SON XƏBƏRLƏR

Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər

2026.10.24, 21:40
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər

Gunaz.tv

İranın dövlət mediası şənbə günü, Bu gün İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni-Ejeinin Müctəba Xamenei ilə görüşdüyünü xəbər verib. Bu məlumat, Məsud Pezeşkian və Məhəmmədbaqer Qalibafın daha əvvəl onunla görüşdükləri barədə açıqlamaları kimi, heç bir görüntü və ya səs yazısı olmadan yayılıb.

Tasnim xəbər agentliyinin iddiasına görə, görüşdə ədalətin genişləndirilməsi, ictimai hüquqların qorunması, korrupsiyaya qarşı mübarizə və məhkəmə işlərinə daha sürətli baxılması məsələləri vurğulanıb. Agentlik həmçinin vəzifələrini yerinə yetirməyən məsul şəxslərlə bağlı tədbirlərin görülməsinin, qanun pozuntularına şərait yaradan amillərlə mübarizənin və İran rəsmilərinin ABŞ və İsraillə əlaqələndirdiyi əməllər nəticəsində dəymiş maddi və mənəvi zərərlərin araşdırılmasının müzakirə edildiyini bildirib.

Lakin bu məlumatlar İranın yeni rəhbərinin ictimaiyyət qarşısında görünməməsi ilə bağlı suallara cavab vermir. Təxminən səkkiz ay keçməsinə baxmayaraq, Müctəba Xameneinin yeni görüntüsü və ya səs yazısı yayımlanmayıb. İranın daxili mediası isə onun adından yayıldığı bildirilən mesajları dərc etməklə kifayətlənir.

Hökumətin yüksək vəzifəli şəxsləri bir-birinin ardınca yeni rəhbərlə görüşdüklərini bildirsələr də, bu görüşlərin harada və hansı şəraitdə keçirildiyi barədə aydın məlumat verilmir. Möhsüni-Ejeinin görüşü ilə bağlı xəbərdə də hər hansı görüntü təqdim olunmayıb.

Mövcud vəziyyət İran hakimiyyətinin yüksək səviyyəli görüşlər barədə rəsmi açıqlamaları ilə ictimaiyyətin yoxlaya biləcəyi görüntü və səs materiallarının olmaması arasındakı fərqi bir daha gündəmə gətirir. Bu isə hakimiyyətin yeni rəhbər barədə məlumatları necə təqdim etməsi ilə bağlı sualları açıq saxlayır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar