərin açılması məsələsilə bağlı Türkiyə ictimaiyyətinə müraciət ünvanlayıb. Səlcuq Bəyanatın qəbulu Azərbaycan ziyalılarının mövqeyinin aşkar şəkildə ortaya qoyulması baxımından müsbət hesab olunur. Eyni zamanda türk ictimaiyyətinə ünvanlanmış müraciətin böyük rezonans doğuracağına da böyük ümidlər var. Söhbətləşdiyimiz yazıçı və şairlər də bu qənaətdədirlər ki, Azərbaycanın müxtəlif təbəqələrinin sərhədlərin açılmasına etirazı gərəklidir və bu etirazlar mütləq öz təsirini göstərəcək. Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu bildirir ki, indiki halda bütün Türk Dünyasının səfərbər olunmasına ehtiyac var: "Bildiyiniz kimi, Yazıçılar Birliyi sərhədlərin açılması məsələsinə etiraz olaraq bəyanat qəbul edib. Bəyanatda nəinki sərhədlərin açılmasına etiraz edilir, hətta bu məsələnin gündəmə gəlməsindən belə narazılıq ifadə olunur. Şəxsən mən bir ziyalı olaraq sərhədlərin açılmasının qəti əleyhinəyəm. Əgər Azərbaycanın 20 faiz torpağı hələ də işğal altındadırsa, haqq, ədalət bərpa olunmayıbsa, türklərin ermənilərlə hansı dostuluğundan, hansı sülhdən söhbət gedə bilər? Əgər sərhədlər açılsa, bu AKP iqtidarının satqınlığı olardı. Hər halda ziyalılar ümid edir ki, ortada hansısa bir anlaşılmazlıq var və həmin anlaşılmazlıq yaxın vaxtlarda aradan qaldırılacaq. Biz bir millət iki dövlətik. Bir millətin iki dövləti ola bilər, ancaq bir millətin parçalanmasına qəti şəkildə imkan vermək olmaz". Beynəlxalq Rəsul Rza mükafatçısı Rəfael Tağızadə isə bu məsələyə Azərbaycan ictimaiyyətinin birmənalı münasibət göstərməsini alqışlayır: "Bu məsələdə Azərbaycan vətəndaşlarının mövqeyi birmənalı olmalıdır. Ümumiyyətlə, hansısa problem yarananda birinci cəmiyyətin gözü yazarların, ziyalıların atacağı addımlara dikilir. Bu baxımdan hesab edirəm ki, yazarların, ziyalıların sərhədlərin açılması məsələsinə münasibət bildirməsi vacib idi. Sevindiricidir ki, ölkə ictimaiyyəti bu məsələdə yekdil mövqe nümayiş etdirdi. Müsbət nəticə verib-verməyəcəyindən asılı olmayaraq etirazlar bildirilməlidir. Türkiyənin Ermənistanla sərhədləri açması ölkəmizin maraqlarına daban-dabana ziddir. Türkiyə hakimiyyəti bu addımı atsa onların Azərbaycandakı və ümumiyyətlə, türk dünyasındakı nüfuzuna ciddi xələl gələcək". Şair Musa Yaqub düşünür ki, sərhədlərin açılması ilə bağlı söhbətlərin ortalığa çıxması ürəklərdə nisgil əmələ gətirib: "Türkiyə bizim elimiz, obamızdır. Mənim ömür boyu ağlıma gəlməzdi ki, Türkiyə nə vaxtsa belə bir hərəkət edəcək. Hələ sərhədlərin açılması bir yana dursun. Ərdoğanın, Abdulla Gülün ermənilərlə bu dərəcədə doğmalaşması çox ciddi narahatlıq doğurur. Onlar Azərbaycanın əleyhinə addım atmayacaqlarını dəfələrlə bəyanlayıblar, amma görünən budur ki, yavaş-yavaş, heç kimə hiss elətdirmədən ermənilərlə qardaşlaşmaq istiqamətində müəyyən addımlar atır, dedikləri sözlərdən geri durmaq istəyirlər. Artıq münasibətləri sərhədləri açmaq səviyyəsində də yaxşılaşdırıblar. Erməniyə qucaq açmaq türk millətinə xəyanətdir. Türkiyə ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini bildirir, bu tərəfdən isə münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atmasını başa düşmək çətindir. Yaxşı, türkçülüyü bir kənara qoyub, məsələyə beynəlxalq hüquqi tərəfdən baxaq. Əgər sən demokratik dövlətsənsə, işğalçı dövlətlə niyə münasibətlər qurursan? Əsgər Akayev deyirdi ki, dövlətin mənafeyi naminə düşmənimin üzündən də öpməyə hazıram. İndi görünür, AKP iqtidarı Türkiyənin deyil, öz dar siyasi, partiya mənafeləri naminə ermənilərin üzündən öpməyə hazırlaşır. Bu isə sadəcə olaraq biabırçılıqdır. Bu addımın Türkiyənin nüfuzuna zərbə vurmaq, türkləri ayaq altına salmaqdan başqa adı yoxdur. Bundan sonra isə ermənilər bir az da ayaq açacaq, "Türkiyəni ram elədik" deyəcəklər". Tanınmış şair Azərbaycan ictimaiyyətinin türklərə ünvanladığı müraciətlərin müsbət təsiri olub-olmayacağı məsələsinə də münasibət bildirdi: "Bu etirazlar mütləq olmalıdır. Mən buna müsbət yanaşıram. Ziyalıların topu yox, tüfəngi yox. Biz bu məsələ ilə bağlı fikir və etirazlarımızı bildiririk, ümid edirik ki, etirazların müsbət nəticəsi olacaq". Ziyalı Firuz Mustafa isə bir qədər fərqli fikirdədir: "Mən siyasətçi deyiləm və təbii ki, ciddi politoloji şərhlər verə bilmərəm. Amma ola bilsin ki, Türkiyə bizim bilmədiyimiz bir siyasət yürüdür. Bilirik ki, Ermənistan daim Rusiyanın təsir dairəsində olan dövlətdir. İndi ola bilər ki, Türkiyə diplomatik yollarla Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarıb, öz təsir dairəsinə salmaq istəyir. Ola bilsin ki, bu məsələlər Azərbaycanın mövqeyinə də zərbə vurmasın. Bilirsiniz, indiyədək belə məsələlərlə bağlı çox şərhlər və proqnozlar verilib. Amma görürsən ki, proqnozların heç biri düzgün çıxmayıb. Buna görə də hesab edirəm ki, gözləmək lazımdır".

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar